Məhkəmə qərarları › İş №3(004)-5985/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5985/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5985/2024 30.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar (zərərçəkmiş şəxs) X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-1173/2014 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Həmin protokola əsasən X3 xeyrinə Şəxs 62000 ABŞ dolları pul vəsaiti ödəniş gününə valyutanın məzənnəsi ilə Azərbaycan manatı və 30 manat dövlət rüşumunun tutulması qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru İ.Allahverdiyev bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-1173/2014 saylı icra vərəqəsinə əsasən 62000 ABŞ dollar məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Şəxs tutularaq tələbkar X4 ödənilməlidir. Lakin Şəxs icra vərəqəsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Hazıradək borclu borcundan heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 bildirmişdir ki, artıq 10 ildir ki borclu icra vərəqəsi üzrə borcunu ödəməkdən yayınır və indiyədək heç bir ödəniş etməmişdir. Hazırda borclu tərəfindən ona 900 manat ödəniş edilmişdir və 2 gün sonra da 2100 manat ödəniş edəcəyinə, eləcə də 2025-ci ilin yanvar ayından etibarən hər ay 800 manat məbləğində ödəniş edəcəyinə dair söz vermişdir. Hazırda bu təkliflə razılaşdığını bildirərək qeyd etmişdir ki, gələcəkdə borclu tərəfindən vədinə əməl edilməyəcəyi təqdirdə yenidən məhkəməyə müraciət edəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, başı məhkəmə proseslərinə qarışdığından, eləcə də iki övladı ölkə xaricində təhsil aldığından, eyni zamanda dəfələrlə təklif etməsinə baxmayaraq tələbkar tərəfindən icra sənədinin hissəhissə icra edilməsinə razılıq verilmədiyi üçün indiyədək borcunu ödəyə bilməmişdir. Hazırda tələbkara 900 manat ödəniş etmişdir və xx.xx.2024-cü il tarixində maaş alan kimi 2100 manat da ödəniş edəcəkdir. Eyni zamanda 2025-ci ilin yanvar ayından etibarən hər ay 800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-1173/2014 saylı icra vərəqəsindən görünür ki, 62000 ABŞ dollar məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Şəxs tutularaq tələbkar X4 ödənilməsi qət edilimişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Pərviz Əliyev tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmış və bununla bağlı borcluya bildiriş təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, hazırda tələbkara 900 manat ödəniş etmişdir və xx.xx.2024-cü il tarixində 2100 manat da ödəniş edəcəyinə dair söz verir. Eyni zamanda 2025-ci ilin yanvar ayından etibarən hər ay 800 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən tələbkar X4 qismən ödəniş edildiyindən, eləcə də xx.xx.2024-cü il tarixində 2100 manat və gələn ilin yanvarından etibarən isə hə ay 800 manat olmaqla mütəmadi ödənişlər edəcəyinə dair məhkəməyə yazılı ərizə verdiyindən, eyni zamanda tələbkar tərəfindən buna etiraz edilmədiyindən yəni icra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar