Məhkəmə qərarları › İş №3(004)-5996/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5996/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5996/2024 15.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, 01 may 1968-ci il tarixdə Türkiyə Respublikasının, Kayseri şəhərində doğulmuş, Türkiyə Respublikası, Mersin şəhəri, Akdeniz rayonu, Siteler mahellesi, ev 58 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 480-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi İstintaq idarəsinin 2-ci şöbəsində Türkiyə Respublikasının vətəndaşı Şəxs barəsində araşdırması aparılmış 3-33/1-043264/2024 nömrəli material üzrə 30 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-043264/2024 nömrəli material üzrə 30 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin avqust ayında “Aktaş” adlı gömrük-sərhəd buraxılış məntəqəsində yerləşən “Duty Free” adlı mağazadan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 1260 manat dəyərində 180 qutu “Parliament super slims” markalı siqareti malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Renault” markalı 33AUG959/33CTM52 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasında soyuducunun içərisində və qoşqunun yan tərəfində yerləşən yeşiyin içərisində gizlətməklə 13 avqust 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/1440-9/7105 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş aksiz markası olmayan, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan 180 qutu “Parliament super slims” markalı tütün məmulatının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və həmin tütün məmulatlarının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri 1260 manat müəyyən edilir. Həmçinin sözügedən ekspert rəyindən görünür ki, 11 qutu “Parliament super slims” markalı tütün məmulatı ekspertiza tədqiqatına sərf olunmuşdur. İş üzrə materiallarda olan 30 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 169 qutu “Parliament super slims” markalı tütün məmulatı araşdırma müddətində saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanca təhvil verilmişdir. Beləliklə iş üzrə materiallardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs ümumilikdə 1260 manat dəyərində 180 qutu “Parliament super slims” markalı siqareti Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Bu hərəkəti ilə Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən 3-33-2000/2-002929/2024 nömrəli 07 oktyabr 2024-cü il tarixli məktubla daxil olmuş material, 13 avqust 2024-cü il tarixli “gömrük yoxlaması haqqında” protokol, işdə olan Türkiyə Respublikasının vətəndaşı Şəxs izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/1440- 9/7105 nömrəli ekspert rəyi, 30 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və işdə olan digər sənədlərlə təsdiq edilir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı Tosun Şuayip barəsində toplanmış 3-33/1-043264/2024 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, protokolda qeyd edilən inzibati xətanı törətməyini etiraf edərək, bildirmişdir ki, həmin siqaretləri tanışları üçün gətirmişdir. İXM-in 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 480-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 1260.00 (bir min iki yüz altmış) manat məbləğində vəsaitin 40 (qırx) faizi həddində, yəni 504.00 (beş yüz dörd) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar