Məhkəmə qərarları › İş №3(004)-6/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Bakı şəhər Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Hyundai Sonata markalı 10TS110 dövlət qeydiyyat nişanlı maşınla dərman apardığı üçün qəza işıqlarını yandırıb Z.Bünyadov prospektində hərəkət etmiş və heç bir qayda pozuntusuna yol verməmiş, lakin Qələbə dairəsini Mətbuat prospektinə doğru hərəkətə başladığı zaman əks yolla sayrışan işıqlarını yandırıb onun dalınca dönən patrul maşını tərəfindən saxlanılmışdır. İspektorun göstərişinə əsasən patrul maşınına əyləşmiş, efirə qulaq asmış, yalandan onun maşının avtoxuliqanlıq etdiyini, yüksək surətlə hərəkətdə olduğunu, maşının avtoduracağa təmin olunmasını bildirilməsini eşitmiş, bundan sonra ispektor onun balının 17 olmasını görmüş, ona nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunacağını bildirmiş, ondan sürücülük vəsiqəsini almış və ona növbəti gün yol polis idarəsinin 11-ci otağına yaxınlaşmasını demişdir. Növbəti gün günün ikinci yarısı idarəyə yaxınlaşanda isə ona artıq gec olduğunu, qırmızı işıqda keçdiyinə görə barəsində inzibati xətanın qeydə alındığını bildirmişdirlər. Onlardan pozduğu xətanın video görüntülərinin göstərilməsini tələb etmiş, ona təqdim olunan video görüntüyə baxış keçirilmiş lakin həmin videoda onun işıqforun qırmızı işığından keçməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Yasamal RPİ-nin Yol patrul xidmətinin əməkdaşı, polis baş serjantı X3 bildirmişdir ki, 01.12.2021-ci il tarixdə xidmət aparkən “Hyundai Sonata” markalı 10TS110 dövlət qeydiyyat nişanlı avtomaşının yol hərəkəti qaydalarına riayyət etmədiyini, konkret olaraq Qələbə dairəsinin yaxınlığında olan işıqforun qadağanedici qırmızı işığının yanmasına baxmayaraq qeyd edilən avtomobilin həmin işığa məhəl qoymayaraq yolu keçdiyini vizual olaraq gördüyünü və bundan sonra həmin avtomobili bir qədər aralıda saxladaraq müvafiq sənədləşmə işlərini həyata keçirmişdir. Eyni zamanda bildirmişdir ki, qeyd etdikləri ilə bağlı xidmət apardıqları yol patrul avtomobilində quraşdırılmış video qeydiyyat qurğusu vasitəsilə həyata keçirilmiş çəkilişi (CD diski) məhkəməyə təqdim edir və ona baxılmasını məhkəmədən xahiş edir. Belə ki, hadisənin görüntülərini əks etdirən video diskdə Hyundai Sonata markalı 10TS110 dövlət qeydiyyat nişanlı avtomobilin svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi açıq aydın görünür. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 01.12.2021ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan görünür ki, X2 01.12.2021-ci il tarixdə, saat 23:41-də Salamzadə küşəsi (Qələbə dairəsində) “Hyundai Sonata” minik Az 10TS110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-cı maddələrində nəzərədə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2 “Hyundai Sonata” markalı Az 10TS110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yuxarıda qeyd edilən yol hərəkəti qaydalarının tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, X2 idarə etdiyi avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi orada xidmət aparan yol patrul xidmətinin əməkdaşı R.Cəfərovun ifadəsi ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya yə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-cı maddəsinə əsasən, həmin Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və onun həmin inzibati xətaları törətməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, AP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli, AP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar