Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24640082 nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində saat 11:08-də idarə etdiyi Mercedes-BENZ Axor YÜK markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yanacaqla dolu nəqliyyat vasitəsi ilə Qaradağ rayonu Səngəçal qəsəbəsi Ələt istiqamətində hərəkət edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən avtomatik rejimdə EQ 24640082 nömrəli qərar qəbul edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən avtomatik rejimdə EQ 24640082 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron Qərar ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubliikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Maddənin tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada məlumat verilməli olduğu halda səlahiyyətli orqan vəzifəli şəxs bunu etməmişdir. Azərbaycan Respubliikası İnzibati Xətalar Məcəlləsinin 125.8-ci maddəsinə əsasən inzibati haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Maddənin tələbindən göründüyü kimi elektron qərar elektron kabinetə yerləşdirilmədiyi halda digər prosessual tədbirlər görülə bilməz. Azərbaycan Respubliikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, ehtimal olunan xəta xx.xx.2024-cü il tarixində qeydə alınsa da qərar 16 noyabr 2024-cü il tarixində qəbul edilmişdir. Eyni zamanda bildirir ki, maddələrin tələbindən göründüyü kimi belə xətalar xüsusi texniki vasitə ilə aşkar edilir və rəsmiləşdirilir, lakin hazırki ehtimal olunan xəta olmamış və onun aşkar edilməsində qanun pozuntusu ilə həyata keçirilmişdir. Maddənin tələbindən aydın olur ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr hesab edilir. Qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24640082 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarda isə bunlar qeyd edilməmişdir. Beləliklə də hesab edir ki, sadalanan qanunun normalarına əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən avtomatik rejimdə qəbul edilmiş EQ 24640082 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar ləğv edilməli barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən avtomatik rejimdə EQ 24640082 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsindən çıxarışda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli EQ 24640082 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə edilmişdir. Beləliklə müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərar elektron qərardır (qərarın başlığında da bu qeyd edilmişdir), həmin qərar da göstərilən hadisə xx.xx.2024-cü il tarixdə törədilmişdir. Lakin həmin hadisəyə görə elektron qərar, hadisə törədildikdən 8 gün sonra qəbul edilmiş və elektron kabinetə yerləşdirilmişdir. Halbuki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin 53.1.11-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24640082 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-6/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver