Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6011/2025 05.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon Polis İdarəsinin 26cı polis bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə avtomaşınların şüşələrinin sındırılaraq törədilən oğurluq cinayətlərinin qarşısının alınması məqsədilə polis əməkdaşları ünvan 2 ünvanı qarşısında olan zaman bir nəfər şəxsin binanın blokundan çıxaraq özünü şübhəli aparmaqla avtomaşınlara yaxınlaşmasını və maşınların içərisinə baxdığını görmüşdürlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan ad soyadı soruşulmaqla hansı məqsədlə avtomaşınlara yaxınlaşması barədə sual verilmişlər və özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim etməkdən imtina edərək üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmamasını bildirmişdir. Belə olan halda həmin şəxsə onlarla polis bölməsinə getməli olduğu bildirilmişdir. Bu zaman Şəxs ucadan nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini cəlb etməklə polis əməkdaşlarının ünvanına nalayiq küçə ifadələri işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışsada Şəxs onların tələblərinə məhəl qoymayaraq fikri yayındırmaqla qaçmağa cəhd göstərmişdir. Həmin şəxsin qaçmaq cəhdinin qarşısı əməkdaşlar tərəfindən alınaraq fiziki qüvvə tədbiq edilməklə avtomaşına əyləşdirmişdirlər. Polis bölməsinə gəldikləri zaman yol boyu polis əməkdaşlarını təhqir etməklə onları DİO-dan xaric etdirəcəyi ilə hədələmişdir. Sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 2 ünvanından çıxaraq iti addımlarla, kənardan dayanan avtomobillərin içərisinə baxaraq ərzaq mağazasına gedən zaman bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ona əl uzadaraq onun şəxsiyyəti barədə məlumatları soruşmuş, o isə həmin şəxsə kobud şəkildə cavab verərək bildirmişdir ki, o hazırda yaşadığı binanın həyətindədir və binanın mühafizəsi səhv edərək onu həyətə buraxıb. Bundan ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır, lakin bundan əvvəl aralarında mübahisə yarandığı üçün o xoşa gəlməz sözlər işlətməkdə davam etmişdir. Bundan sonra onun üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onu polis bölməsinə dəvət etmişlər. O isə getmək istəmədiyini bildirmişdir. O, polis əməkdaşının tələbini əsassız hesab etdiyindən tabe olmamış və polis əməkdaşları ilə mübahisə edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül növ inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq hazırda tək yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə digər polis əməkdaşı ilə birlikdə inzibati ərazidə avtomaşınların şüşələrinin sındırılaraq törədilən oğurluq cinayətlərinin qarşısının alınması məqsədilə Yasamal rayonu, Ə.Vahabzadə küçəsi ev 3 ünvanı qarşısında olarkən bir nəfər şəxsin blokdan çıxaraq özünü şübhəli aparmaqla avtomaşınlara yaxınlaşmasını və maşınların içərisinə baxdığını görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan ad soyadı soruşulmaqla hansı məqsədlə avtomaşınlara yaxınlaşmasını sual vermişdirlər. Həmin şəxs özünü təqdim etməkdən imtina edərək üzərində şəxsiyyətini təsdiq edən sənədənin olmamasını bildirdirmişdir. Belə olan halda həmin şəxsə onlarla polis bölməsinə getməli olduğunu bildirmişdirlər. Bu zaman sonuncu ucadan nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini cəlb etməklə onların ünvanına nalayiq küçə ifadələri işlətməyə başladı. Onlar həmin şəxsi sakitləşdirməyə çalışsaqda sonuncu tələblərinə məhəl qoymayaraq fikri yayındırmaqla qaçmağa cəhd göstərmişdir. Lakin həmin şəxsin qaçmaq cəhdinin qarşısı onlar tərəfindən alınaraq fiziki qüvvə tədbiq edilməklə sonuncunu avtomaşına əyləşdirmişdirlər. Polis bölməsinə gəldikləri zaman yol boyu onları təhqir etməklə onları DİO-dan xaric etdirəcəyi ilə hədələdi. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsi kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili X4 eyni məzmunlu ifadə verərək digər şahid X3 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında ictimai asayişi pozaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt raport ilə təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin polis əməkdaşları tərəfindən həmin bölmənin rəhbərliyinə ünvanlanmış 04 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə baş verən avtomaşınların şüşələrinin sındırılaraq törədilən oğurluq cinayətlərinin qarşısının alınması məqsədilə polis əməkdaşları ünvan 2 ünvanı qarşısında olarkən bir nəfər şəxsin blokdan çıxaraq özünü şübhəli aparmaqla avtomaşınlara yaxınlaşmasını və maşınların içərisinə baxdığını görmüşdürlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan ad soyadı soruşulmaqla hansı məqsədlə avtomaşınlara yaxınlaşmasını sual verilmişdir. Həmin şəxs özünü təqdim etməkdən imtina edərək üzərində şəxsiyyətini təsdiq edən sənədənin olmamasını bildirdi. Belə olan halda həmin şəxsə onlarla polis bölməsinə getməli olduğu bildirilmişdir. Bu zaman sonuncu ucadan nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini cəlb etməklə polis əməkdaşlarının ünvanına nalayiq küçə ifadələri işlətməyə başladı. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışsa da sonuncu tələblərinə məhəl qoymayaraq fikri yayındırmaqla qaçmağa cəhd göstərdi. Həmin şəxsin qaçmaq cəhdinin qarşısı əməkdaşlar tərəfindən alınaraq fiziki qüvvə tədbiq edilməklə sonuncunu avtomaşına əyləşdirmişdirlər. Polis bölməsinə gəldikləri zaman yol boyu polis əməkdaşlarını təhqir etməklə onları DİO-dan xaric etdirəcəyi ilə hədələmişdir. 04 sentyabr 2025-ci il tarixli, AZA seriyalı 024969 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 15:50-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Həmçinin, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, yəni İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Bundan əlavə Şəxs səs-küy salaraq nalayiq ifadələr işlətməsi halı onun İXM-nin 510-cu maddəsinin tələblərini pozmasını təsdiq edir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs xx.xx.2025-ci il tarixdə avtomaşınların şüşələrinin sındırılaraq törədilən oğurluq cinayətlərinin baş verdiyi ünvan 2 ünvanında özünü şübhəli apardığından həmin zaman inzibati ərazidə xidmət aparan polis əməkdaşları sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və sözügedən ərazidə baş vermiş cinayət hadisəsi ilə bağlı sonuncunu məlumatlandıraraq ondan özünü təqdim etməsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişdirlər. Lakin Şəxs özünü təqdim etməkdən imtina edərək şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları sonuncunun şəxsiyyətini müəyyən etmək məqsədilə onu polis bölməsinə dəvət etmiş, lakin şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Bu da məhkəmə tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, sonuncunun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələrindən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni polis əməkdaşları ilə mübahisə edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməlini qismən etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 04 sentyabr 2025-ci il tarixdən saat 15:50-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 04 sentyabr 2025-ci il tarixdən, saat 15:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6011/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6011/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver