Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6012/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla əlaqədar Qərb ərazi Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, EP0121697 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********9335 saylı gömrük bəyannaməsi üzrə invoys dəyəri müvafiq olaraq 11140.00 ABŞ doları olan “palit nişanlı video kartlar” adlı yüklər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs MMC tərəfindən isə ixrac edilən vəsaitlər müvəkkil bankdakı hesabına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 etiraz edərək bildirmişdir ki, **********9335 saylı gömrük bəyannaməsi üzrə yüklər xx.xx.2022-ci il tarixdə Gürcüstana ixrac edilmişdir. Lakin malların invoys dəyərini təşkil edən məbləğ isə malların ixrac edilməsindən öncə, yəni xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmüşdür. Qeyd olunan faktları sübut edən sənədləri məhkəmə iclasında təqdim edərək, inzibati xəta haqqında başlanılmış məhkəmə işinə xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ABO-161022-011 nömrəli qaimədən görünür ki, ABO-İTD-1 nömrəli müqaviləyə əsasən invoys dəyəri müvafiq olaraq 11140.00 ABŞ doları olan “palit nişanlı video kartlar” adlı yüklər xx.xx.2022-ci il tarixində Gürcüstana göndərilmişdir. İş materiallarında olan Şəxs MMC şirkətinin ixrac əməliyyatları haqqında xx.xx.2022dən xx.xx.2022-dək xx.xx.2023-cü il tarixli ********** saylı hesabatından çıxarışdan görünür ki, 11140.00 ABŞ dolları xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmüşdür. İş materiallarında olan “AccessBank”-ın xx.xx.2023-cü il tarixli hesabatdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə “İT-distribution” LLC tərəfindən Şəxs MMC şirkətinin hesabına köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmədə verdiyi izahatı və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarından da göründüyü kimi, Şəxs MMC tərəfindən **********9335 saylı gömrük bəyannaməsi üzrə yüklər xx.xx.2022-ci il tarixdə Gürcüstana ixrac edilsə də malların invoys dəyərini təşkil edən məbləğ isə ixracdan öncə, yəni, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmüşdür. Məhkəmə hesab edir ki, hər bir halda Şəxs MMC tərəfindən öncədən olsa belə ixrac olunan malların invoys dəyərini təşkil edən məbləğdə pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi hüquqi şəxsi inzibati xəta haqqında məsuliyyətdən azad edir və eyni zamanda qeyd edilən hal inzibati xəta tərkibi yaratmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6012/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6012/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver