Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-606/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020 ci il tarixində Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində "Stop" nişanının qarşısında qaydalarla dayanmışdır. Baş yoldan hərəkət edən bir neçə maşını buraxıb hərəkətə davam etmişdir. Bu zaman solda dayanan YPX inspektorunun saxla əmrinə tabe olub maşını saxlayıb və ona qəza şəraiti yaratdığına görə İXM-nin 327.2-ci maddəsini rəhbər tutaraq qərarsız protokol tərtib etdi. Daha sonra avtomobilinin texniki pasportunu yeniləmək üçün “Meyvəli” deyilən ərazidə yerləşən DYP orqanına yaxınlaşaraq sənədlərini təqdim etmişdir. Lakin burada ona “Forma 2” verə bilməyəcəklərini bildirdilər. Səbəb kimi isə ona yazılmış qərarsız cəriməni ödəyib ondan sonra ala biləcəyini onu yola salmışlar. Bu qanunsuz davranışdır, qanunda qərarsız protokolu ödəmədən “Forma 2”nin verilməməsi ilə bağlı hər hansı tələb nəzərdə tutulmamışdır. Qeyd etmək istəyir ki, o, əvvəla qayda pozmamışdır. İXM-nin 327.2-ci maddəni o zaman rəhbər tutmaq olar ki: Stop nişanın tələblərini pozaraq maşını saxlamadan hərəkət etmək; Baş yolda hərəkət edən maşın əyləc sistemindən istifadə etdikdə ( bu zaman arxa stop işıqları yanarsa və bunu kamera görüntüləri ilə isbat etmiş olarlarsa); Baş yolda hərəkət edən maşın sürət həddini dəyişərsə; Baş yolda hərəkət edən maşın qəza şəraitindən yayınmaq üçün istiqamətini dəyişərsə. Bundan başqa həndəsi olaraq perpendikulyar kəsişmə olan yolun kəsişdiyi nöqtədə yaşayış binası varsa, stop nişanı bu kəsişmədən arxada yerləşir və nəzərə alsaq ki, sürücü daha 1 metr arxada olur bu zaman qarşı zonada baş yolda hərəkət edən maşınları görmək üçün təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün güzgü quraşdırılmalıydı. Lakin bunu belə nəzərə almayıblar. xx.xx.2020-ci il tarixində yazılmış protokoldan dərhal “asanpay” portalı üzərindən şikayət etməyinə baxmayaraq qanunsuz olaraq xx.xx.2020-ci il tarixində qərarsız protokol qərarlı edilib və ona mesaj formasında göndərilib. Qanun buna yola vermir, bu fəaliyyət qanunsuzdur. Qanunda protokoldan şikayət varsa 30 gün müddətindən gec olmayaraq cavablandırılmalı və sürücü narazı qalarsa məhkəməyə müraciət ünvanlaya bilər qeyd olunub. Lakin DYP rəisi olan Rəşid Piriyev cənablarının imzalı məktubu onun elektron poçt ünvanına xx.xx.2021-ci il tarixində göndərilib. Qərar verilən tarix - xx.xx.2020-ci il, Rəşid Piriyev cənablarının cavab məktubunu imzaladığı tarix xx.xx.2021-ci il. Yəni 62-ci gün rəis ona cavab məktubunu imzalayıb və məktub elektron poçt ünvanına 71-ci gün göndərilib. Bütün bu fəaliyyətlər qanunsuzdur və qanunu heçə saymaqdır. Vətəndaşı aşağılamaqdı. Bunun adı – “Qanun mənəm nəyi nə zaman istəyirəm o vaxtı edirəm deməkdir”. Bundan başqa məktubda qeyd edib ki, ilkin eyni məzmunlu müraciətinizə Bakı Şəhər BPİ DYPİ də araşdırılaraq nəticəsi barədə Sizə xx.xx.2021-ci il tarixli, 046-111280S-4221 nömrəli məktubla cavab verilmişdir. Bu yalandır. Birincisi ona görə ki ona nə poçt vasitəsi ilə nə də elektron poçt ünvanıma belə bir məktub gəlməyib. Rəis olan adam xx.xx.2021-ci il tarixində məktub göndərilib yazılan sənədi imzalayır amma anlamır ki, cavab verilmək üçün maksimum 30 gün bu tarixi keçir. Heç bir bəhanə keçərli deyil. Çünki cərimə yazıldığı saniyədən hesablandığı kimi müraciətə cavab verməkdə şikayət yazıldığı gündən hesablanır. Bu DYP nin ilk və sonuncu qanun pozuntuzu deyil. Göstərilənlərə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.R.Səmədzadə ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokolun surətindən görünür ki, A.R.Səmədzadə idarə etdiyi «Toyota Camry minik» markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18:22 radələrində Bakı şəhəri, Nizami küçəsində yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, A.R.Səmədzadə idarə etdiyi «Toyota Camry minik» markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18:22 radələrində Bakı şəhəri, Nizami küçəsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Ona görə də, A.R.Səmədzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə YPXnin inspektoru tərəfindən A.R.Səmədzadənin barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. A.R.Səmədzadə həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Bakı şəhər BPİnin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə A.R.Səmədzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, A.R.Səmədzadənin barəsində Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.R.Səmədzadəyə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Eyni zamanda, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərkən və həmin protokol əsasında xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, A.R.Səmədzadənin şikayəti “dəymiş maddi və mənəvi ziyanın tutulması” hissəsində baxılmamış saxlanılmaldır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Lakin indiki halda iş üzrə mübahisə mövcuddur və hazırkı qərar qanuni qüvvəyə mindikdən sonra dəymiş maddi zərərin ödənilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Şikayət dəymiş maddi və mənəvi zərərin tutulması hissəsində baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-606/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-606/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver