Məhkəmə qərarları › İş №3(004)-6074/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6074/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6074/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi Məmmədzadə Tural Knyaz oğlunun, şikayətçi Ocaqverdiyev İlqar Elmar oğlunun nümayəndəsi Bağırov Amid Vahab oğlunun iştirakları ilə, Şikayətçi Ocaqverdiyev İlqar Elmar oğlunun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Ocaqverdiyev İlqar Elmar oğlu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, “Tüstü Pub” ictimai iaşə müəssisəsi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P,m.O. ünvanında fiziki şəxs və sahibkar kimi onun nəzarətində fəaliyyət göstərir. Fəaliyyət müddəti ərzində dövlət tərəfindən müəyyən olunmuş vergiləri və kommunal xərcləri problemsiz qaydada ödəmişəm, həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qida məhsullarının satışını həyata keçirmiş. “Tüstü Pub” ictimai iaşə müəssisəsinin (kafe) fəaliyyəti aidiyyəti səlahiyyətli orqanlar tərəfindən yoxlanılmışdır. 02 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən alınmış Çıxarışına və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P,m.O. ünvanında fiziki şəxs Ocaqverdiyev İlqar Elmar oğlunun nəzarətində fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilmiş və bir gün sonra, xx.xx.2023-cü il tarixdə inzibat xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə protokol ünvana göndərilmişdir. Agentlik inzibati xətanın törədilməsini belə təsvir etmişdir ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş müraciət əsasında ilkin araşdırma zamanı saxtalaşdırılmış əlaməti olan spirtli içkilər aşkarlanmışdır, sözügedən içkilər yığışdırılaraq gizlədilmişdir. 15 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə gəlməyim barədə 06.11 2023-cü il tarixli Bildiriş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P,m.O. ünvanına göndərilmişdir. Regional Bölmə mübahisəyə belə nəticə vermişdir ki, plandankənar şəkildə aparılmış yoxlama zamanı 79 ədəd olmaqla müxtəlif adda və həcmdə olan alkoqollu içkilər aşakarlanmışdır..Belə ki, yoxlama zamanı alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi əməkdaşlarımız tərəfindən müşahidə edilmişdir.Həmçinin sözügedən içkilərə dair müşaiyət edici sənədlər yoxlamaya təqdim edilməmişdir.Polisin müdaxiləsi ilə birgə baxış nəticəsində sözügedən məhsulların yoxlama üçün zəruri dəlil olması heçə sayılaraq həmin spirtli işkilərin müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilməsi faktı üzə çıxmışdır. DİN-nin əməkdaşları tərəfindən bu fakt müşahidə olunaraq təsdiq edilmişdir. Yoxlama zamanı aşkarlanmış spirtli içkilərin ictimai iaşə müəsisəsinin səlahiyyətliləri tərəfindən gizlədilməsi halları müəyyən edildikdən sonra, regional bölmənin əməkdaşları oradan uzaqlaşdırılmışdır”. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin Bakı Regional bölməsi (vəzifəli şəxsi) “Tüstü Pub” ictimai iaşə müəssisəsinin vəzifəli şəxsi kimi barəsində 15 noyabr 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31 və 447.0.6cı maddələrinə istinad edərək 2000 (iki min ) manat məbləğində cərimələmişdir. “İnzibati tənbeh vermə haqqında" qərarın surəti Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən EMS Azerexspresspost vasitəsilə xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərilən ünvanda ona təqdim edilmişdir. Qəbul edilmiş qərardan məlum olur ki, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində (İXM-nin 57-ci maddəsi) aidiyyəti üzrə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 129.1.3-cü maddəsinin tələbləri əsasında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayəti məhkəməyə ünvanlayır. Hesab edi ki, səlahiyyətli orqanın apardığı araşdırma və araşdırma zamanı guya ki, müəyyən edilmiş spirtli içkilərin, nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanından gizlədilməsi halları inzibati xətanın törədilməsi ilə əlaqədar toplanmış materiallarla təsdiqi tapmadığından,müəssisənin vəzifəli şəxsi kimi onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi əsassızdır. səlahiyyətli orqanın qəbul etdiyi qərarda göstərilmişdir ki, Hesab edir ki, səlahiyyətli orqanın “məhsullar müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilmişdir, əməkdaşlarımız müəssisədən uzaqlaşdırılmışdır” kimi irəli sürdüyü arqumentlərin əsası yoxdur. Belə bir hal müşahidə olunmamışdır. Əksinə, Regional İdarənin əməkdaşları yoxlama apardıqları zaman, məhsulların saxlandığı şəraiti, qablaşdırmanı və s. nəzərdə tutulan halların çəkilişini aparmışdır. Əşyaların və sənədlərin götürülməsi, müvafiq protokolun tərtib edilməsi, vəzifəli şəxs kimi ona təqdim edilməsi, inzibati xətanın mahiyyəti barədə məlumat verməsi qanunauyğun şəkildə həyata keçirilməmişdir. Reginun əməkdaşları tərəfindən İXM-nin 94-95-ci maddələrinin tələbləri də pozulmuşdur. Digər baxımdan, əgər güman edilən fakt təsdiq olunsaydı belə, məhsulların keyfiyyət və yararlığını müəyyən etmək üçün həmin maddi sübutları ekspertizaya təqdim etməli və ekspert rəyi veriləndən sonra barəsində müvafiq tənbeh tədbiri qəbul etməli idi. AR inzibati Xətalar Məcəlləsinin 82.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilir. Həmin məhsulların yararlığının və keyfiyyətinin müəyyən edilməməsi İXM-nin 135.1.3- cü maddəsinin tələblərinin pozulması hesab edilir (səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi). İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Səlahiyyətli orqan barəsində tətbiq etdiyi İXM-nin 447-ci maddəsi istehlakçıların hüquqlarının pozulmasına aiddir. İXM-nin 447.0.6-cı maddəsinə əsasən nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanından gizlədilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, (səlahiyyətli orqanlar: AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AR İqtisadiyyat Nazirliyi). Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi Bağırov Amid Vahab oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi Məmmədzadə Tural Knyaz oğlu şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən Ocaqverdiyev İlqar Elmar oğlu İXM-in 447.0.6-cı maddəsi ilə təqsirli bilinmiş və 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P,m.O. ünvanında fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində 02 noyabr 2023-cü il tarixdə keçirilmiş plandankənar yoxlama zamanı saxtalaşdırılma əlaməti olan spirtli içkilər aşkarlanmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə akt və xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi Ocaqverdiyev İlqar Elmar oğlunun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar