Məhkəmə qərarları › İş №3(004)-6153/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6153/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6153/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlunun xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Yusif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 noyabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 26-cı polis bölməsinin 05 noyabr 2024-cü il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yusif oğlu 28 okgtyabr 2024-cü il tarixdə saat 20:50 radələrində Yasamal rayonu, Mətbuat prospektində səkinin üzərindən Sabiq Hümbətova məxsus mobil telefonu oğurlamışdır. Nəticədə Şəxs Yusif oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə və Yasamal RPİnin 26-cı PB-nə müraciət edərək, həmin tarixdə dostunun avtomobilinin benzini bitdiyi üçün onun yanına Yasamal rayonu, Mətbuat prospektinə gedib benzin verdiyini, avtomobilləri işə salmağa çalışarkən özünə məxsus “Samsung S21 FE” markalı, üzərində ***-***-**-** vǝ ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonunu səkinin üzərinə qoyduğunu, daha sonra avtomobilləri işə salıb oradan təxminən 500 metr uzaqlaşdıqdan sonra telefonunun səkinin üzərində qaldığını xatırladığını, geri qayıtdıqda isə telefonun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Həmçinin hadisəni törətmiş şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Təhqiqat araşdırılması müddətində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs olaraq Şəxs Yusif oğlu müəyyən edilmişdir. Yekun olaraq məhkəmədən Şəxs Yusif oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Yusif oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, Yasamal rayonu, Mətbuat prospekti ilə piyada hərəkət edən zaman bir avtomobilin xarab olduğunu və avtomobilin şəxsinin orada olduğunu görmüşdür. Bundan sonra həmin şəxsə məxsus mobil telefonun səkinin üzərində olduğunu görmüşdür. Bunu gördükdən sonra telefonun sahibinin hiss etmədiyi bir şəraitdə həmin telefonu oğurlayıb 100 manata satmışdır. Əldə etdiyi vəsaiti şəxsi ehtiyacları üçün istifadə etmişdir. Etdiyi əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri həmçinin bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Natiq Abdullayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, naməlum şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Mətbuat prospektində vətəndaş X3 barışının qarışıq olmasından istifadə edərək, səkinin üzərinə qoyulan, vətəndaşa məxsus 400-450 manat dəyərində olan “Samsung S21 FE” markalı mobil telefonu gizli yolla talayaraq oğurlamışdır. Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin qeyd hissəsinə görə Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1 maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı lakin 5000 manatdan artıq olmayan məbləğdə maddi ziyan vurduğu hallarda yaranır. Toplanmış materialda qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan oğurluq, yəni Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Göstərilənlər nəzərə alınaraq əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməlidir. İnzibati qaydada tutma haqqında 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Yusif oğlu həmin tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Yusif oğlu əvvəllər bir dəfə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Bundan başqa bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Yusif oğlunun özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlunun etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Yusif oğlunun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Yusif oğlunun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Yusif oğlu İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Yusif oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs Yusif oğlunun inzibati qaydada tutulduğu vaxtdan yəni, 05 noyabr 2024-cü il tarixdən saat 21:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Yusif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 05 noyabr 2024-cü il tarixdən saat 21:30-dan hesablansın. Şəxs Yusif oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar