Məhkəmə qərarları › İş №3(004)-619/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-619/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-619/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayonu Yol Patrul Xidmətinin nümayəndəsi X4, X1 və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Laçın rayonu Yol Patrul Xidmətinin (YPX) 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək barəsində Laçın rayonu YPX-i tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 rayonu Yol Patrul Xidmətinin 13 dekabr 2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıdakı göstərilənlərə əsasən, həmin qərar qanuni əsası olmadığından ləğv edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Qeyd: 7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol-nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. 7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. X6 İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin İşğaldan azad edilmiş ərazilər üzrə Nazirliyin işçi qrupunun rəhbəri kimi ona həvalə edilmiş tapşırıqların icrası ilə bağlı idarə etdiyi “LADA 21214” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə 2021-ci il dekabrın 7-də Laçın rayonu ərazisinə daxil olmuş, Sülhməramlı hərbçilərin müşayiəti ilə Laçın dəhlizindən keçdikdən sonra Laçın rayonunun Pircahan kəndinə gedən yolda soyuq və qarlı hava şəraiti ilə əlaqədar yol buzlu və sürüşkən olduğundan idarəetməni itirdiyindən idarə etdiyi avtomobil aşmışdır. Hadisədən sonra yol-nəqliyyat hadisəsi ərazisindən hərbçilərin köməyi ilə avtomobili çıxarmışlar. X18 sığorta şirkəti və polislə əlaqə saxlamağa cəhd göstərmiş, lakin həmin ərazidə mobil şəbəkə zəif olduğundan sığorta şirkəti və polislə əlaqə saxlaya bilmədiyindən, yaxınlıqda olan hərbi hissəyə getmişdir. Sabahısı gün, yəni 2021-ci il dekabrın 8-də saat 10:30-da Paşa Sığortaya, sonra isə “102” xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Daha sonra "xxxx" ASC-nin əməkdaşı onunla əlaqə saxlayıb avtomobilin şəkillərini istəmiş, o da şəkilləri "xxxx" ASC-nin əməkdaşına göndərmişdir. Sonradan “102” xidməti onu X19 yönləndirmiş, o hadisəni Laçın rayonu Yol Patrul Xidmətinin əməkdaşına izah edib avtomobilin və hadisə yerinin şəkillərini göndərmişdir. 2021-ci il dekabrın 9-da idarə etdiyi “LADA 21214” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili “ATEKO” markalı ** NH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yerləşdirilərək Bakıya gətirilmişdir. Həmin müddətdə, yəni Bakıya gələrkən yolda keçdikləri 5 postda yol polisləri avtomobili qeydiyyata alıblar ki “həqiqətən həmin avtomobillə yol-nəqliyyat hadisəsi törənib və yük avtomobili ilə Bakıya qayıdır”. Laçın rayonu ərazisində heç bir dövlət orqanı fəaliyyət göstərmir. Onun polisə yol-nəqliyyat hadisəsi ilə bağlı göndərdiyi şəkillər və verdiyi məlumat əsasında əsassız olaraq Laçın rayonu Yol Patrul Xidmətinin 13 dekabr 2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bakıya gəldikdən sonra, o avtomobili təmir etdirmiş və 4000 (dörd min) manatadək pul xərcləmişdir (qüsur aktı əlavə edilir). Lakin "xxxx" ASC- yə kasko sığortası ilə bağlı müraciət etdikdə isə şirkət tərəfindən yol-nəqliyyat hadisəsi yerindən yayındığına görə sığorta ödənişindən imtina edilmişdir. O, hadisə barədə, yəni mobil şəbəkə düzəldikdən dərhal sonra "xxxx" ASC-yə, sonra isə “102” xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Sadalananlar Laçın rayonu Yol Patrul Xidmətinin heç bir araşdırma aparmadan, sübutları araşdırmadan, onu cərimələdiklərini bir daha sübuta yetirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1ci maddəsinə görə, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İnzibati Xətalar Məcəlləsinin 75.0-75.0.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər göstərilmişdir. İş üzrə həmin səbəblər mövcud olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində göstərilən inzibati xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmadığından icraat başlanıla bilməzdi, başlanıldığı halda araşdırma aparılaraq xitam verilməli idi. İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, vəzifəli şəxs bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.2-ci maddədə isə bildirişdə göstərilməli olan məlumatlar sadalanmışdır. Laçın rayonu Yol Patrul Xidməti ona heç bir məlumat verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə görə, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Laçın rayonu Yol Patrul Xidməti inzibati xəta haqqında protokol əsasında qərar qəbul edərkən ona ümumiyyətlə bildiriş göndərməmişdir. İnzibati Xətalar Məcəlləsinin 117.1-117.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Laçın rayonu Yol Patrul Xidməti qəbul etdiyi qərarı ona nə poçt vasitəsilə göndərmiş, nə də ki digər formada bu barədə ona məlumat vermişdir. X10 özü əlaqə saxlamış və həmin qərarı 19.01.2022-ci il tarixdə Laçın rayonu Yol Patrul Xidmətindən əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə Qeydin 7-1-ci bəndinə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol- nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Göründüyü kimi, onun hadisə yerini tərk etməsi qəbul olunduğu halda belə onun əməlinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin 8.2-8.3-cü bəndlərinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Laçın rayonu Yol Patrul Xidmətinin 13 dekabr 2021-ci il tarixli TP ******* saylı qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, şikayətdə göstərilənlər qərarın ləğv olunması üçün əsaslardır. Onun barəsində Laçın rayonu Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Laçın rayonu YPX-i tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qəza baş verən ərazidə mobil şəbəkə olmadığından orada polisə məlumat verilməsi mümkün olmamışdır. Bir neçə saat orada gözlədikdən sonra ərazidən keçən hərbiçilərin köməyi ilə avtomobil dərədən çıxarılaraq yük maşınına yüklənilmiş və Bakı şəhərinə gətirilmişdir. Hadisə nəticəsində heç kimə bədən xəsarəti yetirilməmişdir. X1 vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Laçın rayonu YPX-i tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayonu Yol Patrul Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, hadisə baş verən yer onların xidməti ərazisi deyildir. X5 “102” zəng xidmətinə müraciəti, sığorta şirkətinin məlumatı və hadisə yerinin eləcədə avtomobilin foto şəkilləri əsasında protokol tərtib edilmişdir. Məhkəmə şikayə tçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X9 əməlində İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Laçın rayon YPX tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X10 baəsində tərtib edilmiş 07.12.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokola əsasən 07.12.2021-ci il tarixində, saat 15:16-da Laçın rayonu, Pircahan kəndinə gedən yolda “Lada 21214” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində nəqliyyat və rabitə infrastrukturu üzrə görülən işlərə yerində baxış keçirilməsi və digər zəruri tədbirlərin görülməsi məqsədilə xüsusi nümayəndələrin təyin edilməsi haqqında əmrdən görünür ki, həmin ərazilərdə nəqliyyat sahəsi üzrə X7 Xidmətinin Yevlax Regional şöbəsinin rəis əvəzi X10 nazirliyin həmin ərazilər üzrə xüsusi nümayəndəsi təyin edilmişdir. "xxxx" ASC-nin ixtisaslaşdırılmış avtomobil mərkəzinin avtovaz servis mərkəzinin 17 dekabr 2021-ci il tarixli ziyan aktından görünür ki, “Lada 21214” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3350 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasənYol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeydinə əsasən zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X12 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qəzanın baş verməsində təqsirli şəxs məlumdur və heç bir şəxsin sağlamlığına zərər vurulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 327-ci maddəsinin qeyd hissəsində əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Belə olduğu təqdirdə şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, X5 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin olunsun. X9 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 13.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar