Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6221/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan **-AZ-*** dövlət qeydiyyat nişanlı “Lixiang L9 Ultra” minik markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixli etibarnamə ilə on il müddətinə X2 (sürücülük vəsiqəsi BB № 227270) etibar edilmişdir və bununla bağlı məlumat eyni tarixdə Yasamal Rayon DYPİ-nə məlumat təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələrini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən və məktubdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan **-AZ- *** dövlət qeydiyyat nişanlı “Lixiang L9 Ultra” minik markalı avtomobilin idarə edilməsi xx.xx.2024-cü il tarixdən on il müddətinə X2 (sürücülük vəsiqəsi AE № 227270) etibar edilmiş və bununla bağlı məlumat Yasamal Rayon DYPİ-nə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs MMC barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi protokolu tərtib edən orqana dəvət edilməmiş, onun inzibati xəta haqqında işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatətlər, etirazlar vermək və sair hüquqları təmin edilməmiş, onun hazırki işə dair mülahizəsi dəqiqləşdirilmədən inzibati xəta haqqında protokol tərtib edilmiş, hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Ümumiyyətlə protokolu tərtib etmiş orqan Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə baxılması üçün onu dəvət etmək məqsədi ilə zəruri tədbirlər görməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Bundan başqa protokolun surəti Şəxs MMC-yə təqdim edilməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs MMC barəsində İXM-nin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakılara əsasən xitam verilməlidir. Belə ki, protokolda göstərilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1,346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir Beləliklə, İXM-nin sadalanan normalarına əsasən İXM-nin 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilə bilər. Yəni əgər nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətindədirsə, həmin nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdirsə və həmin xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol həmin avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs barəsində tərtib edilə bilməz. Avtomobilin mülkiyyətçisi fiziki şəxs olduqda, onda həmin fiziki şəxs barəsində tərtib edilə bilər. Lakin hazırkı protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Belə olduğu təqdirdə hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddələri maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6221/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6221/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver