Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6233/2025 10.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 54, mənzil 27 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* saylı, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 10 sentyabr 2025-ci il tarixli protokola əsasən vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində o və bölmənin əməliyyat müvəkkili Tural Məmmədov tərəfindən Şəxs yaşadığı ünvan 2 ünvanın qarşısında onu gördüklərindən yaxınlaşaraq özlərini təqdim etmiş, onun barəsində yazılmış ərizə ilə bağlı izahatının alınacağı nəzərinə çatdırılmaqla onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gəlməli olduğu ona bildirilmiş, bu zaman sonuncu ucadan nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini cəlb etməklə onların ünvanına nalayiq küçə ifadələri işlətməyə başlamış, onlar həmin şəxsi sakitləşdirməyə çalışsalar da, sonuncu onların tələblərinə məhəl qoymayaraq fikri yayındırmaqla qaçmağa cəhd göstərmişdir. Həmin şəxsin qaçmaq cəhdinin qarşısı onlar tərəfindən alınaraq fiziki qüvvə tədbiq edilməklə avtomaşına əyləşdirilmişdir. Odur ki, protokolu müdafiə etdiyini, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq X1 Əli Ehsan oğlu tərəfindən polisin ünvanına nalayiq sözlər işlədilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola etiraz edərək qeyd etmişdir ki, o, özünü AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilmir. Belə ki, o, polis əməkdaşlarına heç bir şəkildə müqavimət göstərməmişdir. Ona bir dəfə zəng etmişlər və o da polis əməkdaşlarının çağırışına getmişdir. Etdiyi əməldən peşmandır, çünki sosial şəbəkədə vətəndaşa qarşı o ifadələri işlətməli deyildi. Həmçinin sağlamlığı ilə bağlı problemləri vardır, tələbədir, təhsil alır, polis bölməsinə isə özü getmişdir, polis əməkdaşları onu saxlamamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, heç bir polis əməkdaşına qarşı nalayiq ifadə işlətməmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanuni və ya qanunsuz tələb olmamışdır ki, o da ona riayət etməsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 10 sentyabr 2025-ci il tarixli protokola əsasən vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbləri pozulmuşdur. “İnzibati qaydada tutma haqqında” 09 sentyabr 2025-ci il tarixli, AZA 024956 nömrəli protokoldan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə, saat 19:30-da tutulmuşdur. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Tural Məmmədov və Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Fərid Abbasov tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rəşad Əhmədzadəyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, raportun mətni “xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nə edilmiş ərizənin icrası ilə bağlı tərəfimizdən sosial şəbəkədə həmin şəxs barəsində təhqiramiz ifadələr işlədən şəxsin- xx.xx.2000-ci ildə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Şəxs olması müəyyən edilmişdir. Ona məxsus olan ***-***-**- ** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq barəsində şikayət ərizəsi olduğu üçün Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilsə də, sonuncu ilkin olaraq bölməyə gəlməyəcəyini bildirmiş və daha sonra telefon vasitəsilə polisin ünvanına nalayiq küçə söyüşləri işlətməklə təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində tərəfimizdən Şəxs yaşadığı ünvan 6 ünvanın qarşısında onu gördüyümüzdən yaxınlaşaraq özümüzü təqdim etdik. Onun barəsində yazılmış ərizə ilə bağlı izahatının alınacağı bir daha nəzərinə çatdırılmaqla bizimlə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gəlməli olduğunu bildirdik. Bu zaman sonuncu ucadan nalayiq ifadələr işlədərək ətrafdakı şəxslərin diqqətini cəlb etməklə bizim ünvanımıza nalayiq küçə ifadələri işlətməyə başladı. Biz həmin şəxsi sakitləşdirməyə çalışsaq da, sonuncu tələblərimizə məhəl qoymayaraq fikri yayındırmaqla qaçmağa cəhd göstərdi. Həmin şəxsin qaçmaq cəhdinin qarşısı tərəfimizdən alınaraq fiziki qüvvə tədbiq edilməklə avtomaşına əyləşdirdik. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, adları qeyd olunan şəxs barəsində qanuni tədbir görülməsi məqsədilə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm” məzmunda olmuşdur. Yasamal rayonu, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rəşad Əhmədzadəyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X5 həmin ərizəsində sosial şəbəkədə “Planet Parni iz Baku” üzvü olduğu instagram səhifəsində yerləşdirilən video çarxın şərh bölümündə Əlican Əliyev official səhifəsinin istifadəçisi tərəfindən təhqiramiz ifadələr yazılmaqla, onun işgüzar faəliyyətinə kölgə salmaqla, şərəf və ləyaqətini alçaltdığını, həmin şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması, ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamanın və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolunun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə baxılması üçün məhkəməyə təqdim edilən inzibati xətaya dair icraat dərhal baxılan iş olmasına baxmayaraq protokol tərtib etmiş orqan tərəfindən şahidlərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Həmçinin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Həmçinin hadisə ilə bağlı şahidlər məhkəmə iclasına gəlməmiş, iş materialları ilə isə Şəxs tərəfindən polisin hansı qanuni tələbinə tabe olmaması və ya xırda xuliqanlıq etməsi müəyyən edilməmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddələrlə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6233/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6233/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver