Məhkəmə qərarları › İş №3(004)-624/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-624/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-624/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, «Bank VTB (Azərbaycan)» ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 60.153,38 (altmış min yüz əlli üç avro otuz səkkiz sent) avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən Bankda olan hesabından 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, köçürülən vəsait müqabilində mal qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal olmuşdur. Belə ki, ölkə xaricində yerləşən şirkətin hesabına köçürülən vəsait hesabına mallar köçürülmədən daha əvvəl ölkəyə idxal edilmişdir. Belə ki, gömrük rəsmiləşdirilməsi zamanı yanlışlıq olaraq köçürülmənin təyinatı avans olaraq qeyd edilmişdir. Yəni, 22 yanvar 2022-ci il tarixdə həyata keçirilmiş ödənişin təyinatı 2021-ci ilin noyabrında ölkəyə idxal edilmiş mallarla bağlı olmuşdur. Sadəcə olaraq yanlışlıqla köçürmənin təyinatı avans kimi qeyd edilmişdir. Odur ki, göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, nizamnamə kapitalı 500 AZN, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 olan Şəxs xx.xx.2013-cü ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi Nümayəndədur. (VÖEN: **********) İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin hesabından “SPECTRA LİMİTED” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli müqaviləyə, xx.xx.2021-ci il tarixli ********* nömrəli invoysa əsasən xx.xx.2022-ci il tarixdə 60.153,38 (altmış min yüz əlli üç avro otuz səkkiz sent) avro məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 10 yanvar 2024-cü il tarixli, KB-162/2- 3/2024 saylı məktubundan görünür ki, Şəxs MMC qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs MMC tərəfindən 60.153,38 (altmış min yüz əlli üç avro otuz səkkiz sent) avro məbləğində vəsaitin ödənişi 05 yanvar 2022-ci il tarixdə həyata keçirilmişdir. Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş və bank tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli **********0647 nömrəli və xx.xx.2021-ci il tarixli **********7457 nömrəli gömrük bəyannamələrindən müəyyən edilir ki, qeyd olunan köçürmənin təyinatına uyğun olaraq müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixində 58.890,60 avro və 9.277,28 avro dəyərində “1000 V-dan çox olmayan gərginlik üçün elektrik naqillər” “SOECTRA LİMİTED TAP,İLƏ BREİTTO” şirkəti tərəfindən Şəxs MMC -nin ünvanına göndərilmiş mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 60.153,38 (altmış min yüz əlli üç avro otuz səkkiz sent) avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “Bank VTB (Azərbaycan)” ASC-də olan hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara mallar ölkəyə idxal edildikdən sonradan ödəniş etməklə köçürülmüşdür. Belə ki, mallar ödənişdən əvvəl ölkəyə daxil olmuş və bəyan edilmişdir. Yəni, ödəniş təyinatı avans olmamışdır. Odur ki, məhkəmə tərəfindən Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edildi. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstırilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 22 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar