Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6259/2025 10.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozaraq 20 Yanvar ərazisində DYP əməkdaşlarına tabesizlik etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:10-da 20 Yanvar ərazisində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, tabesizlik etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, özünü təqsirli bilmir, belə ki, 20 Yanvar ərazisində yoldan bir qadın götürmüş, həmin qadın Sumqayıt şəhərinə gedirdi. Svetofora çatanda polis əməkdaşları da orada idi, polis əməkdaşları ona saxla əmri vermişlər, o da svetoforu keçdikdən sonra avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşı ona avtomobildən düşməsini bildirmiş, o da etirazını bildirərək onu hansı səbəbə saxladıqlarını soruşmuşdur. Daha sonra avtomobillərini onun avtomobilinin qarşısında saxlayaraq onun yanına gəlmiş və maşından düşməyini tələb etmişlər. O da yenə səbəbini soruşmuş, bu zaman ona əl-qol atmağa başlamış və onu bölməyə aparmışlar. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində xidməti ərazidə xidmət apararkən Tbilisi prospekti, 20 Yanvar ərazisində “Hyundaı” markalı, **-RO-*** d.q.n-lı avtomobili 2-ci cərgədə saxlayaraq dayanma-durma qaydalarını pozmuşdur. Onlar sürücüyə saxla işarəsi vermiş, lakin sürücü tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlar sürücüyə dəfələrlə saxlaması üçün işarə vermiş, ancaq o, tabe olmamışdır. Patrul maşını ilə onun qarşısını kəsib avtomobili saxladıb sürücüyə yaxınlaşmış, sürücü yenidən hərəkətini davam etdirmək istəyərkən ictimai təhlükəsizliyi təmin etmək məqsədilə nəqliyyat vasitəsinin açarını məcbur almış və təhlükəsizliyi təmin etmişlər. Daha sonra sürücü Şəxs ÇPA köməyi ilə 29-cu PŞ-ə təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozaraq 20 Yanvar ərazisində DYP əməkdaşlarına tabesizlik etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati qaydada tutma haqqında 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə, saat 18:30-da tutulmuşdur. BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektorları 2-ci tağım b/st Səlimzadə Kazım və b/st Qəhrəmanov Emin tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Rasim Əmirova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, raportun mətni “xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində xidməti ərazidə xidmət apararkən Tbilisi pr., 20 Yanvar ərazisində “Hyundaı” markalı, **-RO-*** d.q.n-lı avtomobili 2-ci cərgədə saxlayaraq dayanma-durma qaydalarını pozmuşdur. Biz ona saxla işarəsi verdik, lakin sürücü tabe olmayaraq hərəkətini davam etdirdi. Biz ona dəfələrlə saxlaması üçün işarə verdik, tabe olmurdu. Patrul maşını ilə onun qarşısını kəsib avtomobili saxladıb sürücüyə yaxınlaşmışıq. Sürücü yenidən hərəkətini davam etdirmək istəyərkən ictimaiyyətin təhlükəsizliyini təmin etmək məqsədilə nəqliyyat vasitəsinin açarını məcbur aldıq və təhlükəsizliyi təmin etdik. Sürücü Şəxs ÇPA köməyi ilə 29-cu PŞ-ə təmin olundu. Xahiş edirik həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verəsiniz” məzmunda olmuşdur. ƏÇPA-nın 6-cı p/b-nün polis nəfəri Fərid Hüseynov tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Rasim Əmirova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, raportun mətni “xx.xx.2025-ci il tarixdə təxminən saat 18:15 radələrində 9729-i çağırışlı avtopatrulda Kərimov Rüfət ilə birgə xidmətdə olarkən A.M.Şərifzadə küçəsində 521-çağırışlı yol patrula YPX inspektorlarına kömək lazım olduğunu görüb onlara yaxınlaşdıq və YPX əməkdaşı bizdən xahiş etdi ki, sürücünü şöbəyə təmin edək, nə olduğunu soruşduqda onlar bizə sürücünün bizə tabe olmadığını bildirdi və biz də deyilən şəxsi 29-cu PŞ-nə təmin etdik, pş-də məlum oldu ki, həmin şəxs Şəxsdur. Xahiş edirik həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəiş verəsiniz” məzmunda olmuşdur. Şəxs polis şöbəsində verdiyi izahatdan görünür ki, o, məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək özünü təqsirli bilmədiyini, polis əməkdaşlarının onu təhqir edib vuraraq maşından çıxarıb bölməyə gətirdiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi, polis mayoru Namiq Məmmədov, bu aktı tərtib etmişdir ondan ötrü ki, s/r polis kapitanı Ramin İbadov, YYÇ polis kapitanı Fariz Cəfərovun iştirakı ilə BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX-nin 2-ci tağımının inspektorları polis baş serjantı Qəhrəmanov Emin və baş serjantı Səlimzadə Kazım tərəfindən xx.xx.2025-ci il tarixində saat 18:20 radələrində Yasamal rayonu, 20 Yanvar dairəsi ünvanında tabesizlik göstərdiyinə görə vətəndaş Şəxs PŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs PŞ-nə gətirilən sağ boyun hissəsində ağrı olduğunu bildirmişdir, soruşduqda isə PŞ-nə gətirilən zaman YPX əməkdaşları tərəfindən avtopatrula əyləşdirən zaman əzildiyini bildirmişdir. Akt tərtib edilərkən ucadan oxundu, iştirakçılar tərəfindən imzalarla təsdiq olunur. Portaldan çıxarışdan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il 04 ay 19 gün müddətə azadlıqdan məhrum edilmiş, ona 02 il şərti sınaq müddəti təyin edilmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2024 saylı qərarı ilə barəsində AR CM-nin 128-ci maddəsi ilə başlanılmış icraata zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmişdir. Videodiskdə olan görüntülərdən görünür ki, YPX əməkdaşları tərəfindən Şəxs saxla işarəsi verilmiş, lakin sürücü məhəl qoymaraq ona cərimə yazılmasını bildirmiş, bu zaman sürücüdən sənədlərini verməsi təklif edilmiş, ancaq sürücü avtomobili saxlamayaraq kənarlaşmağa çalışmış, bu zaman həmin avtomobil polis əməkdaşları tərəfindən təqib edilərək saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatı, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, polis əməkdaşları ictimai qaydanın təmin edilməsi və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə qanuni tələblər irəli sürmək hüququna malikdirlər. Şahid ifadəsindən və digər sübutlardan göründüyü kimi, Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti əməkdaşı xidmətdə olarkən, qayda pozuntusu törətmiş Hyundaı markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş, lakin sürücü polis əməkdaşlarına məhəl qoymayaraq hərəkətini davam etdirmiş və bu zaman polis əməkdaşları vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görmüşdür. Bu halda polisin hərəkəti qanuni səlahiyyətlər çərçivəsində olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, “polisin qanuni tələblərinə qəsdən tabe olmama” inzibati məsuliyyət yaradır. Hadisə zamanı sürücü Şəxs polisin qanuni tələblərinə əməl etmədiyi, əksinə, onlara qarşı etinatsızlıq göstərdiyi ifadədən aydın görünür. Belə ki, şahidin göstərdiyinə görə, sürücüyə “saxla əmri verilməsinə və avtomobili saxlayaraq sənədləri təqdim etməsinin tələb edilməsinə baxmayaraq onlara qarşı tabesizlik göstərərək avtomobili idarə etməyə dəvam etmişdir”. Bu hallar onun hərəkətlərinin qəsdən olduğunu sübut edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması, həmçinin əvvəllər AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır (İXM 33.1.1). Məhkəmə müəyyən etmişdir ki, Şəxs məhkəməyədək və məhkəmə icraatının bütün mərhələlərində səmimilik nümayiş etdirməmiş, törətdiyi hərəkəti etiraf etməmişdir. Təqsiri boynuna almaması onun məsuliyyəti qəbul etmədiyini, qanunun tələblərinə hörmətsiz yanaşdığını və törətdiyi hərəkətə görə peşmanlıq hissi keçirmədiyini göstərir. Bu cür davranış ictimai asayişi qoruyan tələblərə qarşı laqeyd və etinasız münasibətin təzahürüdür. Şəxs öz davranışına görə məsuliyyət hissi nümayiş etdirməmiş və qanuni tələblərə əməl etməməkdə israr etmişdir. Hadisə zamanı səlahiyyətli şəxslərin qanunsuz hərəkəti dayandırmaq barədə verdikləri tələblərə baxmayaraq, Şəxs bu tələblərə əməl etməmiş və qanunsuz davranışını davam etdirmişdir. Bu, sadəcə emosional reaksiya deyil, qəsdən və davamlı şəkildə qanuna tabe olmamaq niyyətinin göstəricisidir. Bu davranış ictimai asayişi təmin edən dövlət orqanlarının nüfuzunu zədələyən və digər şəxslər üçün mənfi nümunə yaradan xüsusiyyət daşıyır. Yuxarıda qeyd olunan hallar – səmimiyyət göstərməməsi, təqsiri boynuna almaması, məsuliyyəti qəbul etməməsi, peşmanlıq hissi nümayiş etdirməməsi, habelə ağırlaşdırıcı halın mövcudluğu – cərimə tədbirinin yetərli olmayacağını açıq şəkildə göstərir. Bu vəziyyətdə həmin şəxsə tərbiyəvi təsir göstərmək üçün inzibati həbsin tətbiqi qaçılmazdır. Bununla belə, onun ailə vəziyyəti nəzərə alınaraq, ən aşağı müddətdə inzibati həbs seçilməsi ədalət və humanizm prinsiplərinə uyğun hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmadığını və ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli 09 sentyabr 2025-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 sentyabr 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6259/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6259/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver