Məhkəmə qərarları › İş №3(004)-626/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-626/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-626/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, iş yerinin yaxınlığında - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, Marriott hotelin qabağında - açıq havada, küçədə insanların sıx keçmədiyi yerdə siqaret çəkmək üçün dayanmışdı. Siqareti çıxardıb maskanı aşağı salıb ki çəksin, mülki geyimli polis əməkdaşı yaxınlaşıb maskadan istifadə qaydalarını pozduğunu dedi. O yaxınlaşan zaman maskanı qaldırıb. O, polis əməkdaşına bildirdi ki, DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov küçədə, insanlardan kənarda siqaret çəkənlərin cərimələnmədiyi barədə çıxışını oxuyub. Həmin çıxışa əsaslanıb küçədə insanlardan kənarda dayanıb siqaret çəkmək istəyirdi. Polis əməkdaşı bunun maskanı aşağı salmağa əsas vermədiyini bildirdi. Polis əməkdaşı ad soyadını soruşub uzaqlaşdı. Həmin vaxtdan 4 saat sonra ona bildiriş gəldi ki, İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə olunmusuz. Ona nə inzibati protokol, nə də inzibati qaydada cərimə olunmaq barədə qərar verilməmişdir. Lakin email ünvanına "Sizin barənizdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol üçün xx xxxxxx 2021-ci il tarixindən İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minir. İnzibati xəta və ona əlavə edilmiş materiallarla www.asanpay.az internet ünvanında qeydiyyatdan keçməklə “elektron kabinet” inizdə tanış ola bilərsiniz." məzmunlu mail daxil olmuşdur. Asanpay.az saytında şəxsi kabinetində cərimə haqqında məlumatlarda isə nə protokolun yazıldığı ünvan var, nə yazıldığı vaxt (saat) var. Xətanın törədilməsi ilə bağlı da heç bir sübut əlavə edilməyib. Protokol planşetlə elektron qaydada tərtib edilib və elektron qərar qəbul olunub (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar kimi). Aşağıda qeyd olunanlara əsasən inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli elektron protokol və həmin protokol üzrə qəbul edilmiş inzibati cərimə olunma haqqında xx xxxxxx 2021-ci il tarixli elektron qərar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 451 nömrəli qərarında qeyd olunur ki, koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu qərarda bütün açıq havada maska taxmağın məcburi olduğu qeyd olunmur. Maska taxmaq məcburi o halda olur ki, açıq havada olsa da şəxsin yanında xeyli sayda insan var və sıxlıq olduğu üçün digər şəxsləri yoluxdurmaq ehtimalı var. Həmin qərardan da görünür ki, maska istifadə edilməsinin məcbur olması barədə qərar koronovirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmişdir. Yoluxdurmaq ehtimalı yoxdursa maska taxmaq da məcburi deyil. Bundan əlavə açıq havadakı ictimai yerlərdə maska taxmaq məcburidir. İctimai yer nədir? Həmin qərarda ictimai yer anlayışı verilməyib. Restoranlar da ictimai yer sayılır amma maska taxmaq məcburi deyil. Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 451 nömrəli qərarının tətbiqi ilə əlaqədar izah vermişdir. Həmin izaha görə insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz, amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəmək, su içmək qida qəbul etmək qadağan deyil. Bu açıqlamaların əks olunduğu xəbərlər barədə xəbər saytlarından çıxarışlar bu şikayətə əlavə edilir. O da Daxili İşlər Nazirliyinin bu izahını, bu açıqlamasını əsas götürərək açıq havada küçədə insanların yaxınlıqdan keçmədiyi yerdə siqaret çəkmək istəyib. Ona elektron protokol tərtib edən polis əməkdaşı Daxili İşlər Nazirliyinin mövqeyini qəbul etmirsə, bu vətəndaşların günahı deyil. İnzibati Xətalar Məcəlləsində elektron qaydada protokol tərtib olunması və elektron qaydada qərar qəbul olunması yalnız İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində (Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri) nəzərdə tutulan hallarda mümkündür. Digər xətalarla bağlı elektron qaydada protokol tərtib etmək və elektron qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır və Məcəlləyə açıq aşkar ziddir. Lakin polis əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsin 211.2-ci maddəsinə əsasən barəmdə xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli elektron protokol tərtib edilmiş və eyni zamanda inzibati cərimə olunma haqqında xx xxxxxx 2021ci il tarixli elektron qərar qəbul edilmişdir. Sanki yol hərəkəti qaydaları əleyhinə xətalarlarla bağlı protokol tərtib edilib və qərar qəbul edilib. Qanunun bu şəkildə pozulması yolverilməzdir. xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli elektron protokol və xx xxxxxx 2021-ci il tarixli elektron qərar İnzibati Xətalar Məcəlləsinin kobud şəkildə pozmaqla tərtib və qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilmə qaydası göstərilmişdir. Lakin barəmdə elektron protokol tərtib etmiş polis əməkdaşı həmin maddənin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, elektron protokolun tərtib edildiyi yer göstərilməmişdir. Bilinmir, hansı ərazidə tərtib olunub (İXM-nin 100.1.1 -ci maddəsinin tələbi pozulub). Protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı elektron protokolda öz əksini tapmamışdır. Bilinmir, elektron protokolu DİN-nin hansı qurumu və hansı vəzifəli şəxsi tərtib edib. Axı iddia olunan pozuntunu elektron vasitə aşkar etməyib, polis əməkdaşı yaxınlaşıb əlindəki planşetə ad soyadımı daxil etməklə tərtib edib (İXM-nin 100.1.2-ci maddəsinin tələbi pozulub). İnzibati xətanın törədildiyi yer və vaxt elektron protokolda öz əksini tapmamışdır. Bilinmir, xəta harada və saat neçədə törədilib (İXM-nin 100.1.4-cü maddəsinin tələbi pozulub). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları olmalı idi protokolda, lakin ortada Məcəlləyə uyğun protokol olmadığına görə izahatlarım da elektron protokolda yoxdur (İXM-nin 100.1.7-ci maddəsinin tələbi pozulub). Elektron protokolun tərtib edildiyi planşet barədə məlumatlar göstərilməyib. onun açıq havada siqaret çəkdiyimi "planşet real vaxt rejimində aşkar etdiyi" üçün planşet barədə məlumatlar elektron protokolda olmalı idi (İXM-nin 100.1.8-ci maddəsinin tələbi pozulub). Hüquqlarının və vəzifələrinin izah olunması barədə elektron protokolda qeyd yoxdur (İXM-nin 100.2-ci maddəsinin tələbi pozulub). Ona imzalanmaq üçün protokol təqdim edilməyib və protokolun surəti ona verilməyib. Çünki yerində protokol tərtib edilməyib. Planşetlə sistemə elektron protokol yerləşdirilib (İXM-nin 100.3-cü və 100.4-cü maddələrinin tələbi pozulub). Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunmalı idi, lakin elektron protokol tərtib edilib (İXM-nin 100.5-ci maddəsinin tələbi pozulub). Polis orqanı tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərkən də İnzibati Xətalar Məcəlləsinin 15-ci fəslinin (İnzibati xəta haqqında işlərə baxılması) tələbləri kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu, 110-cu, 112-ci, 114.4-cü və 115ci maddəsinin tələblərinə riayət olunmamış, qanunsuz və əsassız olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Polis orqanı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edərkən də yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər kimi real vaxt rejimində elektron qərar qəbul etmiş və İnzibati Xətalar Məcəlləsin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın başqa növ inzibati xəta olduğuna əhəmiyyət verməmiş, İnzibati Xətalar Məcəlləsinin 15-ci fəslinin tələblərini kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında elektron protokola xətanın törədilməsini təsdiq edən heç bir sübut elavə edilməyib. Ən azı planşetlə çəkilmiş bir fotoşəkil əlavə edilə bilərdi. Lakin heç bir sübut olmadan, polis əməkdaşının "mötəbər" sözü ilə 100 manat cərimə olunub. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 135.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd olunanlardan göründüyü kimi onun əməlində inzibati xəta əlaməti olmamış, qoruyucu maskadan istifadə qaydası tərəfimdən pozulmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.S.İbrəhimov ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından elektron çıxarışdan görünür ki, S.S.İbrəhimov xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində olan zaman fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.S.İbrəhimov xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində olan zaman fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.S.İbrəhimovun barəsində Bakı şəhəri Yasamal RPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.S.İbrəhimova lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar