Məhkəmə qərarları › İş №3(004)-6261/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6261/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6261/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar tərtib edilərək material ilə birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi şəxs Şəxs MMC-ni təmisil etmək səlahiyyəti olan vəzifəli şəxs - direktoru X14 tərəfindən X4 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursəəd küçəsində qazıntı işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi Abbasova Məhyəddin qızı “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı müdafiə edərək bildirmişdir ki, X7 Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursəəd küçəsində qazıntı işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və Şəxs MMC-nin barəsində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, hüquqi şəxs barəsində inzibati tənbehin verilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X8 inzibati xəta haqqında tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursəəd küçəsində elektrik xəttinin çəkilişi üçün qazıntı işləri aparmışdırlar. Onun heç bir məlumatı olmadığı halda şirkətdə fəhlə kimi rəsmi əmək müqaviləsi əsasında işləyən X12 ozünə görülməsi tapşırılmış işində kömək etməsi məqsədilə özbaşına, onların bundan xəbəri olmadan “fəhlə bazarından” əlavə bir nəfər gətirərək ərazidə qazıntı işləri gördürmüşdür. Həmin şəxs qazıntı işləri apararkən onu elektrik cərəyanı vurmuş və xəsarət almışdır. Hadisə baş verən zaman orada olmamaışdır. Lakin sonradan inzibati xəta haqqında icraat aparılan zaman verdiyi izahatında şirkətdə işləyən yaxın dostluq münasibətlərində olduğu X9 müdafiə etmək məqsədilə həmin şəxsi özünün gətirdiyini bildirmişdir. Halbuki o, dolayısı ilə şirkət rəhbərliyi bütün bunlardan xəbərsiz olmuşdur. Onun xəbəri olsaydı heç vaxt buna icazə verməzdi. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X12 bildirmişdir ki, Şəxs MMC-də rəsmi əmək müqaviləsi əsasında fəhlə kimi işləyir. Onlara xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursəəd küçəsində elektrik xəttinin çəkilişi üçün qazıntı işlərinin aparılması həvalə edilmişdir. Həmin vaxt xəstə olduğundan səhhəti ilə əlaqədar qazıntı işlərində ona kömək etməsi məqsədilə “fəhlə bazarından” 30 manat pul qarşılığında X7 ilə razılığa gəlmişdir. Rəhbərliyin bundan xəbəri olmamışdır. Düşünmüşdür ki, həmin gün işini bu yolla görsə növbəti gündən səhhəti düzələcək və özü işinə davam edə biləcəkdir. X7 təxminən 10-15 dəqiqə ərazidə qazıntı işləri aparmışdır. Sonradan elektrik vurması nəticəsində xəsarət almışdır. Bu zaman o, işdən çıxarılacağından qorxduğu üçün baş mühəndəsi A.Mürsəlova müraciət etmiş, ondan kömək istəmişdir. O, da buna görə məcbur qalıb onu müdafiə məqsədilə izahatında M.Seyidovu işləməsi üçün özünün gətirdiyini bildirmişdir. Halbuki, baş mühəndisin bütün bunlardan hadisə baş verdikdən sonra xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X7 bildirmişdir ki, o, “fəhlə bazarı” adlanan yerdə müəyyən haqq qarşılığında gündəlik işlərin görülməsini həyata keçirir. xx.xx.2025-ci il tarixdə X12 qeyd edilən yerdə onunla 30 manat pul qarşılığında razılaşaraq qazıntı işlərini görəcəyini bildirmişdir. Əli özünün orada fəhlə işlədiyini lakin həmin gün səhhəti ilə bağlı problemi olduğundan köməyə ehtiyacının olduğunu bildirmişdir. O da razılaşmış və birlikdə əraziyə getmişlər. O, rəhbərlikdən və məsul şəxslərdən heç kimlə qarşılaşmamışdır. Təxmini 10-15 dəqiqə qazıntı işi aparmış, daha sonra ehtiyatsızlıqdan dağıdıcı alətlə elektrik xəttinə təmas etmişdir. Bu zaman onu elektrik cərəyanı vurmuşdur. Daha sonra orada işləyənlər onu həkimə aparmışlar. Rəhbərliyin yalnız hadisədən sonra bundan xəbəri olmuşdur. Onun hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarından görünür ki, Şəxs MMC tərəfindən X7 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursəəd küçəsində qazıntı işlərinin yerinə yetirilməsinə cəlb edildiyindən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X13, Azərbaycan Respublikası CPM-nin 236-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində 1990-cu il təvəllüdlü X3 qazıntı işləri görərkən elektrik naqilinin vurması nəticəsində xəsarət alması ilə bağlı təqdim olunan video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, saat 16:47 radəsində qeyd edilmiş video toplam 3:47 saniyədir. (Hadisənin baş verdiyi saniyə 0:43). Videoda 4 nəfər kişi cinsli usta yol təmiri ilə məşğul olarkən əynində qırmızı gödəkçə və qara rəngli şalvar olan usta qəfildən elektrik cərəyanı toqquşmasına məruz qalmış, ağlayaraq özünü yol kənarına atmışdır. Həmin şəxsə ətrafdakı insanların köməyi ilə ilkin tibbi yardım göstərmiş, həmin zaman ərazidə çoxlu sayda avtomobillər və avtobus olmuşdur. Lakin təcili tibbi yardım maşını görülməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “xidmət müqaviləsindən” görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında 35/6kv 88 saylı Y.St ilə Yeni TM arası xarici elektrik təchizatı üçün kabel xəttinin qazıntı işlərinin görülməsi müqavilə üzrə icraçı Şəxs MMC-yə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “çıxarışa baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas X5, Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə uyğun olaraq tərtib edirəm həmin protokolu ondan ötrü ki, icraatında olan 26- İX-25 inzibati icraat materialı üzrə X1 Sisteminin elektron sorğu modulundan X3 əmək müqaviləsi məlumatları bölməsindən çap olunmuş çıxarışa baxış keçirtmişdir. Çıxarışa baxış zamanı X3 "xxxx" MMC ilə hər hansı əmək müqaviləsi olmaması müəyyən olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokol və iş materialları tərəflərin izahatları ilə birlikdə nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X7 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, Çuxursəəd küçəsində qazıntı işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. İşin faktiki hallarından isə məlum olmuşdur ki, Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli “xidmət müqaviləsi” əsasında yuxarıda qeyd edilən ərazidə qazıntı işlərinin həyata keçirilməsi həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə şirkətdə rəsmi əmək müqaviləsi ilə fəhlə vəzifəsində işləyən X12 rəhbərliyin xəbəri olmadan qazıntı işlərində ona (özünə) kömək etməsi üçün “fəhlə bazarı” adlanan yerdən X7 ilə müəyyən haqq müqabilində razılığa gəlmişdir və onu özbaşına əraziyə gətirərək işə cəlb etmişdir. Qeyd edilən faktdan (işlərin icra edildiyi vaxt) hüquqi şəxsin rəhbərliyinin, eləcə də ərazidə işlərin görülməsinə rəhbərlik edən baş mühəndis A.Mürsəlovun xəbəri olmamışdır. Belə ki, A.Mürsəlov məhkəmə iclasında etiraf etmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı verdiyi ifadəsini Ə.Şükürzadəni müdafiə etmək məqsədilə vermişdir. Əslində isə M.Seyidovu işlərin görülməsinə Ə.Şükürzadə cəlb etmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, M.Seyidov yuxarıda qeyd edilən tarixdə sözügedən ərazidə 10-15 dəqiqə işlərin görülməsində iştirak etmişdir. Bu fakt işin mübahisəsiz tərəfidir. Buna görə də məhkəmə hesab edir ki, şəxs çox qısa müddət ərzində (10-15 dəqiqə) qazıntı işlərinin görülməsində iştirak etdiyindən bu müddət aralığında hüquqi şəxsin rəhbərliyinin və ya məsul şəxslərin bundan məlumatsız olması dəlilinə inandırıcı edir. Bununla yanaşı M.Seyidov özü də məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, şirkətin işçisi olan Ə.Şükürzadə tərəfindən əraziyə işlərin görülməsində kömək etmək məqsədilə gətirilmiş, həmin vaxt şirkətin rəhbərliyindən kimisə görməmiş, onlarla ünsiyyətdə olmamışdır, işlədiyi yerin rəhbərliyinin bundan xəbəri olmamışdır. Məhkəmə hesab edir ki, şəxsin məhkəmə iclasında verdiyi ifadəsi daha mötəbər sübut kimi dəyərləndirilməlidir. Belə ki, M.Seyidov hadisə zamanı zərəçəkmiş şəxsdir, qeyri səmini ifadə verməyə maraqlı deyildir və ona görə də məhkəmə məhz onun bildirdiyi faktiki halları daha səmimi, düzgün və inandırıcı hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə M.Seyidovun əmək müqaviləsi olmadan işlərə cəlb edilməsində hüquqi şəxsin hansısa əlavə xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməlidir. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə həmin işçinin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi arasında səbəbli əlaqənin mövcud olub-olmaması araşdırılmalıdır. Faktiki olaraq hüquqi şəxsin həmin işlərin görülməsi üçün aktiv əmək müqaviləsi olan işçiləri mövcud olmuşdur. Lakin həmin işçilərdən biri tərəfindən (X12) başqa bir şəxs onun özünün icra etməli olduğu işlərin görülməsinə cəlb edilmiş və bundan şirkətin rəhbərliyinin və ya məsul şəxslərin xəbəri olmamışdır. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. İXM-nin 16-cı maddəsi fiziki şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən 16 yaşı tamam olmuş şəxslərin inzibati məsuliyyət daşıdığı qeyd edilib. Həmçinin həmin maddədə “əcnəbilərin”, “hərbi qulluqçuların” inzibati məsuliyyətini, hansı tənbehin verilməsinin mümkünlüyünü, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilməsini tənzimləyir. İXM-nin 17-ci maddəsi isə vəzifəli şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddənin qeydinə əsasən kimlərin vəzifəli şəxslər hesab edilməsi müəyyən edilmişdir. Lakin fiziki şəxslər və vəzifəli şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin inzibati məsuliyyətinin müəyyən olunmasının özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Neçə ki, fiziki şəxsin inzibati məsuliyyəti yaranması üçün və fiziki şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olması üçün onun 16 yaşının tamama olması mütləq şərt kimi müəyyən edilmişdir, həmçinin vəzifəli şəxsin inzibati məsuliyyəti yaraması üçün və şəxsin vəzifəli şəxs hesab edilməsi üçün İXM-nin 17-ci maddəsinin Qeydində müəyyən edilmiş funksiyalar və səlahiyyətlərin yerinə yetirilməsinin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir, eləcə də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün İXM-nin 18.2-ci maddəsində mütləq şərt müəyyən edilmişdir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18-ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biritəqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Bundan başqa inzibati xəta törədilmişdirsə, bu zaman həmin xəta nəticəsində hüquqi şəxs xeyir əldə etməmişdirsə və ya hüquqi şəxsin marağı qorunmamışdırsa, bu cür inzibati xəta hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən edilməsində formal əsas kimi çıxış edir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Eyni ilə də hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3 və 4-cü hissələrinə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.2-ci maddəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən Şəxs MMC-nin barəsində əmək müqaviləsi hüquqi qüvvəyə mnimədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair qəbul edilən qərar əsassızdır və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavsitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar