Məhkəmə qərarları › İş №3(004)-6262/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6262/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6262/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə metronun 20 Yanvar stansiyasında keçidində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədi. Həmin gün sərxoş olduğundan dostu ilə yeraltı keçiddən keçərkən yüksək səslə danışmış, polis əməkdaşları da onu sakitləşdirmək istəyərkən aralarında mübahisə baş vermişdir. Polis əməkdaşları onunla kobud davrandığından, o, özünə xəsarət yetirmişdir. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil inzibati xəta törədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə metronun 20 Yanvar stansiyasında keçidində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli 2/62933 nömrəli protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf edərək peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanın sərxoş halda törətməsini ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən saat 11:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar