Məhkəmə qərarları › İş №3(004)-6280/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6280/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6280/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 20, mənzil 15 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 dekabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:45 radələrində Şərifzadə küçəsində yerləşən aptekdə Şəxs polisin qanuni tələbini yerinə yetirməyərək ictimai asayişi pozmaqla nalayiq sözlərdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində ünvan 1 ünvanında yerləşən “Etalon” aptekin müdiri X2 ona zəng vuraraq aptekə Əziz adlı bir şəxsin gələrək işçilərə maneəçilik yaratdığını, nalayiq sözlərdən istifadə etdiyini və onların iş rejimini pozduğunu bildirmişdir. Bundan sonra o aptekə getmiş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra hərəkətlərindəki pozuntunu ona izah etmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etsə də, o imtina edərək polisin qanuni tələbini yerinə yetirməmişdir. Bu səbəbdən həmin şəxs - Şəxs Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:30 radələrində ünvan 1 ünvanında yerləşən aptekə gəlmiş və orada Gülzar adlı xanımla danışmağa çalışmışdır. Lakin bu səbəbdən arada mübahisə yaranmış, aptekin gündəlik iş rejimi pozulmuşdur. Bu zaman polis əməkdaşları aptekə daxil olaraq, orada nə işi olduğunu və hansı sənbəbə gəldiyini soruşmuş, o isə cavab verə bilməmişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar. Səhvini başa düşür. Özünü təqsirli bilərək, törətdiyi əmələ görə səmimi olaraq peşman olduğunu bildirir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 12 dekabr 2023-cü il tarixdə 15:00-da inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 12 dekabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi şəxsin özünün etirafı, 12 dekabr 2023-cü il tarixli MN seriyalı ******* saylı protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və İXM-nin yuxarıda qeyd edilmiş 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs dərhal zalda tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar