Məhkəmə qərarları › İş №3(004)-6285/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6285/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6285/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına vaxtında verilməmişdir. Bununla əlaqədar Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən 27 avqust 2025-ci il tarixli 10000-00095/25 nömrəli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan idxalçı Şəxs MMC-nin ünvanına MRSU5730775 və CAAU6774739 nömrəli konteynerlərdə daxil olmuş **********2428 və **********2450 nömrəli bəyannamələr üzrə bəyan edilmiş mallar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilsə də, qeyd edilən bəyannamələr xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim edilmişdir. Odur ki, ŞəxsMMC-nin ünvanına MRSU5730775 və CAAU6774739 nömrəli konteynerlərdə daxil olmuş mallar üzrə gömrük bəyannamələri Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmişdir. Bununla da, hüquqi şəxs tərəfindən qeyd olunan bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir və Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 27 avqust 2025-ci il tarixli 10000-00095/25 nömrəli EP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 8 may 2025-ci il tarixli sənədlərin işə əlavə edilməsi haqqında protokol və ona əlavələrdən görünür ki, xx.xx.2025-ci il tarixli, **********2428 və **********2450 nömrəli bəyannamələr üzrə idxal edilən mallar diş fırçaları olmuş, gömrük əməliyyatlarında ixracatçı qismində “X3 Factory” şirkəti, idxalatçı qismində Şəxs MMC iştirak etmiş, malların invoys dəyəri hər bəyannamə üzrə ayrı-ayrılıqda 16666.5 ABŞ dolları (cəmi 33333 ABŞ dolları) təşkil etmiş, mallar Çin Xalq Respublikası mənşəli olmuş və onlar MRSU5730775 və CAAU6774739 nömrəli konteynerlərdə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Əməliyyat-İstintaq Baş idarəsində izahatı alınmış Şəxs MMCnin direktoru X2 izahatından görünür ki, qeyd edilən yüklər xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasında qeydiyyatda olan “X3 Factory” şirkətindən MRSU5730775 və CAAU6774739 nömrəli konteynerlərdə daxil olmuşdur. Həmin yük Bakı Baş Gömrük İdarəsində **********2428 və **********2450 nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2014-cü il tarixli 263 saylı Qərarının 3.6-cı bəndinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına gələn “John Star” ticarət nişanlı diş fırçaları yükü xx.xx.2024-cü il tarixdə MRSU5730775 və CAAU6774739 nömrəli konteynerlərdə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli, **********2428 və **********2450 nömrəli bəyannamələr ilə rəsmiləşdirilmişdir. Bununla da, Şəxs MMC-nin ünvanına gələn “John Star” ticarət nişanlı diş fırçaları yükünə dair təqdim edilmiş gömrük bəyannamələri gömrük orqanına 15 (on beş) gündən gec olaraq təqdim edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Qərarın 3.6 bəndinə əsasən, gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar