Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-630/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki ünvan 1 ünvanda yaşayır. Onun 16 kalibrli “TOZ” markalı 113100-59 nömrəli ov silahı var. Yuxarıda qeyd olunan kimi ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsini İnzibati Xətalar Məcəlləsinin müvafiq qaydalarına tam riayət etməklə həyata keçirdiyi halda ona sahə müvəkkili X3 tərəfindən ona xəbərdarlıq edilmədən, yaşadığı və qeydiyyatda olduğu ünvanda 16 kalibrli TOZ markalı silaha baxış keçirilmədən ona ******* saylı protokol və qərar tərtib edilmişdir. O, protokol və qərarla razı deyil.Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi O.S.Paşayev ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı protokoldan görünür ki, O.S.Paşayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, O.S.Paşayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, O.S.Paşayev barəsində EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən O.S.Paşayevə istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və O.S.Paşayevə istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs O.S.Paşayev isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə O.S.Paşayevə istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, O.S.Paşayevin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB -nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-630/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-630/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver