Məhkəmə qərarları › İş №3(004)-6301/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6301/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6301/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə, X5 Bakı şəhər X8 İdarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və tətbiq edilmiş 3 cərimə balının silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat və 3 bal həddində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən həmin qərarı qanunsuz və ədalətsiz hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixində təxminən saat 14:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6, 427, (GPS:40.4022329,49.8021787) ünvanında ona məxsus “Mersedes” markalı, ** BJ *** nömrəli avtomobil ilə hərəkətdə olmuşdur. Həmin yolda digər avtomobillərlə eyni sırada dayanaraq işıqforun yaşıl işığının yanmasını gözləmişdir. İşıqforun yaşıl işığı yanandan sonra avtomobilin dönmə işığını sola yandıraraq heç bir qayda pozuntusu etməyərək yola davam etmişdir. Bundan sonra YPX avtomobili arxamca gələrək işıq siqnalı ilə idarə etdiyi avtomobili saxladaraq qayda pozduğunu ona bildirdi. Onunla razılaşmasa da, heç bir sübut olmadan Asanpay şəxs kabinetinə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulması) maddəsi ilə 100 manat məbləğində cərimə olunmağı barədə bildiriş gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1ci maddəsinə əsasən inzibati xəta hadisəsinin törədilməsi İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlardan başqa göstərmişdir ki, həyat yoldaşı dünyasını dəyişdiyinə görə himayəsində olan yetkinlik yaşına çatmayan övladlarına tək baxır, 2007-ci ildə hərbi xidmət dövrü ilə əlaqədar xəstəliyə görə ağır cərrahi əməliyyatlar keçirmiş və hazırda da səhhətində ciddi problemlər var. Övladı universitetə qəbul olduğu üçün Bakı şəhərində kirayədə qalırlar. Bu səbəbdən əsassız yerə cərimə olunmağı həyat şəraitlərini daha da çətinləşdirəcək. Göründüyü kimi protokolu tərtib edən YPX əməkdaşı İXM-nin 327.2-ci maddəsi ilə İnzibati xəta törətməyi barədə dəqiq açıqlama verməmiş və heç bir sübutu (foto və videogörüntü) elektron protokola əlavə etməmişdir. Hesab edir ki, YPX əməkdaşının fərziyyələrə əsaslanaraq qayda pozduğunu iddia edərək onu cərimə etməsi qanunsuzdur. Odur ki, yuxarıda qeyd edilənlərə və İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən göstərdiklərini nəzərə alaraq İXM-nın 327.2-ci maddəsi ilə barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və tətbiq edilmiş 3 cərimə balının silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhər X8 İdarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 14:52-də Bakı, X6, 427 ünvanında “Mercedes E240 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə X5 tərəfindən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, ona görə də X3 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, “Mercedes E240 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Bakı, X6, 427 ünvanında hərəkətdə olarkən qarşıdan gələn avtomobilin qarşısına çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 1-CI maddəsinə əsasən: 11) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12) nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13) nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. 42-ci maddəsinə əsasən: Vİ. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. 75-ci maddəsinə əsasən: İ. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. İİ. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İİİ. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. İV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. 76-cı maddəsinə əsasən: İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. İİİ. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. İV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Təqdim edilmiş videodiskdə olan görüntüdən göründüyü kimi “Mercedes E240 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 yolayrıcını keçmə qaydalarını pozaraq qarşıdan gələn avtomobilin qarşısına çıxmış, qəza şəraiti yaradaraq avtomobili idarə etməyə davam etmişdir. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil edərək X3 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar