Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6307/2024 16.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri X7 İdarəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Xan Qərvənd ərazi dairəsi, Xan Qərvənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 333-1.1ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər X7 İdarəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 15 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:26-da Yasamal rayonu, Abdulla Qarayev küçəsində «Mıtsubıshı Mirage G4 minik» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri X7 İdarəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2024-cü ildə baş vermişdir. Belə ki, həmin tarixdə Şəxs Yasamal rayonunda yerləşən COP 29 tədbirinin qonaqları üçün ayrılmış əraziyə taksi fəaliyyəti işlə məşğul olmaq məqsədi ilə daxil olmuş, əcnəbi xanım onun avtomobilinin nömrə nişanının sifarişdə qeyd edilən avtomobilin nömrə nişanından fərqli olduğu üçün taksi xidmətindən imtina etmişdir. Bu səbəbdən Şəxs əcnəbi xanım və onu müşaiət edən şəxslə mübahisə edərək avtomobili yüksək sürətlə hərəkətə gətirdikdən sonra isə əl əyləcindən istifadə edərək avtomobillə yolun səthində çoxsaylı təkər izləri buraxaraq əcnəbilərin üzərinə avtomobili sürmüş və hadisə yerindən uzaqlaşmışdır. O isə həmin vaxt hadisə yerinin yaxınlığında avtopatrulda əyləşərək xidmət aparmışdır. Avtomobilin təkərinin asfalt üzərində çıxardığı səsi eşidərək avtomobildən düşmüş, bu zaman bir nəqliyyat vasitəsinin təhlükəli manevrlər edərək hadisə yerindən uzaqlaşdığını görmüş və dərhal xidməti avtopatrul avtomobilinə əyləşərək onu təqib etmişdir. Şəxsin sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün aparılmış müayinə zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Bununla da Şəxs AR İXM-nin 511.1.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibli əməlləri törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında özünü təqsirli bilərək törətdiyi əməldən çox peşman olduğunu, hadisə yerinə uzaq yol gəldiyini, həmçinin xanımın avtomobilin nömrəsinin tədbiqdə göstərilən nömrə ilə uyğun gəlmədiyi üçün avtomobilə əyləşməkdən imtina etdiyini, xanımın yanındakı şəxsin isə ona “cəhənnəm ol” sözünü deməsinin onun çox əsəbləşdirdiyi üçün bir anlıq özündən çıxaraq avtomobili yüksək sürətlə hərəkətə gətirdikdən sonra əl əyləcindən istifadə edərək avtomobillə yolun səthində sürüşdürdüyünü, narkotik vasitəni isə təqribən bir ay öncə istifadə etdiyini, göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 15 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:26-da Yasamal rayonu, Abdulla Qarayev küçəsində «Mıtsubıshı Mirage G4 minik» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolun barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı qrafasında olan yazıdan görünür ki, Şəxs protokolun surətini almışdır. İnzibati qaydada tutma haqqında AZA 001056 nömrəli, 16 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə saat 00:20-də tutulmuşdur. 16 noyabr 2024-cü il tarixli, 1/1234 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs marixuana qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində olmuşdur. Şəxs Bakı şəhər BPİ DYPİ-də verdiyi izahatdan görünür ki, o, heç bir inzibati xəta törətmədiyini, avtomobilində nasazlıq olduğunu, rəylə də razı olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Şəxs tərəfindən idarə etdiyi avtomobili qəflətən sürətləndirərək təkərlərin yolun səthi ilə sürtünməsi ilə yolun səthində çoxsaylı təkər izləri buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə yanaşı, videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, iş materillarında olan bütün subutlarla təsdiq edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:26-da Yasamal rayonu, Abdulla Qarayev küçəsində «Mıtsubıshı Mirage G4 minik» markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, əcnəbi xanım onun avtomobilinin nömrə nişanının sifarişdə qeyd edilən avtomobilin nömrə nişanından fərqli olduğu üçün taksi xidmətindən imtina etməsindən qəzəblənmiş, bu səbəbdən Şəxs əcnəbi xanım və onu müşaiət edən şəxslə mübahisə edərək avtomobili yüksək sürətlə hərəkətə gətirdikdən sonra isə əl əyləcindən istifadə edərək avtomobillə yolun səthində çoxsaylı təkər izləri buraxaraq ictimai qaydanı pozmuş və əcnəbilərin üzərinə avtomobili sürərək cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Həmçinin 16 noyabr 2024-cü il tarixli, 1/1234 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə sərxoşluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, gənc olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, AR İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 333-1.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 16 noyabr 2024-cü il tarixdən saat 00:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 Saxlanılma Mərkəzinə tapşırılsın və Şəxs Saxlanılma Mərkəzinə təhvil verilməsi Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6307/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6307/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver