Məhkəmə qərarları › İş №3(004)-632/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-632/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-632/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 19.02.2021-ci il tarixdə saat 12:30 radələrində sərxoş vəziyyətində Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına gələrək, heç bir səbəb olmadan səs-küy salaraq, yüksək səslə təhqiramiz ifadələr işlətmiş, polisin iş rejimini pozmuş, polis əməkdaşları onu sakitləşməyi, qanuna riayət etməsini xahiş etmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etmiş, bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən 19.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ 28-ci PB-nin sahə inspektoru H.Babayev, təhqiqatçı R.Rəhmanov, polis baş leytenantları Şəxs və Ş.Məhərrəmov tərəfindən tərtib edilmiş 19.02.2021-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Həmçinin iş materiallarında olan Yasamal RPİ 28-ci PB-nin məsul növbətçisi Samir Soltanovun, əməliyyat müvəkkili Ramil Həsənovun, Şükür Məhərrəmovun, sahə inspektoru Hacıqulu Babayevin imzalabığı 19.02.2021-ci il tarixli AKTda da hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən AKT və Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-632/2021 saylı, 19.02.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İnzibati həbs müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən saat 14:00-dan hesablanmışdır. Həmin qərardan Şəxs müdafiəçisi Vəkil apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 3(103)-517/2021 saylı, 26.02.2021-ci il tarixli qərarına əsasən Şəxs müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində tətbiq edilmiş 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri ləğv edilmiş və Şəxs məhkəmə iclas zalından inzibati həbsdən azad edilmişdir. Beləliklə, Şəxs 08 (səkkiz) gün inzibati həbsdə qalmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə həmin maddəyə əsasən inzibati tənbehin yuxarı həddi müəyyən edilmişdir. həmçinin nəzərə alınmalıdır ki, həmin maddə “tutulmuş” şəxsə inzibati tənbeh tətbiq etməni tənzimləyir. Lakin hazırkı iş üzrə şəxs 48 saatdan artıq, həm də tutulmadan artıq, artıq iş üzrə inzibati tənbeh kimi inzibati həbsə görə 8 gün həbsdə qalmışdır. Belə olduğu təqdirdə hazırda şəxsə inzibati tənbeh tətbiq edilərkən, onun vəziyyəti İXM-nin 31.4-1-ci maddəsində müəyyən edilmiş vəziyyətdə də daha yüngülləşdirilməlidir. Həmçinin tutulma zamanı həbsdə yatdığı müddət nəzərə alınmaqla cərimənin aşağı həddi müəyyən edilməmiş, belə olduğu təqdirdə həbsdə qaldığı müddət nəzərə alınmaqla həmin müddət əvəzləşdirilərək, cərimədən azad edilməsi istisna edilməmişdir. Ona görə də şəxs saxlanılarkən və tutularkən, həmçinin inzibati tənbeh qərarı ləğv edilənədək həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, cərimədən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs iş üzrə həbsdə qaldığı 08 (səkkiz) gün inzibati həbs müddəti nəzərə alınaraq, təyin edilmiş 50 manat inzibati cərimə tənbehindən də azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar