Məhkəmə qərarları › İş №3(004)-6326/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6326/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6326/2023 27.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, onun barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərar üzrə Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən onun barəsində qərar qəbul edilməsinin səbəbi kimi onun guya “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozmağı göstərilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən idarə etdiyi avtomobili ilə həmin tarixdə onun tərəfimdən dayanma və ya durma qaydalarının pozulması göstərilməklə inzibati xəta kimi qiymətləndirilməsi qanunsuz olmaqla, əsassızdır. Belə ki, onun idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəbul edilmiş həmin qərarda göstərilən tarixdə dayanma və ya durma qaydalarının pozulmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Göründüyü kimi onun idarə etdiyi avtomobillə dayanma və ya durma qaydalarının pozulması barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında qərarda gəlinmiş nəticə tamamilə qanunsuz və əsassız olmaqla həmin faktın mövcudluğunu təsdiq edən sübut qərara əlavə edilməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan o təqsirli bilinmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 14 dekabr 2021ci il tarixli, BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına (qərar qəbul edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Natiq Dadaşov) əsasən X5 xx.xx.2021-ci il tarixdə “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Ak. Ş.Mehdiyev küçəsində olarkən durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Qeyd edilən 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Bundan başqa həmin qərarın elektron kabinetə nə vaxt yerləşdirilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət təmin edilməli, X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib eedilmiş 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 14 dekabr 2021-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar