Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-634/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə o, polis tərəfindən karantin qaydalarını pozduğuna görə 100 manat cərimə olunub. O, bu cərimə ilə qəti razı deyil, ona görə ki, ədalətsiz və qanunsuz hesab edir. Həmin gün o, sürətli yürüş və qaçışla məşğul olmaq üçün evdən çıxıb (Şəkərli diabet xəstəsi olduğu üçün daima çəki atmalıdır ki, şəkəri normada olsun) 30 dəqiqə qaçandan sonra maskada olduğu üçün özünü çox pis hiss edib, boğularaq nəfəs ala bilməmişdir. Məcbur olub maskasını azca aşağı salıb oksigen alıb, nəfəsini tənzimləyəndən sonra maskasını düzəldib, yoluna davam etmək istəyib. Həmin vaxt polis ona yaxınlaşıb və vəsiqəsini yoxlayıb. Onun sms icazəsinin olduğunu görüb, maskada olmağına, baxmayaraq, ona cərimə yazıblar. Hüquqları barədə heç bir məlumat verməyiblər. Asan Pay vasitəsilə şikayət edib və xx xxxxxx 2021-ci il tarixdə formal bir cavab alıb. Protokolda heç bir fotosübut və ya videosübut yoxdur, şahidlərin dindirilməsi yoxdur, inzibati xətanın mahiyyəti və harda olduğu qeyd olunmayıb (ünvan). Protokolda kobud səhvlərə yol verildiyini (AR İXM-nin fəsil 14, maddə 100) bu hadisənin onun sağlamlığına təhlükə ilə bağlı son zərurət halında baş verdiyini (AR İXM-nin fəsil 3, maddə 19) və xətanın azəhəmiyyətli olmasını, kimsəsiz küçədə kimisə yoluxdurmaq ehtimalının sıfır faiz olmaslnl, həmçinin hal-hazırda pandemiya ilə bağlı işsiz olduğunu nəzərə alıb sizdən həmin protokolun ləğv edilməsini və ya xəbərdarlığın dəyişdirilməsini, ədalətin bərpasını xahiş edir. O, həmin protokol və qərarla razı deyil. Çünki, o, qanun pozmamış, əksinə qanunsuz cərimə olunmuşdur. Hesab edir ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, xx xxxxxx 2021-ci il tarixli protokol və inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin onun tərəfindən belə hərəkətə yol verilməmişdir. Ona görə də, onun barəsində heç bir inzibati protokol tərtib oluna və qərar qəbul oluna bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.İ.Axundova ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, E.İ.Axundova xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olan zaman karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, E.İ.Axundova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.İ.Axundova xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olan zaman karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğu üçün barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin eyni tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən E.İ.Axundovaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və E.İ.Axundovaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs E.İ.Axundova isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə E.İ.Axundovaya istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, E.İ.Axundovanın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi E.İ.Axundovanın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-634/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-634/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver