Məhkəmə qərarları › İş №3(004)-6361/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6361/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6361/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xızı rayonu, Şuraabad qəsəbə ərazi dairəsi, Şuraabad qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə MN ******* saylı, 12 sentyabr 2025-ci tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 12 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cəfərov X6 rayonu, Fərman Salmanov küçəsində ucadan səsküy salaraq polisin qanuni qanuni tələblərinə məhəl qoymamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Fərman Salmanov küçəsində səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Asan Xidmətin arxasında polis əməkdaşları 1 qız uşağını saxlamışlar. O və dostu polis əməkdaşlarına yaxınlaşaraq xahiş etmişlər ki, həmin 11 yaşlı qız uşağını yerdən qaldırsınlar. Bu zaman polis əməkdaşları ilə aralarında sözlə mübahisə yaranmış, daha sonra polis əməkdaşları onları 28-ci polis şöbəsinə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, öz əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının Patrul bölüyü polis nəfəri X8 öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14:00 radələrində xidməti ərazidə o və post yoldaşları ilə birgə xidmət apararkən Fərman Salmanov küçəsində 1 nəfər şəxsin “Asan Xidmət”in yaxınlığında avtomobil yolunun hərəkət hissəsində avara-dilənçiliklə məşğul olduğunu görmüş, qanunla qadağan olunmuş fəaliyyətin qarşısını almaq üçün həmin şəxsə yaxınlaşıb saxlamışlar. Bu zaman tanımadıqları 2 nəfər şəxs kənardan onlara yaxınlaşaraq saxladıqları avara-dilənçiliklə məşğul olan şəxsi buraxmağı tələb etmişlər. Onlara polisin fəaliyyətinə mane olmamağı bildirmiş, həmin şəxslər isə ona buranın onların məhəlləsi olduğunu və onun da onlar dediyi ilə razılaşmalı olduğunu, həmin şəxsi buraxmağını demişlər. Bu zaman ətrafda insanlar çoxalmağa başlamış, ancaq həmin şəxs deyilən sözlərə əməl etməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu zaman həmin şəxslərdən biri cibindən kəsici alət olan bıçaq çıxarmış, həmin an ərazidə xidmət aparan cinayət axtarış üzrə əməkdaşlar kütlənin yığıldığını görüb dərhal yaxınlaşmışlar. Yasamal CAŞ-ın əməkdaşları olan 2 nəfər şəxsin əlindən bıçağı alaraq həmin şəxslərin saxlanılmaqlarına köməklik göstərmişlər. Daha sonra oraya ərazidə xidmət aparan avtopatrul yaxınlaşmış, həmin şəxslər 28-ci polis şöbəsinə təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Cəfərov X6 rayonu, Fərman Salmanov küçəsində ucadan səs-küy salaraq polisin qanuni qanuni tələblərinə məhəl qoymamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:30-da tutulmuşdur. Şəxs polis şöbəsində verdiyi yazılı izahatından görünür ki, o, məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokola qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və əməlinin konkret nədən ibarət olması iş materiallarında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı ətrafda olan digər polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini bildirsə də, həmin şəxslər şahid qismində məhkəməyə təqdim edilə bilməmişdir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki,Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətaları törətməsi göstərilmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsiri sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidin izahatı və barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tərəfindən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların isə müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli 11 sentyabr 2025-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 sentyabr 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar