Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6382/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilən verilən Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin sahə inspektoru, X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X10 iştirakları ilə, X2 Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin sahə inspektoru, X3 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 dekabr 2023-cü ıl tarixdə saat 16.20 radələrındə Yasamal rayonunun ərazisində yerləşən Heydər Hüseynov 1A ünvanında avtomobilini park etmək istədikdə sonradan adını bildiyi X16 "X20 Rover" markalı 99XZ357 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək avtomobilinə yaxınlaşaraq avtomobilin şüşəsini əsəbi halda döyəcləyərək onu kobud küçə söyüşləri ilə söyərək təhqir etdiyinə görə eyni gün Bakı şəhəri Yasamal RPİ-nin 29 saylı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şöbənin rəis müavini Əmirov Rasim tərəfindən aparılmış araşdırma nəticəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş, həmin şəxs şöbəyə dəvət olunmuşdur. Həmin günü o da dəvət olunmuş və şöbəyə gələndə Əmirov Rasim ona bildirmişdir ki, X16 Milli Məclisin deputatı X1 və Ülvi müəllim xahiş edir ki, o şikayətini geri götürsün, onun barəsində heç bir tədbir görülməsin. Bildirmişdir ki, X7 üzr istəsəydi şikayətini geri götürərdi, amma o, həyasızcasına avtomobilin şüşəsini döymədiyini və onu təhqir etmədiyini bildirdi. O şikayətini geri götürməyəcəyini bildirmiş, Əmirov Rasim ona protokolun tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi bildirmişdir. Həmin gündən sonra dəfələrlə polis bölməsinə müraciət etsə də, ona həmin şəxs barəsində protokolun tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi bildirilmişdir. Lakin 15 dekabr 2023-cü il tarixdə bölmənin rəisi Tural Nəzərov ilə əlaqə saxladıqda o, bildirmişdir ki, artıq onun barəsində protokol tərtib edilib və şöbə tərəfindən qərar qəbul edilərək, ona AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən cərimə tənbeh növü tətbiq edilmişdir. Bununla yanaşı tərtib edilmiş protokol və qəbul edilmiş qərarın təqdim edilməsini xahiş etsə də, hazır olmadığı bildirilmiş, həmin protokol ona 19 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Protokolla tanış olduqda müəyyən etmişdir ki, protokol ümumiyyətlə inzibati xətalar haqqında məcəllənin tələbləri pozulmaqla tərtib edilmiş, X10 törətdiyi əməl ümumiyyətlə təsvir edilməmiş, protokolun təsviri hissəsində bir cümlə ilə X10 İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması əks olunmuşdur. X4 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat cərimə tətbiq edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 29 saylı Polis Şöbəsinin məsul əməkdaşları qanunun tələbini pozaraq, rayon məhkəməsinin səlahiyyətini mənimsəyərək, X10 törətdiyi əmələ hüquqi qiymət verərək, onun cəmi 50 manat cərimələnməsi barədə qərar qəbul etmişdirlər. X16 barəsində Bakı şəhəri Yasamal RPİ-nin 29 saylı Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 9 dekabr 2023-cü il tarixli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X16 bildirmişdir ki, xanım sürücü yolun kənarında avtomobilini düzgün park etmədiyindən təhlükə yaratmış və bu zaman ona yaxınlaşaraq öz iradlarını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, İ.Abbasovanı təhqir etməmişdir və onun iddia etdiyi söyüşlərdən istifadə etməmişdir. Polis bölməsində olduqları zaman da bildirmişdir ki, o nalayiq ifadələrdən istifadə etməmişdir lakin İ.Abbasova çox təkid etdiyindən onu sakitləşdirmək və məsələni bağlamaq üçün ondan əgər belə bir şey etmişdirsə deyə dəfələrlə üzr istəmişdir. Lakin İ.Abbasova onun üzrünü qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən verilən Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin sahə inspektoru, X8 bildirmişdir ki, Polis bölməsində olarkən Z.Paşayev izahatında bildirmişdir ki, o, İ.Abbasovaya qarşı hər hansı nalayiq sözlərdən və təhqirlərdən istifadə etməmişdir. Sadəcə olaraq bu yaxınlarda anasının vəfat etməsi ilə bağlı biraz əsəbi olduğundan onunla yüksək səslə danışmış və öz iradlarını əsəbi şəkildə bildirmişdir. Bölmədə olarkən də dəfələrlə İ.Abbasovadan üzr istəmiş və mübahisənin uzanmamasını xahiş etmişdir. Bütün bunları nəzərə alaraq Z.Paşayev barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunaraq 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi X5 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hadisənin video görüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirən zaman, müəyyən edilmişdir ki, X5 avtomobilini park edərlən arxada dayanan “Range Rover” markalı avtomobilin sürücüsü maşından düşərək İ.Abbasovanın idarə etdiyi avtomobilin sürücü əyləşən tərəfindən ön qapısına yaxınlaşaraq ona əl qol hərkətləri etməklə nələrsə deyir və bu mübahisə 3 dəqiqə boyunca davam edir. Məhkəməyə təqdim edilmiş videogörüntü səssiz qeydiyyata alındığından baş vermiş mübahisə zamanı hansı sözlərin işləndiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X16 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən bütün mühüm hallar o, cümlədən tərəflərin izahatlarında qeyd etdikləri halları təsdiq edən sübutlara düzgün hüquqi qiymət verilməsi məqsədi ilə hadisə vaxtı ətrafda kənar şəxslərin hadisəni görüb görməməsi, ətrafda müşahidə kameralarının mövcud olub-olmaması araşdırılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş videogörüntüyə baxılmaqla müəyyən nəticəyə gəlinməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayət ərizəsi təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən araşdırılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6382/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6382/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver