Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-639/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşə Yasamal Rayon Məhkəməsində baxılaraq 18 mart 2021-ci il tarixli 3(004)- 639/2021 nömrəli qərarla Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 179.158,88 (yüz yetmiş doqquz min yüz əlli səkkiz avro səksən səkkiz sent) avro xarici valyutada vəsaitin 20 %-i, yəni 35831,78 (otuz beş min səkkiz yüz otuz bir avro yetmiş səkkiz sent) avro (ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq) məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məhkəmənin sözügedən qərarından verdiyi apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən baxılmış və həmin Məhkəmənin 05 may 2021-ci il tarixli 3(103)-1028/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş 25 may 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişləri göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş protokol üzrə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 179.158,88 (yüz yetmiş doqquz min yüz əlli səkkiz avro səksən səkkiz sent) avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 179.158,88 (yüz yetmiş doqquz min yüz əlli səkkiz avro səksən səkkiz sent) avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, nizamnamə kapitalı 3.690.151,00 AZN olmaqla hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206 olan Şəxs 03.06.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X2r. (VÖEN: **********) İş materiallarında olan “xxxx” ASC-nin 17 yanvar 2019-cu il tarixli 03 nömrəli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin hesabından “UHLMANN Pac Systeme GmbH & Co. KG” şirkətinin bank hesabına 999108450-3 nömrəli müqavilə və 13 dekabr 2018-ci il tarixli ********* ZK5 nömrəli invoysa əsasən 179.158,88 (yüz yetmiş doqquz min yüz əlli səkkiz avro səksən səkkiz sent) avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 27 yanvar 2021-ci il tarixli, 3680 saylı məktubundan görünür ki, Şəxs MMC qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində mal və xidmətlərin ölkəyə idxalını və ya vəsaitin geri qaytarılmasını təsdiq edən sənədləri banka təqdim etməmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs MMC tərəfindən 179.158,88 (yüz yetmiş doqquz min yüz əlli səkkiz avro səksən səkkiz sent) avro vəsait ödəniş 18 yanvar 2019-cu il tarixdə həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, “xxxx” ASC-nin 17 yanvar 2019-cu il tarixli 03 nömrəli köçürmə ərizəsində köçürmə əməliyyatının 17 yanvar 2019-cu ildə aparılmasının qeyd olunmasına baxmayaraq, iş materiallarında olan “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 27 yanvar 2021-ci il tarixli, 3680 saylı məktubunda, İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda, o cümlədən ********* ZK5 nömrəli invoysun üzərindəki “xxxx” ASC-nin “Korporativ müştərilərlə iş şöbəsi”nin ştampından müəyyən edilir ki, 179.158,88 (yüz yetmiş doqquz min yüz əlli səkkiz avro səksən səkkiz sent) avro pul vəsaiti üzrə köçürmə əməliyyatı 18 yanvar 2019-cu il tarixdə həyata keçirilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xarici valyutada pul köçürülməsi əməliyyatının aparılması tarixi 18 yanvar 2019-cu il qəbul edilməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (02 il) müvafiq malların idxal edilməməsi, işlər görülməməsi və ödənilmiş valyuta vasaitinin xaricdən geri qaytarılmamasına görə nəzərdə tutulduğundan inzibati xəta tərkibi 02 il müddətində müvafiq malların (işlərin, xidmətlərin) idxal edilməməsinə, valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. İnzibati xətanın törənməsi və müddət axımı valyuta vəsaitinin köçürüldüyü gündən riyazi hesablama ilə 2-ci ilin tamam olduğu günün ertəsi günündən başlamış olur. Hazırki halda isə Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta 19 yanvar 2021-ci il tarixdə törədildiyindən həmin xətaya görə 3 aylıq məsuliyyət cəlbetmə müddəti 19 aprel 2021-ci il tarixdə başa çatmış olur. Qeyd olunan tarixdən isə artıq 1 (bir) ay 20 (iyirmi) gün müddət keçməsi, hazırki işin məhkəməyə Bakı Apellyasiya Məhkəməsindən 25 may 2021-ci il tarixdə daxil olması nəzərə alınaraq, xətaya görə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Qərarla məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, onun barəsində tərtib olunmuş 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-639/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-639/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver