Məhkəmə qərarları › İş №3(004)-64/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-64/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-64/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİnin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Badamdar yolu 42, Qurd qapısı dairəsində YPX inspektoru 327.2 qırmızı işıqda keçdiyim üçün idarə etdiyi **-KM-*** nömrəli NV-nə saxla əmri vermişdir. Sənədlərini təqdim etmiş, 327.2 maddəsinə uyğun olaraq qayda pozuntusu etdiyini ona bildirmiş və şəxsi İphone markalı telefonunda ona video çəkiliş təqdim etmişdir. O, bununla razılaşmayaraq öz etirazını bildirərək yaşıl işıqda keçdiyini və yol ayrıcında Nizamlayıcı Polis nəfərinin dayandığını bildirmişdir. Lakin təqdim olunan videoda nə yol ayrıcında dayanan Polis nəfəri, nə də onun yaşıl işıqda keçib yol ayrıcında dayandığı əks olunmuşdur. Ona ərazidə TŞ və YPX kameralarının olduğunu söyləmişdir. xx.xx.2024-cü il tarixdə protokol qərarlaşdırılıb, və o, Asanpay vasitəsi ilə şikayətini bildirmişdir, arxa tərəfdən video görüntünün təqdim olunmasını, bununla belə həm yaşıl işıqda keçdiyini həm də yol ayrıcında nizamlayıcının davam et əmri ilə hərəkət etdiyini sübuta yetirsin. Şikayətə 1 (bir) ay ərzində cavab verilmədiyindən yenidən Asanpay vasitəsi ilə şikayətə cavab verilmədiyi üçün şikayət bildirmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ-nə dəvət olunmuş, ona həmin telefonla çəkilmiş video təqdim olunmuş, və o şikayət vasitəsi ilə əlavə video görünüş tələb etdiyini söyləmiş, lakin heç bir video təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə qərarı əldə etmiş, lakin təqdim olunan qərarda təqdim olunma barəsində vaxt və tarix yoxdur. DYP idarəsinə daxil olanda kamera görüntüsü var, dəftərdə ad soyadı qeyd olunub. Qeyd etmək istərdim ki, yol ayrıcında nizamlayıcı olduqda işıqfor qüvvədən düşür. Arxa görünüş kamerası olsa idi, sübuta yetirə bilərdi ki, həm yaşıl işqda keçib yol ayrıcında tıxaca düşmüş, həm də nizamlayıcı əks tərəf yolu bağlayaraq davam et işarəsi vermişdir. Təqdim olunan görüntüdə əks tərəfə yaşıl işıq yandığı görsənir, həmin vaxtda o artıq yol ayrıcında olmuşdur, yol ayrıcında olduğu təqdirdə qanunda qeyd olunduğu kimi yol ayrıcı tam boşalmayana qədər əks tərəf hərərkət etməməlidir. YPX təlimatının 4.3 bəndinə əsasən patrul avtomobili və YPX inspektoru kifayət edəcək məssafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntüsünü məhdudlaşdıran hər hansı bir maneələrin arxasında o cümlədən qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağanadır. Düzgün yerdə dayanıb düzgün çəkiliş aparılsaydı bu bal baş verməzdi. Çəkiliş qəsdən kolların arxasında elə aparılıb ki, nə dayanan nizamlayıcı, nədə onun yaşıl işiqda keçib yol ayrıcında tıxacda dayanmağı əks olunmayıb. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq fotoşəkillər təqdim edərək qeyd etmişdir ki, hər gün mütəmadi olaraq həmin ərazidə nizamlayıcı polis əməkdaşı dayanır və hərəkəti gələn göstərişlərə uyğun nizamlayır. Məhkəmə iclasında işirak edən Qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, qəbul edilmiş qərar qanuna uyğundur və şikayət əsassızdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin videogörüntü məhkəməyə təqdim edilmişdir. Lakin onlarda hadisənin baş verməsini özündə əks etdirən başqa görüntü mövcud deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 4 oktyabr 2024-cü il tarixdə saat 19:10-da idarə etdiyi “Chevrolet Epica” minik markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Badamdar yolu 42, Qurd qapısı dairəsi (GPS: 40.3564733,49.8109026) istiqamətində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmişdir. Buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün 100 manat məbləğində cərimə olunmuşdur. Hadisənin baş vermə görüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman videonun çəkilmə rakursu hadisəni hərtərəfli müşahidə etməyə imkan vermədiyindən yalnız mülahizələrə əsaslanmaq mümkün olmuşdur. Belə ki, avtomobillərin hərəkəti davam edərkən videodan görünür ki, qarşı tərəfə yaşıl işıq yansa da avtomobil axını davam edir və qarşı tərəfdə duran avtomobillər hərəkətə başlamırlar, sanki qarşılarında onları saxlayan hər hansı maneə varmış kimi gözləyirlər. Bu da özlüyündə elə bir təəssürat yaradır ki, sanki qarşıda nizamlayıcı avtomobillərin hərəkətini məhdudlaşdırmışdır. Videogörüntü məhdud olduğundan hadisəni tam obyektiv dəyərləndirmək mümkün olmamışdır. Eyni zamanda hadisənin daha dolğun görüntülərini əldə etmək məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin X2 Xidmətinə məktub ünvanlanmış və yuxarıda qeyd edilən ərazidə xx.xx.2024-cü il tarixdə saat 18:45-19:20 aralığını əhatə edən mövcud videogörüntülərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş və buna görə məhkəmə iclasları təxirə salınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X2 Xidmətindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanı məhkəməyə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda şikayətçi öz təqsirsizliyini sübut etməyə borclu deyildir, əksinə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olmasını əks etdirən mötəbər sübutları məhkəməyə təqdim etməyə borclu olduğu halda, bunu lazımınca etməmişdir. Halbuki inzibati orqana qərarın qanuni olmasını ehtiva edən sübutları məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmiş və buna görə məhkəmə iclası iki dəfə təxirə salınmışdır. Təqdim edilən yeganə sübutla isə (telefonla çəkilmiş videogörüntü ilə) hadisəni obyektiv qiymətləndirmək mümkün olmadığından yaranmış şübhələr şikayətçinin xeyrinə həll edilməlidir. Beləliklə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinməldir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. X5 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar