Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-640/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi, ev 60, mənzil 115-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə 01.02.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin protokolun tərtib edilməsinə əsasən olmuş raporta əsasən Şəxs 31.01.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli göründüyü üçün polis əməkdaşları onu saxlamış, özlərini təqdim etmiş, ondan sənədlərini tələb etmişlər, lakin bu zaman Şəxs polisin qanuni tələbinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşları onu saxlayıb 29-cu PŞ-yə dəvət ediblər. Söhbət zamanı həmin şəxsin Şəxs olduğu məlum olub. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, 31.01.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində olarkən 02 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etdi və ondan şəxsiyyət vəsiqəsini istədilər. O, da heç bir qanunsuz əməl etmədiyi üçün, tutulmasından qorxduğu üçün qaçmaq istəmiş, lakin sonradan başa düşmüşdür ki səhv edir, polislərin təklifi ilə bölməyə gəlmişdir. Bölmədə də müəyyən edilmişdir ki, heç bir xəta törətməmişdir, lakin buna baxmayaraq əsassız protokol tərtib edib məhkəməyə gətiriblər. Ona görə də işə xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru Rüfət Xələfov bildirdi ki, protokolu rapopt əsasında tərtib etmişlər. Belə ki, raporta əsasən Şəxs 31.01.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli göründüyü üçün polis əməkdaşları onu saxlamış, özlərini təqdim etmiş, ondan sənədlərini tələb etmişlər, lakin bu zaman Şəxs polisin qanuni tələbinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşları onu saxlayıb 29cu PŞ-yə dəvət ediblər. Söhbət zamanı həmin şəxsin Şəxs olduğu məlum olub. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Ehtiram Hacıyev və sahə inspektoru Rüfət Xələfovun 29-cu Polis Şöbəsinin ünvanına tərtib etdikləri raportda göstərilir ki, Şəxs Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli göründüyü üçün polis əməkdaşları onu saxlamış, özlərini təqdim etmiş, ona sənədlərini təqdim etməsini bildirmiş, lakin o, polislərin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd etmişdir. Məhkəmə qeyd edir ki, raporta əsasən protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin aşağıdakəlara əsasən şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Görünür ki, polis əməkdaşları şəxsi saxlayıb, oğurluqda şübhələndikləri üçün şəxsiyyət vəsiqəsini tələb etmişlər. Belə olduğu təqdirdə əgər şəxsdən oğurluqda şübhələnilirsə, həmin şəxsi İXM-nin və CPM-nin verdiyi hüquqlardan istifadə edərək polis əməkdaşları onu tuta bilərlər. Polis əməkdaşının şübhəli şəxsin inzibati xəta törədilməsinə görə və ya cinayət əməli törədilməsinə görə həmin şəxsdən şübhələnməsi ilə görəcəyi tədbirlər polis əməkdaşının məhz inzibati xəta və ya cinayət əməlinin qarşısının alınması, bu cür əməlləri törətmiş şəxslərin ifşa edilməsi, məsuliyyətə cəlb edilməsi sahəsindəki fəaliyyətinə aid məsələlərdir. Polis əməkdaşlarının protokolda və raportda göstərilən vəzifələrinin nədən ibarət olması, bu zaman hansı prosessual qərarların qəbul edilməsinə aid prosessual məsələlər İXM və CPM ilə tənzimlənmişdir. İXM və CPM ilə tənzimlənən məsələlər üzrə prosessual vəzifələrinin yerinə yetirilməsi sahəsindəki polisin fəaliyyəti konkret olaraq İXM və CPM ilə tənzimləndiyindən, bu cür vəziflərinin yerinə yetirilməsi məsələləri ictimai qaydanın mühafizə vəzifələrini icra edilməsi sahəsinə aid deyil, İXM və CPM ilə müəyyən edilmiş hüquq və vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır. Ona görə də məhz bu cür funksiyalarını yerinə yetirərkən, polis əməkdaşının tələblərinə tabe olmayan şəxslər olarsa, polis əməkdaşlarının həmin şəxsi İXM və CPM ilə müəyyən edilmiş qaydada tutmaq hüququ, şübhənin aydınlaşdırılmasından asılı olaraq prosessual qərarlar qəbul etmək hüququ, şübhələr əsassız olduqda isə şəxsi azad etmək vəzifələri vardır. Ona görə də bu cür məsələlərlə bağlı polis əməkdaşının yerinə yetirdiyi vəzifələr İXM-nin 535.1-ci maddəsindəki nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edilməsi sahəsinə aid deyil. Bu səbəbdən də İXM-nin 535.1-ci maddəsindəki vəzifələrin yerinə yetirilməməsi ilə bağlı olmayan, İXM və CPM ilə tənzimlənən digər funksiyalarını yerinə yetirərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq, İXM-nin 535.1-ci həmin maddəsindəki inzibati xəta kimi müəyyən edilə bilməz. Bu səbəbdən də protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İş materiallarındakı 31.01.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin gün saat 12:40 radələrində saxlanılmışdır. Göstərilənlərə əsasən İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-640/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-640/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver