Məhkəmə qərarları › İş №3(004)-6413/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6413/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6413/2025 15.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar (zərərçəkmiş şəxs) X2 iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1497/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1497/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaiti tələbkar X3 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru S.Mahmudova bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1497/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaiti tələbkar X3 ödənilməlidir. İndiyədək borclu tərəfindən 21500 manat məbləğində pul vəsaiti tələbkara ödənilmişdir. Sonuncu məhkəmə iclasında borclu söz vermişdir ki, ayın sonunadək 1000 manat tələbkara ödəyəcəkdir. Lakin ayın sonunadək həmin məbləğdən yalnız 500 manat ödəmişdir, qalan 500 manat ödənişi də bugün etmişdir. Hazırda borclunun tələbkara ödənilməli olan 117.500 manat borcu vardır. İcra sənədi əsasında icraata başlanılmış və bununla bağlı bildiriş borcluya təqdim edilmişdir. Lakin Şəxs icra vərəqəsinin icrasını üzrsüz səbəbdən tam yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, Şəxs vaxt aşırı müəyyən ödənişlər etmişdir. Sonuncu dəfə bugün 500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərərçəkmiş şəxs) X5 bildirmişdir ki, o, borcu tam məbləğdə tələb edir. Lakin hissə-hissə ödənilirsə də vaxtında ödənilməsini tələb edir. Belə ki, sonuncu məhkəmə prosesində borclu söz vermişdir ki, ayın sonunadək 1000 manat məbləğində ödəniş edəcəkdir. Lakin həmin ayın sonunadək 500 manat ödəniş etmişdir, geri qalan 500 manat ödənişi də gecikmə ilə bugün etmişdir. Buna görə də borclunun barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, işsiz olduğundan imkansızlıqdan borcu tam məbləğdə ödəyə bilmir. Evindəki əşyaları sataraq bir hissəsini ödəmişdir. Hazırda da keçən ayın sonu 500 manat, bugün isə 500 manat tələbkara ödəniş etmişdir. Hər ay 1000 manat ödəyəcəyinə dair tələbkarla razılığa gəlmişdir və vədinə əməl edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1497/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaiti tələbkar X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmış və bildiriş borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən X3 mütəmadi olaraq ödənişlər edildiyindən əməldə inzibati xəta tərkibi mövcud deyildir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar