Məhkəmə qərarları › İş №3(004)-6420/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6420/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6420/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Protokol tərtib etmiş şəxs - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə1, Hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə 12 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxsnə məxsus onlayn bina idarəetmə sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin sistemin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokola əlavə təqdim edərək bildirmişdir ki, Şəxs Mənzil-Tikinti Kooperativinə (VÖEN: **********) məxsus onlayn bina idarəetmə sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi nəticəsində vətəndaşların fərdi məlumatlarının kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü ilə bağlı 09 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə vətəndaş Fərid Qasımov tərəfindən şikayət daxil olmuş və sözügedən vətəndaş müvafiq məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş etmişdir. Tərəflərindən müvafiq vətəndaş şikayətinin araşdırılması nəticəsində 11 sentyabr 2025-ci il tarixdə müəyyən edilmişdir ki, adıçəkilən MTK-ya məxsus onlayn bina idarəetmə sistemi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinin tələblərinə əsasən dövlət qeydiyyatından keçirilməmişdir, həmçinin sözügedən MTK tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq sistemin inzibatçısının giriş məlumatları kənar şəxslər tərəfindən ələ keçirilmiş və internetdə yayılmış, bununla da müvafiq sistemdə fərdi məlumatların mühafizəsi təmin edilməmişdir. Qeyd edilən hallar isə özlüyündə ciddi inzibati xəta olmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Belə ki, Şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddəsində nəzərdə tutulmuş hər iki inzibati xəta vətəndaş müraciətinin araşdırılması nəticəsində 11 sentyabr 2025-ci il tarixdə aşkar edilmişdir. Qeyd edilən hallar 11 sentyabr 2025-ci il tarixli videoqeydiyyat (həmin disk müvafiq protokolla birlikdə baxılması üçün 15 sentyabr 2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə kağız daşıyıcıda təqdim edilmişdir) və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri (adıçəkilən informasiya sisteminin dövlət qeydiyyatının mövcud olmaması barədə 12 sentyabr 2025-ci il tarixli 3-27-101/2- 890/2025 nömrəli məktub eyni tarixdə elektron sənəd dövriyyəsi sistemi vasitəsilə iş materialları ilə birlikdə Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir) ilə təsdiq edilmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi fərdi məlumatların mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Eyni zamanda həmin Qanunun 15.2-ci maddəsinə əsasən, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq, fərdi məlumatların mühafizəsinin dövlət təhlükəsizliyindən irəli gəldiyini, müvafiq pozuntu nəticəsində fiziki şəxslərin fərdi məlumatlarının kənar şəxslər tərəfindən əldə edilməsinin onlar üçün risklərini nəzərə alaraq, Şəxs Mənzil-Tikinti Kooperativinə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak barədə dərhal dəvət məktubu ünvanlanmış, həmçinin məsələnin təcililiyi nəzərə alınmaqla, həmin MTK xx.xx.2025-ci il tarixində elektron poçt üzərindən və zəng vasitəsilə məlumatlandırılmışdır (müvafiq olaraq göndərilən elektron poçt çıxarışı iş materiallarına əlavə edilir). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın əməkdaşı Xidmətlə əlaqə saxlayaraq inzibati xəta haqqında protokolun tərtibində xx.xx.2025-ci il tarixdə iştirak edəcəklərini bildirmişdir. Həmçinin müvafiq dəvət məktubunda inzibati xəta haqqında protokolun tərtibində Şəxs nümayəndəsinin (əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər) iştirak etməli olduğu qeyd edilməsinə baxmayaraq, həmin MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinin tələblərinə uyğun nümayəndənin iştirakı təmin edilmədiyi üçün, adıçəkilən MTK-nın nümayəndəsinin iştirakı olmadan barəsində 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti Şəxs elektron poçt ünvanına, həmçinin xx.xx.2025-ci il qeydiyyat tarixli 3-27-101/2-892/2025 qeydiyyat nömrəli məktubla həmin MTK-nın ünvanına göndərilmiş, eyni zamanda məktubda onun hüquqları və vəzifələri izah edilmişdir. Bununla yanaşı qeyd etmişdir ki, 12 sentyabr 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın etibarnamə üzrə təmsilçisi X2 müvafiq pozuntu halı ilə bağlı ətraflı məlumatlar verilmiş və əyani olaraq pozuntu halı göstərilmiş, pozuntunun təcili şəkildə aradan qaldırılmadığı təqdirdə hansı nəticələrə səbəb olacağı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.5.5-ci maddəsinə uyğun olaraq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi izah edilmiş və sözügedən informasiya sistemində təxirəsalınmaz zəruri texniki-təşkilati tədbirlərin həyata keçirilməsi istiqamətində metodiki dəstək göstərilmişdir. Eyni zamanda bildirmişdir ki, müvafiq sistem üzrə təhlükəsizlik tələblərinin pozulması faktları yalnız dövlət qeydiyyatının olmaması ilə məhdudlaşmır. Aparılmış araşdırma və keçirilmiş görüş nəticəsində müəyyən edilmişdir ki, MTK tərəfindən idarə olunan sistemdə fərdi məlumatların mühafizəsi ilə bağlı digər ciddi pozuntular da mövcuddur. Xüsusilə iki faktorlu autentifikasiya (2FA) tədbirlərinin tətbiq edilməməsi (Sistemə yalnız istifadəçi adı və şifrə ilə daxilolma mexanizminin mövcudluğu fərdi məlumatların kənar müdaxilə yolu ilə ələ keçirilməsi riskini əhəmiyyətli dərəcədə artırır), istifadəçi adları və şifrələrin açıq formada paylaşılması kimi pozuntular tərəfə açıq-aydın bildirilmiş və görülməli tədbirlər izah edilmişdir. “Fərdi məlumatlar haqqında” AR Qanunun 10.1-ci maddəsinin tələblərinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblər”ə əsasən, fərdi məlumatlar üzərində aparılan əməliyyatlar yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməlidir. Bir daha qeyd etmişdir ki, müvafiq informasiya sisteminin dövlət qeydiyyatından keçirilmədən qanunsuz istifadəsi, informasiya sistemi ilə təhlükəsizlik təlimatlarının müəyyən edilməməsi, müştərilərin istifadəçi adları və parolların sistemdə açıq şəkildə paylaşılması, iki faktorlu autentifikasiyanın təmin edilməməsi, sistemə yalnızca istifadəçi adı və şifrə ilə daxil olunması, fərdi məlumatlara qanunsuz müdaxilə faktının vaxtında aşkarlanmaması və fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılmaması mülkiyyətçi olaraq Şəxs MTK-nın fərdi məlumatlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri icra etmədiyini sübut edən faktlardır. Odur ki, yuxarıda göstərilənləri və müvafiq qanunvericilik müddəalarını nəzərə alaraq Şəxs Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş 12 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda sözügedən hər iki inzibati xətanın törədilmə vaxtının 11 sentyabr 2025-ci il olaraq nəzərə alınması və müvafiq protokola tərəflərindən yuxarıda qeyd edilmiş əlavələrin qəbul edilməsini xahiş etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Şəxs Mənzil-Tikinti Kooperativi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 onlara bununla bağlı heç bir məlumatın daxil olmadığını, rahat bina ilə müqavilə bağladıqlarını, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 12 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxsnə məxsus onlayn bina idarəetmə sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin sistemin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi faktı aşkar edilmişdir. CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxsnə məxsus internet informasiya ehtiyatında müştərilərə dair fərdi məlumatların əldə edilməsinin mümkün olduğu görünmüşdür. xx.xx.2025-ci il tarixli, 3-27-101/2-890/2025 nömrəli məktubdan görünür ki, Şəxsnə məxsus fərdi məlumatların informasiya sisteminin (https://rahatbina.etohouse.az) fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyatı mövcud deyildir. Beləliklə də, Şəxsnə məxsus müştərilərin fərdi məlumatlarının toplanıldığı və işlənildiyi informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmaması müəyyən edilmişdir və Şəxsnə məxsus “https://rahatbina.etohouse.az” internet informasiya sistemində onun müştərilərinin fərdi məlumatlarının mühafizəsinin təmin olunmaması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 375.0-cı maddəsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə; 375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü maddəsinə əsasən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. “Fərdi məlumatlar haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən, fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblərə” əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi, informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi ilə bağlı texniki-təşkilati tədbirlər görməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndəsinin izahatı, 01 ədəd diskdə olan videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxsnə məxsus sifarişlərin idarə olunması sistemində (internet ünvanı: https://rahatbina.etohouse.az) fərdi məlumatların mühafizəsi təmin edilməmiş və həmin informasiya sistemi dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar