Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6423/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta haqqında 8 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi, vətəndaş X1 xx.xx.2025-ci il tarixdən 20 günlük sınaq müddəti ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də mətbəə işlərinin görülməsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyi məlum olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, o, öz adına fiziki şəxs kimi vergi orqanında uçotdadır. Həm hüquqi şəxsin həm də fiziki şəxsin fəaliyyət istiqamətləri eynidir. E.Əmiraslanov işləmək üçün müraciət etmiş, 20 gün sınaq müddətinin sonunda işi bacarmadığından onunla əmək müqaviləsi bağlanmamışdır. Sınaq müddətində işçi ilə müqavilə bağlanmalı olduğunu bilməmişdir. İnzibati icraat zamanı verdiyi izahatında həyəcanlı olduğundan, eləcə də hüquqi savadsızlığından bildirmişdir ki, E.Əmiraslanov Şəxs MMC-də işləmişdir. Halbuki Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan başqadır. Həmin faktı icarə müqaviləsi də təsdiq edir. E.Əmiraslanov isə başqa ünvanda sınaq müddəti üzrə fiziki şəxs kimi onun sahibkarlıq fəaliyyəti üzrə işlərin görülməsinə cəlb edilmişdir. Hətta şəxs işin öhdəsindən gəlməsə də ona işlədiyi müddətin haqqı nağd şəkildə ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vətəndaş E.Əmiraslanov xx.xx.2025-ci il tarixdən 20 günlük sınaq müddəti ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də mətbəə işlərinin görülməsinə cəlb edilmişdir. Qeyd edilən faktı hüquqi şəxsin direktoru da inzibati icraat zamanı verdiyi izahatında təsdiq etmişdir. Hazırda N.HÜseynzadənin fərdi sahibkar kimi (fiziki şəxs kimi) işçini cəlb etməsini bildirməsinin məqsədi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 8 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən vətəndaş X3 xx.xx.2025-ci il tarixdən 20 günlük sınaq müddəti ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən mətbəə işlərinin görülməsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə Şəxs MMC barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, E.Əmiraslanov xx.xx.2025-ci il tarixdən 20 günlük sınaq müddəti ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən mətbəə işlərinin görülməsinə cəlb edilmişdir. Şikayətçi E.Əmiraslanov inzibati orqana etdiyi şikayətində bildirmişdir ki, Şəxs MMC-də işlərin görülməsinə cəlb edilmiş lakin ona əmək haqqısı ödənilmədən işdən kənarlaşdırılmışdır. Hüquqi şəxsin rəhbəri də inzibati icraat zamanı bu faktı təsdiq edərək izahatında bildirmişdir ki, E.Əmiraslanov Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sınaq müddəti üzrə işlərin görülməsinə cəlb edilmiş, özünü doğrultmadığı üçün işə qəbul edilməmiş, lakin işlədiyi günlərin məvacibi ona ödənilmişdir. Halbuki məhkəmə iclasında hüquqi şəxsin rəhbəri inzibati icraat zamanı verdiyi ifadəsini təkzib edərək, həmin vaxt həyəcanlı olmasını və hüquqi savadsızlığını əsas gətirərək düzgün izahat vermədiyini, şəxsin öz adına fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olan müəssisədə işlədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən ifadə özünümüdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yayınmaq niyyəti ilə uydurulmuş, qeyri-səmimi ifadədir. Belə ki, hüquqi şəxsin rəhbəri məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni nümayənədəsinin məhkəmə iclasında verdiyi ifadəsini əsaslı hesab edə bilməz. Yuxarıda qeyd edilən iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi hüquqi şəxs Şəxs MMC tərəfindən vətəndaş X1 xx.xx.2025-ci il tarixdən 20 günlük sınaq müddəti ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də mətbəə işlərinin görülməsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6423/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6423/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver