Məhkəmə qərarları › İş №3(004)-643/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-643/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-643/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər BDYPİ-nin Sabunçu rayon DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Baş Polis İdarəsinin Sabunçu rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokolun, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokolun və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi, hər üç işə aid inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN-nin Bakı şəhər BDYPİ-nin Sabunçu rayon DYPİ tərəfindən Əlisahib Məmmədov barəsində İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək, xx.xx.2020-ci il tarixdə İXP3193789 saylı protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə faktiki əsas kimi epidemiya leyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinin pozulması qeyd edilmişdir. Protokol tərtib edilərkən bildirilmişdir ki, icazəsi olmadan həmin dövrdə tətbiq edilən “sms-icazə” rejimin qaydalarına əməl etməmiş, müvafiq icazə almamış yaşayış yerini tərk etmişdir. Protokola uyğun olaraq xx.xx.2020-ci il tarixdə TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərar” çıxarılmış və İXM-nin 211 -ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin protokol və qərar rəsmi qaydada ona göndərilməmişdir. xx.xx.2021-ci il tarixdə Yasamal rayon İcra və Probasiya İdarəsindən bu məsələ barədə ona zəng gəldikdən sonra bu barədə məlumat əldə etmişdir. Hesab edir ki, həmin protokol və qərar əsassızdır və ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin diqqətinə çatdırır ki, qardaşı X4 xx.xx.2020-ci il tarixdə çox ağır xəsarət alaraq, Sabunçu rayon xəstəxanasına yerləşdirilmişdir. Bir gün orada qaldıqdan sonra vəziyyəti daha da ağırlaşdığı üçün qardaşını Sabunçu rayon Xəstəxanasından çıxardaraq təcili yardım maşını ilə AR Səhiyyə Nazirliyinin Elmi-təqdiqat Travmatologiya İnstitutuna aparmışdır. 08 aprel tarixdən xx xxxxx 2020-ci il tarixədək qardaşının Sabunçu rayon Xəstəxanasında müalicə alması ilə bağlı Xəstəlik tarixçəsindən çıxarış təqdim edilmişdir. Həmin tibb müəssisəsində ona sağ mil sümüyünün başının sınığı diaqnozu qoyulmuş və onun üzərində sağ bud sümüyünün boynunun osteosintez cərrahi əməliyyatı icra edilmişdir. xx.xx.2020-ci il tarixədək həmin xəstəxanada qalmış və əməliyyatdan sonrakı müalicəni orada davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə evə stasionar müalicəyə buraxılmışdır. Bütün bu 8 gün ərzində müntəzəm olaraq xəstənin yanına gedib-gəlmiş və ona qida və gündəlik dəyişəcək geyimlər aparmışdır. Həmin vaxt üzərində qardaşının xəstəliyi ilə bağlı bəzi sənədlər, arayışlar olmuşdur. Qardaşı ağır xəsarət alaraq yaralandıqdan sonra onu xəstəxanaya aparmaq və müalicəsi ilə məşğul olduğu ilk gün YPX əməkdaşı onu saxlamış və sms-icazə olmadan yaşayış yerini tərk etdiyinə görə barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə İXP ******* saylı, xx.xx.2020-ci il tarixdə isə TP ******* qərar tərtib etmişdir. Həmin protokollar tərtib edilərkən bu barədə YPX əməkdaşına məlumat verərək qardaşının ağır vəziyyətdə xəstəxanaya yerləşdirməyi və s. barədə məlumat versə də, o həmin yeri tərk etdikdən sonra o yenə də protokolu tərtib etmişdir. Həmin protokolların heç biri ona rəsmi qaydada verilməmişdir, protokolların tərtib edilməsindən məlumatsız olmuşdur. Eyni zamanda “asan pay” sistemində protokolların və adına cərimənin mövcud olmağına baxmayaraq, həmin protokollar üzrə qəbul edilmiş qərarların heç biri ona verilməmiş, ümumiyyətlə bu barədə qərar qəbul edilərkən ona heç bir məlumat verilməmişdir. Qərarlardan yalnız biri üzrə qərar ona İcra və Probasiya idarəsi tərəfindən verilmişdir. Həmin dövrdə tətbiq edilən icazə qaydalarına uyğun olaraq, həkim arayışı əsasında xəstəni müalicə üçün aparıb-gətirmək və onu müşayət etmək mümkündür və heç bir inzibati məsuliyyətə səbəb olmur. Buna baxmayaraq, YPX inspektoru onun barəsində qeyd etdiyi protokolu və qərarı tərtib etmiş və inzibati tənbeh vermişdir. Xəstəlik kağızlarından da göründüyü kimi qardaşı Orxan Məmmədov xx.xx.2020-ci il tarixdə qəza keçirib. Bu o anlam verir ki, həmin anda onun sms icazə üçün müraciət etməsi qeyri-mümkündür, çünki doğma qardaşının elə bir məqamında təcili olaraq hadisə yerinə gələrkən həyəcan və stres o dərəcədə olur ki, insan öz adını belə unuda bilir. Buna görə də hesab edir ki, bu hal YPX əməkdaşı tərəfindən nəzərə alınmalı idi. 13 və 15 aprel tarixlərində isə üzərində xəstəlik kağızları olub və bu sənədləri də polis əməkdaşına təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BDYPİ-nin Sabunçu rayon DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 02:00-da Sabunçu rayonunun Zabrat dairəsində “Chery Cowın” minik markalı 90EE459 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211-ci (hazırda 211.1) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (əvvəlki redaksiya) əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X3 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş “xəstəlik tarixindən çıxarış”dan və AR Səhiyyə Nazirliyi Elmitədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş arayışdan aydın olur ki, X2 qardaşı Orxan Məmmədova xx.xx.2020-ci il tarixdə “sağ bud sümüyü boynunun vintlər ilə osteosintez” cərrahi əməliyyatı aparıldığından, Əlisahib Məmmədov xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ETTOİ-də stasionar müalicə alan xəstəyə qulluq etmişdir. Lakin buna baxmayaraq, səlahiyyətli orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhər BDYPİ-nin Sabunçu rayon DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi qərarla yanaşı protokolun ləğv edilməsini xahiş etsə də, qanunvericiliyə əsasən, məhkəmə qaydasında yalnız qərardan şikayətə baxılır. Buna görə də, məhkəmə hesab edir ki, şikayətin “protokolun ləğv edilməsi” hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhər BDYPİ-nin Sabunçu rayon DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar