Məhkəmə qərarları › İş №3(004)-6439/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6439/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6439/2025 26.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində “Bolt” çatdırılma programında sifarişlə idarə etdiyi “KİA” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Həsənbəy Zərdabi küçəsinin sonunda yerləşən “AZPETROL” yanacaqdoldurma məntəqisində yanacaq doldurarkən ona DYP xidmətinin inspektoru polis baş serjantı Əsədov Vaqif DYP-ə aid xidməti avtomobildən düşərək ona yaxınlaşmışdır. Polis əməkdaşı ona bildirmişdir ki, sayrışan işıqlarla onu təqib etmiş və dediyinə görə guya saxla əmrinə tabe olmayaraq avtomobilini saxlamamışdır. Bu zaman onların arasında olan dialoqa yanacaq doldurma məntəqəsinin işçisi şahid olmuşdur. DYP əməkdaşı onu sayrışan işıqla təqib etməmiş və o heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Polis əməkdaşı ona Akim Abbasov küçəsindən H.Zərdabi küçəsinə dönərkən düzgün zolaq seçmədiyimi bildirdi. Mən isə etiraz edərək sayrışan işıqlarla məmi təqib etmədiyini və heç bir qayda pozmadığını bildirdmişdir. O DYP əməkdaşından bu dediklərini sübut etmək üçün ondan kamera görüntülərini tələb etmiş o, isə göstərməmişdir. Protokol təqdim edəcəyini ona bildirməyərək xidməti avtomobilinə əyləşərək oranı tərk etmişdir. Bir neçə gündən sonra şəxsi mobil telefonuma cərimə olunduğu barədə protokol (İXP: 7266383) təqdim olunduğu mesajı gəlmişdir. O bu protokolla razı olmadığı üçün hadisə yerinə gedərək baxış keçirmiş günahsız olduğumu anlayaraq Bakı şəhəri DYPİ rəhbərliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş İXP7266383 nömrəli protokol qüvvədə saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarınun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin tərtib etdiyi 13 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 “Kia Sportage” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 13 iyul 2025-ci il tarixdə, saat 19:26-da Bakı şəhəri, X8 61 ünvanında yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X4 “Kia Sportage” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 13 iyul 2025ci il tarixdə, saat 19:26-da Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ilə hərəkətdə olarkən yol nişanının tələbinə pozaraq düzünə hərəkət etməli olduğu halda sağa dönərək X8 prospekti ilə hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, protokol qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin protokolla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və protokolun dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin videogörüntüyə baxış keçirilərkən X4 tərəfindən svetoforun qadağanedici işarəsi verildikdən sonra hərəkətini davam etdirməsi nəticəsində yol hərəkəti haqqında qanunun tələblərinin pozulması öz təsdiqiqni tapmışdır. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə protokolın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, protokol qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən protokol dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2in Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayət təmin edilməsin, həmin protokol dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar