Məhkəmə qərarları › İş №3(004)-644/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-644/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-644/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01.02.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs 15.12.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-nın mühafizəçi otağından 500 manat nağd pulu gizli olaraq talamışdır. Bundan başqa o, 15.12.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 77, 20 saylı mənzilin pəncərəsinin 2 ədəd nəfəsliyini gizli olaraq talamaqla mənzil sahibi X1 50 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, 31.12.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən musiqi alətləri dükanının giriş qapısında quraşdırılmış “LED” işıqlarının naqillərini zədələmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru V.S.Alıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi imkanı zəif olduğu üçün xırda oğurluqlar etmişdir. Hal-hazırda əməlindən peşmandır və göstərilən halların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis bölməsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 25.12.2021-ci və 10.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, zərərçəkmiş şəxslərin şikayətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda təqsirkar şəxsin əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən müvafiq tədbir görülməsi üçün qərarın surəti sahə inspektoruna təqdim edilmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31.01.2021-ci il tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulduğu vaxtdan, yəni 31 yanvar 2022-ci il tarixdən saat 21:10-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən izibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 227 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən saat 21:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar