Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-646/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 22 fevral 2021-ci il tarixdə saat 16:49-da Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzindən daxil olmuş məlumata əsasən Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları ünvan 2 ünvanında olarkən Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş və əl-qol hərəkətləri ilə fiziki güc tətbiq etməyə cəhd göstərmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X20 izahatında bildirmişdir ki, 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumat əsasında həmin gün qabaqcadan rəhbərlik tərəfindən müəyyən edilmiş qrafik üzrə növbədə olan əməliyyat qrupu ilə birgə ünvan 1 ünvanına getmişdir. Əməliyyat qrupuna ondan başqa bölmənin təhqiqatçısı İlqar Səfərov və əməliyyat müvəkkili Ceyhun Babayev daxil olmuşdur. Onlar ünvana çatdıqda həmin vaxt mənzildən səs-küy gəlməsini eşidib qapını döymüşlər. Qapını əsəbi şəkildə açan Şəxs onları görərək iradını bildirmişdir. Onlar özlərini təqdim edərək DİN-nin 102 Xidmətinə bacısı Ülviyyə Baxşıyeva tərəfindən anasını döyməsinə dair məlumat daxil olduğunu bildirmişlər. Həmin vaxt onlar mənzilə daxil olmasalar da kənardan Şəxs anası Tamilla Nəsirova qapıya çıxarkən onun qulaq nahiyəsindən qan axmasının şahidi olmuşlar. Bundan sonra onlar sonuncunun şəxsiyyətinin müəyyən edilməsi və faktla bağlı araşdırmanın aparılması məqsədilə dərhal onlarla birlikdə polis bölməsinə gəlməyi təklif etmişlər. Buna baxmayaraq Şəxs onlarla birlikdə bölməyə getməkdən imtina etmişdir. Həmçinin o, polis işçilərinin qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Buna görə də 102 Xidmətindən daxil olmuş məlumatun yoxlanılması məqsədilə Şəxs saxlanılaraq bölməyə aparılmışdır. Polis bölməsinə gətirildikdən sonra Şəxs öz hüquqazidd hərəkətlərini davam etdirərək polis işçilərinin ünvanına nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salmış və onun hərəkətləri nəticəsində bölmənin növbətçi hissəsinin iş rejimi pozulmuşdur. Eyni zamanda Şəxs Yasamal RPİ-nin 26-cı PB-də əməliyyat müvəkkili Ceyhun Babayevin xidməti otağında yerdə uzanmış vəziyyətdə səs-küy salıb otağın qapısını təpikləmiş, otağın döşəməsindəki kənar xətləri, yəni plintusları sındıraraq çıxarmış və daha sonra divar kağızlarını zədələyərək yerindən cırıb qoparmışdır. Beləliklə, Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. X20 həmçinin izahatında qeyd etmişdir ki, Şəxs barəsində bacısı Ülviyyə Baxşıyeva tərəfindən dəfələrlə DİN-nin 102 xidmətinə anasını döyməsi barədə şikayət daxil olsa da, anası Tamilla Nəsirova tərəfindən şikayət ərizələri verilmədiyindən aparılan araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. X3 bildirmişdir ki, hal-hazırda həmin inzibati xəta haqqında protokolu müdafiə edir və məhkəmədən Şəxs barəsində qanuna uyğun olaraq tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Həmçinin məhkəmə iclasında X20 ona verilmiş suallar əsasında Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə daxil olmuş məlumatın qeydiyyat saatı ilə, onun inzibati qaydada tutulması vaxtı arasındakı ziddiyyəti, o cümlədən digər sənədlərin tərtibatındakı anlaşılmazlıqları texniki səhv olaraq izah etmişdir. Bundan başqa o, Yasamal RPİ-nin 26-cı PB-nin qeydiyyat jurnalında Şəxs saxlanılması vaxtının 22.02.2021 saat 16:40 kimi, azad edilməsi vaxtının isə eyni tarixdə saat 19:10 kimi qeyd edilməsinə baxmayaraq onun 3 saatdan artıq müddətə azadlığının məhdudlaşdırılması səbəbini qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandıra bilməmiş və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, ünvan 3 ünvanında anası X12 ilə birgə yaşayır. Anası fizioloji qoca olması səbəbi ilə bəzi sözləri təkrar etməli olur, bu isə bəzən onda əsəb yaradır və bunun nəticəsində anasına qarşı yüksək səslə cavab verir. Hadisə günü, yəni 22 fevral 2021-ci il tarixdə anası ona yemək hazırlamamış, buna görə o, aqressivləşərək anasının üstünə qışqırmışdır. Elə bu anda qapı döyülmüş, qapını açdıqda bir necə polis əməkdaşı içəri daxil olmuş, onlara hansı səbəbə gəldiklərini soruşub vəziyyəti onlara izah etməyə çalışarkən polis əməkdaşları onu məcburi şəkildə Yasamal RPİ-nin 26-cı PB-nə aparmağa başlamışlar. Bu anda ona qarşı zorakılıq edərək onu döymüşlər. Həmin vaxt o, polis işçilərinin qanuni tələblərinə tabe olmuş, sadəcə olaraq bu şəkildə polis bölməsinə aparılmasının qanunsuz olmasına dair onlara iradını bildirmişdir. Anası isə onun polis işçiləri tərəfindən döyülməsini görüb Azərbaycan Respublikası DİNnin 102 Xidmətinə zəng edərək şikayət etmişdir. Şəxs həmçinin bildirmişdir ki, anası ilə onun arasında söz mübahisəsi olmasına baxmayaraq heç bir vaxt ona qarşı fiziki güc tətbiq etməmişdir. Buna baxmayaraq bacısı Ülviyyə Baxşıyeva dəfələrlə əsassız olaraq onun barəsində 102 Xidmətinə, eləcə də polis bölməsinə şikayət verməsinə baxmayaraq, sonuncunun ərizələrində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir. Belə ki, bacısı Ülviyyə Baxşıyeva onlarla birlikdə yaşamır və belə bir hal baş versəydi belə şahidi ola bilməzdi. Bundan başqa o, pols bölməsinə aparılarkən mənzilinə gələn Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən döyüldüyündən onun böyrək və bel nahiyyəsində şiddətli ağrılar yaranmış və ağrıların təsirindən yeriyə bilməmişdir. Hətta Yasamal RPİ-nin 26-cı PB-nin əməmkdaşları onu qolundan tutub sürüyərək bölməyə aparmışlar. O, bölmədə olarkən, eyni zamanda məhkəməyə gətirilərkən ağrıdan ayağa qalxa bilməmiş, bölmədə döşəmənin üzərində, məhkəmədə isə skamyanın üzərində uzanmışdır. Belə olan halda necə olar bilərdi ki, ayağa qalxmağı bacarmayan bir şəxs polis işçisinə müqavimət göstərib, inzibati otaqda olan əşyalara xələl gətirsin. Bu mümkünsüzdür. Halbuki onun polis işçilərinə qarşı qanunsuz hərəkətlərə yol verməməsi bölmənin müşahidə kameralarında da öz əksini tapmışdır. Şəxs göstərilənlərə əsasən özünü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təqsirli bilmədiyini, polis işçilərinə qarşı nalayiq ifadələr işlətmədiyini, bunun əksinə olaraq sonuncular tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verildiyini bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Göstərilənlərlə yanaşı Şəxs onun barəsində öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz olaraq azadlığını məhdudlaşdırmış polis əməkdaşlarına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumatdan görünür ki, saat 16:49-da bacısı tərəfindən məlumat daxil olmuş, buna baxmayaraq o, saat 16:40-da inzibati qaydada tutulmuşdur. Eyni zamanda qeydiyyat jurnalında onun 3 saatdan az müddətə saxlanılmasının göstərilməsinə baxmayaraq o, daha uzun müddətə, saxlanıldığı vaxtdan məhkəməyə gətirilənədək bölmədə saxlanılaraq azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər əsassız olmaqla ziddiyyətlidir. Belə ki, Şəxs bölməyə gətirilməsi özlüyündə qanunvericiliklə müəyyən edilmiş əsaslara söykənməmişdir. Yəni onun bölməyə gətirilməsi özlüyündə qanunsuz olmuşdur. Şəxs yaşadığı ünvana gələn polis əməkdaşlarından olan İlqar Səfərov həmin günü, yəni 22 fevral 2021-ci il tarixdə xidməti ərazidə olmasına baxmyaraq onların əməliyyat qrupuna təhkim edilməsinə dair hər hansı bir təsdiqedici sübut mövcud olmamışdır. Göründüyü kimi, bölmənin təhqiqatçısı İlqar Səfərovun həmin gün tərtib edilmiş sənədlərə imza etmək səlahiyyətinin olub-olmaması belə özlüyündə şübhə doğurur. Bundan başqa iş materiallarına əlavə edilmiş raportlar biribirilə ziddiyət təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və şahidlər Şəxs yaşadığı ünvana gedərkən onun şəxsiyyətinin elə həmin ünvanda müəyyən edildiyini bildirsələr də, raportlarda şəxsiyyətinin onun bölməyə gətirildikdən sonra müəyyən olunması və bu məqsədlə saxlanılaraq bölməyə gətirilməsi qeyd edilir. Baxmayaraq ki, polis əməkdaşlarının Şəxs şəxsiyyəti barədə kifayət qədər məlumatları olmuşdur. Göründüyü kimi şəxsiyyətin müəyyənləşdirilməsi əsası ilə onun bölməyə gətirilməsi zərurəti həqiqətdə mövcud olmamışdır. Göründüyü kimi, Şəxs bölməyə gətirilməsi formal xarakterli olmaqla sənədlər polis əməkdaşları tərəfindən tərtib edilib imzalanmışdır. Həmçinin zərərçəkmiş şəxs qismində tanına biləcək anası tərəfindən, o cümlədən bacısının özü tərəfindən heç bir yazılı şikayət ərizəsi daxil olmamasına baxmayaraq Şəxs həmin gün məhkəməyə gətirilənədək bölmədə saxlanılmışdır. Bundan başqa polis əməkdaşları tərəfindən tərtib edilmiş xəsarətə dair aktdan görünür ki, Şəxs bölməyə gətirilərkən onun qaş və dirsək nahiyyələrində xəsarətlər olmuşdur. Lakin ertəsi gün tərtib edilmiş tibbi sənədlərdə qeyd edilib ki, o, polis əməkdaşlarının qanunsuz əməlləri nəticəsində kifayət qədər ciddi xəsarət almışdır. Bu fakt isə formal olaraq araşdırılıb cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa Şəxs bölmədə üzərinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokolda vaxt ümumiyyətlə qeyd edilməmiş, onun inzibati qaydada tutulması haqqında protokolda isə tutulması vaxtı 22 fevral 2021-ci il tarixdə saat 16:40 kimi qeyd edilmişdir. Halbuki 102 Xidmətinə məlumat saat 16:49-da daxil olmuşdur. Belə olan halda görünür ki, Şəxs saxlanılarkən ümumiyyətlə onun barəsində 102 Xidmətinə məlumat daxil olmamışdır. Göstərilənlərdən əlavə bölmədən daxil olmuş məlumatlardan görünür ki, qeydiyyat jurnalında Şəxs saxlanılması müddəti 3 saatdan az göstərilmiş, baxmayaraq ki, məhkəmə iclasındakı şahid izahatları ilə də təsdiq olunur ki, o, daha uzun müddətə bölmədə saxlanılaraq azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Polis əməkdaşları olan şahidlər məhkəmə iclas zalında verdikləri izahatlarında Şəxs səhərə kimi bölmədə qalaraq polisə qarşı müqavimət göstərməsi, polis əməkdaşının xidməti otağında divar kağızını cırmaqla, döşəmə kənarlarına zədələr yetirməsi, polis işçilərinin qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməsi qeyd edilir. Lakin sübutetmə yükü daşıyan inzibati orqan buna dair hər hansı bir mötəbər sübut, fotoşəkil, videogörüntü və ya hər hansı bir mötəbər sənəd təqdim etməkdən imtina etmişdir. Bunun əksinə olaraq şahid Xəzri Hacıyev öz izahatında bildirmişdir ki, o, həmin gün növbədə olarkən Şəxs qolundan tutularaq sürüyərək bölməyə gətirildiyinin şahidi olmuşdur. Maraqlandıqda isə müəyyən etmişdir ki, o, səhhətindəki ağrılara görə gəzə bilmir. Bölmədə saxlanıldığı müddətdə isə o, Şəxs nalayiq ifadələr işlətməsini və ya inzibati otağqda hər hansı bir əmlaka zədə yetirməsini görməmişdir. X1 çıxışının sonunda inzibati işdə olan mövcud ziddiyyətlərin şəxsin xeyrinə həll edilməklə, qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş sənədlərin sübut kimi qəbul edilməməsini və Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X12 izahatında bildirdi ki, oğlu Şəxs onu döyməyib, 22 fevral 2021-ci il tarixdə yeməyi gec bişirdiyi üçün oğlu sadəcə ona əsəbləşmişdir. Hal-hazıradək oğlu Şəxs onu döyməyib, qulağındakı qan isə, qurumuş yara izi olmuşdur. Qeyd olunan xəsarətin oğlu ilə hər hansı bir bağlılığı yoxdur. 22 fevral 2021ci il tarixdə polis əməkdaşları onların yaşadığı ünvana gələrkən qapı açılan anda həmin şəxslər oğlu Şahini vurmağa başlamışlar. Daha sonra oğlunu maşınla bölməyə aparmışlar. Buna görə də, o, bərk narahatçıqlıq keçirib 102 Xidmətinə zəng etmiş və oğlunun polis işçiləri tərəfindən döyülməsi barədə məlumat vermişdir. O, oğlu Şəxs heç vaxt nə qızı Ülviyyəyə, nə də ki, hər hansı bir hüquq-mühafizə orqanına şikayət etməmişdir. X12 həmçinin izahatında qızı X2 Baxşıyevdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, o, 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında ünvan 1 ünvanına əməliyyat qrupu ilə birlikdə getmişdir. Həmin ünvana çatdıqda mənzildən səs-küy eşidilmiş və mənzilin qapısını bir necə dəfə döydükdən sonra qapını Şəxs açmışdır. Həmin vaxt Şəxs onlara qarşı aqressiv şəkildə münasibət göstərmişdir. Onlar isə Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat daxil olduğu üçün həmin ünvana gəldiklərini bildirmişlər. Həmin vaxt onlar Şəxs anası X5 qulağının qanamasını müşahidə etmişlər. Daha sonra Şəxs polis bölməsinə dəvət edilmiş, lakin o, polis əməkdaşlarına qarşı yenidən müqavimət göstərərək polis bölməsinə gəlməkdən imtina etmişdir. Əməliyyat qrupu ilə birgə şəkildə qanunun tələbləri əsasında Şəxs Yasamal RPİ-nin 26-cı PB-nə gətirmişlər. Şəxs bölmədə də eyni əməllərini təkrar edərək polis işçilərinin ünvanına nalayiq ifadələr işlətmiş və onun xidməti otağındakı əşyalara zərər vurmuşdur. Verilmiş suallar əsasında X16 xidməti otağında olan zədələrə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin otağa baxış keçirilməsinə dair hər hansı bir mötəbər sənəd tərtib edilməmişdir. Eyni zamanda o, Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə daxil olmuş məlumatın qeydiyyat saatı ilə, Şəxs inzibati qaydada tutulması vaxtı arasındakı ziddiyyəti, o cümlədən digər sənədlərin tərtibatındakı anlaşılmazlıqları texniki səhv olaraq izah etmişdir. Bundan başqa o, Yasamal RPİ-nin 26-cı PB-nin qeydiyyat jurnalında Şəxs saxlanılması vaxtının 22.02.2021-ci il saat 16:40 kimi, azad edilməsi vaxtının isə eyni tarixdə saat 19:10 kimi qeyd edilməsinə baxmayaraq onun 3 saatdan artıq müddətə azadlığının məhdudlaşdırılması səbəbini qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandıra bilməmiş və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X14 eyni məzmunlu izahat verərək X20 və X7 göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərmişdir ki, o, 22 fevral 2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-də növbətçi hissədə növbədə olmuşdur. Belə ki, daxili təlimatlara görə bölmənin əməkdaşlarının aylıq növbətçilik cədvəli rəhbərlik tərəfindən əvvəlcədən müəyyənləşdirilib təsdiqlənir. Həmin qrafik üzrə gündəlik olaraq qeydiyyat jurnallarında da növbətçilər barədə qeyd aparılır. 22 fevral 2021-ci il tarixdə bölmənin məsul növbətçisi Samir Həsənov, o, isə köməkçi olmuşdur. Həmin tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında 3 nəfərdən ibarət əməliyyat qrupunu ünvan 1 ünvanına yönləndirmişdir. Əməliyyat qrupunda bölmənin əməkdaşları İlqar, Əfsun və Ceyhun olmuşdur. Daxil olmuş məlumatın mahiyyəti isə ondan ibarət olmuşdur ki, vətəndaş Ülviyyə Baxşıyeva həmin gün 102 Xidmətinə, həm də bölmənin növbətçi hissəsinə zəng edərək şikayət etmişdir ki, qardaşı Şəxs anası Tamillanı döyür və əgər tədbir görülməyəcəyi təqdirdə günahkar polis əməkdaşları olacaqdır, hətta polis əməkdaşlarını təhdid etmişdir. O, yalnız Şəxs daxil olmuş məlumat əsasında bölməyə gətirildikdən sonra baş verən hadisələrin şahidi olmuşdiur. Belə ki, məlumat daxil olduqdan müəyyən vaxt keçdikdən sonra Şəxs əməliyyat qrupunun üvzləri tərəfindən qolundan tutulmuş vəziyyətdə sürünərək bölməyə gətirilmişdir. O, bu barədə maraqlandıqda və qrup üzvlərinə iradını bildirdikdə öyrənib bilmişdir ki, Şəxs səhhətində olan ağrılara görə gəzə bilmir. Şəxs bölmədə olduğu bütün müddətdə bel ağrısından şikayətlənərək döşəmədə uzanıqlı vəziyyətdə olub uca səslə “məni buraxın” deyərək qışqırmış və bölmədə saxlanıldığı 24 saat ərzində susmamışdır. Lakin o, Şəxs polis işçilərinin ünvanına nalayiq ifadələr işlətməsini və ya inzibati binanın hər hansı xidməti otağına zədələr yetirməsini görməmiş və eşitməmişdir. Bundan əlavə Şəxs bacısı və anası Şəxslə bağlı məlumat vermələrinə baxmayaraq onlar tərəfindən yazılı şikayət ərizəsi daxil olmamışdır. O, Şəxs gətirilərkən onun bədən səthi üzərində xəsarətlərin olmasını görməsinə baxmayaraq, həmin xəsarətlərin hansı şəraitdə yaranması barədə məlumatı yoxdur. Belə ki, Şəxs bölməyə gətirilərkən onun qaş nahiyyəsində xəsarətlər olmuşdur və bu barədə akt tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə rəisi Ə.Əzimov, baş əməliyyat müvəkkili C.Babayev və təhqiqatçı İ.Səfərov tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli raportdan görünür ki, 22 fevral 2021-ci il tarixdə saat 16:49-da DİN-nin 102 xidmətindən daxil olmuş ********* saylı məlumata əsasən əməliyyat qrupu ilə hadisə yerinə getmişlər. Həmin ünvanda Şahin anası ilə kobud rəftar etmişdir. Həmin şəxsi nizam-intizama dəvət etsələr də o, öz əməlindən çəkinməyərək onlara qarşı nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Şahin onlara qarşı əl-qol hərəkətləri etməyə başlamış və ona təkrar hərəkətlərindən çəkinməyi desələr də o, bu əməlindən çəkinməyərək onlara qarşı fiziki güc tətbiq etmişdir. Bundan sonra onu Yasamal RPİ-nin 26-cı PB-nə gətirmişlər və bölmədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1967-ci il təvəllüdlü, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 10A, mənzil 36-da yaşayan Şəxsdur. Həmin şəxs bölməyə gətirildikdən sonra əməlini təkrar törətməyə başlamışdır. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin məsul növbətçisi Samir Həsənov tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli raportdan görünür ki, 22.02.2021-ci il tarixdə saat 16:49-da DİN-nin 102 xidmətindən daxil olmuş ********* saylı məlumata əsasən Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş Şəxs PB-də olarkən əməkdaşları yüksək səslə nalayiq söyüşlərlə söyüb təhqir etmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq iş rejimini pozumuşdur. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli 011367 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 fevral 2021-ci il tarixdə saat 16:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X10 Stansiyası PHŞ sahə həkiminin 23 fevral 2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan Yasamal RPİ-nin 26-cı PB-si, xəstənin adı Şəxs qeyd edilmiş və xəstəyə baxış zamanı onda vizual olaraq xəsarət izi aşkar olunmamış, ona sol-diklofenak-310 müalicə tədbiri görülmüşdür. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları Ceyhun Babayev, Əfsun Əzimov, İlqar Səfərov, Xəzri Hacıyev və Samir Həsənov tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli aktdan görünür ki, 22 fevral 2021-ci il tarixdə saat 16:49-da DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında bölməyə gətirilmiş Şəxs sağ qaş nahiyyəsində və sol dirsək nahiyyəsində xəsarətlər vardır. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı İlqar Səfərovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 mart 2021-ci il tarixli qərarından görünür ki, 22.02.2021-ci il tarixdə saat 16:49-da Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 10A, mənzil 36-da yaşayan X6 Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi sisteminə zəng edərək anası Tamillanın yaşadıqları mənzildə oğlu Şahin tərəfindən döyülməsi barədə verdiyi məlumat əsasında araşdırma aparılmış və toplanmış materiala əsasən müəyyən edilmşdir ki, bu məlumat öz təsdiqini tapmadığından, eləcə də X12 döyülmədiyi üçün bədəni üzərində heç bir xəsarəti olmadığına görə məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 20 aprel 2021-ci il tarixli ***-*******1 nömrəli məktubundan görünür ki, Şəxs barəsində 22.02.2021-ci il tarixdən 23.02.2021-ci il tarixədək olan müddət ərzində 2 dəfə “102” xidmətinə məlumat daxil olmuşdur. belə ki, vətəndaş X15 22.02.2021ci il tarixdə saat 16:49-da ***-***-**-** nömrəli telefondan “102” xidmətinə zəng edərək Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 10A, mənzil 36-da anası Tamillanın oğlu Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat qeydiyyata alınaraq baxılması üçün dərhal ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 26-cı PB-nə (1NK 150) ötürülmüşdür. Bundan əlavə, vətəndaş X12 22.02.2021-ci il tarixdə saat 17:19-da ***-***- **-** nömrəli telefondan “102” xidmətinə zəng edərək qızı Ü.Baxşıyevanın şikayəti ilə əlaqədar hadisə yerinə gəlmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən oğlu Şahinin döyülərək PB-yə aparılması barədə məlumat vermişdir. Daxil olmuş məlumat baxılması üçün məktubla Yasamal RPİ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 20 aprel 2021-ci il tarixli ***-*******1 nömrəli məktubuna əlavə edilmiş ***-***-**-** və ***-***-**-** nömrəli telefonlardan “102” xidmətinə daxil olan zənglərin audioyazıları olan diskin nümayişi zamanı müəyyən edildi ki, orada X15 və X17 adlı şəxslərin Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmələri öz əksini tapmşdır. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-dən 18 may 2021-ci il tarixdə verilmiş 092/6347 nömrəli məktubdan görünür ki, PB-nin inzibati binasında quraşdırılmış mühafizə kameralarında görüntülərin saxlama müddəti 2 ay təşkil etdiyindən lazım olan tarixlərdə qeydə alınmış görüntüləri təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-dən 18 may 2021-ci il tarixdə verilmiş 092/6347 nömrəli məktuba əlavə edilmiş Yasamal RPİ-nin 26-cı PB-nin 01.02.2021-ci il tarixdən 28.02.2021-ci il tarixədək olan müddət ərzində tərtib edilmiş növbətçilik cədvəlindən görünür ki, 22.02.2021-ci il tarixdə bölmənin növbətçi hissəsində məsul növbətçi X18, növbətçi köməkçisi X22, əməliyyat qrupundan həmin tarixdə baş əməliyyat müvəkkili X16 və təhqiqatçı X19 növbətçi olmuşlar. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-dən 25 may 2020-ci il tarixdə verilmiş 092/6696-1221 nömrəli məktuba əlavə edilmiş Şəxs PB-nə gətirilməsinə dair “Şəhər, Rayon və X27 gətirilmiş Şəxslərin qeydiyyatı” kitabında aparılmış müvafiq qeydlər barədə çıxarışdan görünür ki, Şəxs 22.02.2021-ci il tarixdə saat 16:40-da bölməyə gətirilmiş 22.02.2021-ci il tarixdə saat 19:10-da azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin məzmununa görə “polis işçisi” və ya “hərbi qulluqçu” ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalı, həmin tələbi irəli sürən səlahiyyətli şəxs “polis işçisi” və ya “hərbi qulluqçu” statusunda olmalı, tələbi irəli sürmüş şəxs qeyd olunan statusda olsa da belə, ona həvalə edilmiş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən həmin tələbi irəli sürməlidir. “Polis haqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə isə polis əməkdaşı dedikdə polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusu başa düşülür. Hazırki işin materiallarından göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər özlüyündə ziddiyyət təşkil edir. Belə ki, tərtib edilmiş sənədlərdə Şəxs şəxsiyyətinin müəyyən edilməsi məqsədilə bölməyə gətirildiyi göstərilsə də əslində Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları 22 fevral 2021-ci il tarixdə saat 16:49-da DİNnin 102 xidmətindən daxil olmuş məlumata əsasən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 10A, mənzil 36 ünvanına gedərkən Şəxs şəxsiyyəti barədə kifayət qədər məlumatlı olmuşlar, bu səbəbdən də onun şəxsiyyətinin müəyyən edilməsi məqsədilə bölməyə gətirilməsinə əsaslanma özlüyündə formal xarakterlilik daşımaqla Şəxs hüquqlarının pozulmasına dəlalət edir. Bundan əlavə, 22.02.2021-ci il tarixdə növbədə olmuş əməliyyat qrupu üzvlərinin siyahısında təhqiqatçı İlqar Səfərovun adı olmadığı halda onun həmin gün növbədə olmuş əməliyyat qrupu ilə birlikdə Şəxs yaşadığı ünvana getməsinin səbəbləri ilə bağlı nə İlqar Səfərovun özü tərəfindən, nə də Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən əsaslandırıcı bir sübut təqdim olunmamışdır. Bundan əlavə iş materiallarında olan Şəxs barəsində tərtib edilmiş tutma haqqında protokoldan görünür ki, Şəxs 22.02.2021-ci il tarixdə saat 16:40-da inzibati qaydada tutulmuşdur, hansı ki DİNnin 102 xidmətindən məlumat 22.02.2021-ci il tarixdə saat 16:49-da 26-cı PB-nə daxil olmuşdur ki, bu da özlüyündə Şəxs barədə hələ hansısa bir məlumat, yaxud şikayət olmadan onun əsassız olaraq tutulması, tərtib edilmiş sənədlərin bir-biri ilə ziddiyyət təşkil etməsi deməkdir. Həmçinin iş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin “Şəhər, Rayon və X27 gətirilmiş Şəxslərin qeydiyyatı” kitabında Şəxs 22.02.2021-ci il tarixdə saat 16:40-da bölməyə gətirilməsi 22.02.2021-ci il tarixdə saat 19:10-da isə azad edilməsi göstərilsə də toplanmış materialların məzmunundan, həmçinin məhkəmə iclasında dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarının izahatlarından görünür ki, Şəxs əslində polis bölməsinə gətirildiyi andan barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirilənədək 26-cı PB-də qanunsuz olaraq saxlanılmışdır ki, bu da onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Göstərilən bütün ziddiyyətli məqamlar qanunvericiliyin tələblərinə əsasən Şəxs xeyrinə həll olunmalıdır. Şəxs 22.02.2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən yaşadığı Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 10A, mənzil 36 ünvanında döyülməsi xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs 22.02.2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə şikayəti əsasında Yasamal rayon prokurorunun köməkçisi Elvin Kazımov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə 31.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib olunmuş 22 fevral 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qəbul edilmiş qərarın surəti 26-cı polis bölməsinin əməkdaşları barəsində müvafiq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib olunmuş 22 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qəbul edilmiş qərarın surəti rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşları barəsində müvafiq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-646/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-646/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver