Məhkəmə qərarları › İş №3(004)-646/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-646/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-646/2023 17.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X9 iclas katibliyi, AR ƏƏSMN yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X1 AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləmiş X16 (xx.xx.2020-xx.xx.2022) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə şikayət edərək əmək müqaviləsinə xitam verilməsi haqqında ərmin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsini bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi "xxxx" MMC-yə bildiriş göndərmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin əməkdaşları İdarədə oldular. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 09 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 18 yanvar 2023-cü il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən vəzifəli şəxs ("xxxx" MMC-nin direktoru) X3 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (1600 manat şərti cərimə tətbiq edilmişdir). Qərarda müəyyən edilir ki, X11 əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 18 yanvar 2023cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, X16 xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də əvəzçilik üzrə sürücü vəzifəsində işləyib. X16 01,07.2022-ci il tarixdən heç bir üzrlü səbəb gətirmədən işə gəlmirdi. Yaşar Nağıyev işə gəlməyəndən sonra şirkətin əməkdaşları onunla əlaqə saxlamışlar, Yaşar Nağıyev şifahi olaraq bildirmişdir ki, xəstədir. X12 əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədin (xəstəlik vərəqəsi) təqdim etməsinin zəruriliyini bildirdilər. Yaşar Nağıyev xəstəlik vərəqəsinin təqdim edəcəyini bildirdi. İşəgötürən olaraq Yaşar Nağıyevi bir neçə ay gözlədik, ondan bir xəbər çıxmadı. Əməkdaşlar onunla əlaqə saxlamağa çalışsalar da mümkün olmurdu, zənglərə cavab vermirdi. Yaşar Nağıyevin işə üzrsüz səbəbdən gəlməməsi işin normal axarına və əmək intizamına ciddi mənfi təsir göstəriridi. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Yaşar Nağıyevin ünvanına 01,07.2022-ci il tarixindən işə gəlməməsinin üzrlü olmasını təsdiq edən sənəd və ya yazılı izahat məlumatı 3 gün ərzində təqdim etməsi barədə 420 nömrəli məktub göndərilmişdir. Göndərilən məktub xx.xx.2022-ci il tarixdə Yaşar Nağıyev (xəbərnamə əlavə edilir) tərəfindən imzalanaraq qəbul edilmişdir. X22 bu məktuba da cavab vermədi, işəgötürənə işə gəlməməsinin üzrlü hal hesab edilməsi barədə təsdiqedici sənədi (xəstəlik vərəqəsini) təqdim etmədi. 2022-ci ilin sentyabr ayının sonunda Yaşar Nağıyev whatsapp tətbiqi vasitəsilə Şirkətin əməkdaşına xx.xx.2021-ci il tarixli X4 verilmiş diaqnoz sənədinin və 13865 nömrəli xəstənin tibbi kartasından çıxarılışın (xx.xx.2022xx.xx.2022) surətlərini göndərdi. Yaşar Nağıyevlə əlaqə saxlaya bildik və ona dönə-dönə bildirildi ki, iki aydan çoxdur ki, üzrsüz səbəbdən işə gəlmirsiz, ünvanınıza rəsmi bildiriş də göndərmişik, bir neçə gün də möhlət veririk ki, xəstəlik vərəqəsini verəsiniz. X4 verilmiş diaqnoz sənədin və 13865 nömrəli xəstənin tibbi kartasından çıxarılışın (xx.xx.2022xx.xx.2022) surətləri işçinin əmək qabiliyyətini müvəqqəti itirlməsini təsdiq etmir. İkinci də whatsapp tətbiqi vasitəsilə Şirkətin əməkdaşına göndərdiyi X4 verilmiş diaqnoz sənədi xx.xx.2021-ci il tarixlidir və 13865 nömrəli xəstənin tibbi kartasından çıxarılşın surətində xx.xx.2022-xx.xx.2022 tarixlər qeyd olunmuşdur. X4 verilmiş diaqnoz sənədi və 13865 nömrəli xəstənin tibbi kartasından çıxarılşı xəstəlik vərəqəsi hesab olunmur. İşçinin müvəqqəti olaraq əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunur. Bunu havadan-sudan demirik, bunu qanunvericilik deyir. Nazirlər Kabinetinin 08 yanvar 1993-cü il tarixli, 9 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın (bundan sonra Təlimat adlanacaq) 1- ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Yaşar Nağıyev günü günə satırdı, işə gəlmirdi, boş vədlər verirdi ki, xəstəlik vərəqəsini təqdim edəcəm. Yaşar Nağıyevin boş vədlərinə və laqeyd hərəkətlərinə inanıb onu aylarla gözləyə bilməzdik. 04 oktyabr 2022-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi üzrə xitam verildi. Əmək müqaviləsinə xitam verildikdən sonra Yaşar Nağıyev “0855237 nömrəli tam doldurulmamış və rəsmləşməmiş əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətini Şirkətin əməkdaşına 05 oktyabr 2022- ci il tarixdə whatsapp tətbiqi vasitəsilə göndərmişdir. Yaşar Nağıyevin göndərdiyi “0855237 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi” tam olaraq doldurulmayıb və rəsmləşməyib (imza və möhür yoxdur). Bu da tam olmayan “0855237 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi”nin mötəbər və əsaslı olmasına şübhələr yaradır. “0855237 nömrəli tam doldurulmamış və rəsmləşməmiş əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, “0855237 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi” “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilib. Belə anlaşılır ki, Yaşar Nağıyev xəbər alıb ki, 04 oktyabr 2022-ci il tarixdə işdən azad olunub, necə deyərlər tez-bazar yarı doldurulmuş və rəsmləşməmiş “xəstəlik vərəqəsi” alıb göndərib. “0855237 nömrəli tam doldurulmamış və rəsmləşməmiş əmək qabiliyyətinin olmaması vərəqəsi”nin rejim hissəsində “ambulator” qeyd edilib. Bu o deməkdir ki, xəstə ambuator (xəstəxanadankənar) şəraitdə müalicə alıb. İşçinin xəstəliyi ona imkan verib ki, o sərbəst hərəkət edə bilsin, gəzə bilsin. Yaşar Nağıyev 01 iyul 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərizndə heç bir dəfə də olsun işə gəlməyib, amma onun işə gəlmək imkanı var idi, yəni onun səhhəti ona imkan verirdi ki, ən azından bir gün işə gəlsin və xəstəlik vərəqəsini işəgötürənə təqdim etsin. Yaşar Nağıyev 01 iyul 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərizndə ən azından bir dəfə işə yerinə gəlib normal qaydada xəstəlik vərəqəsini təqdim etmiş olsa idi işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməzdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda qeyd olunur ki, X11 əmək müqaviləsinə Əmək Məcəlləsinin 79cu maddəsinin tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli şəxsi qərarı qəbul edərkən Əmək Məcəlləsinin 79-cu maddəsinə gözüyumlu istinad edib. Əmək Məcəlləsinin 79-cu maddəsinin mahiyyəti ondan ibarətdir ki, işçi xəstələnir, işə gəlmir və xəstəlik vərəqəsini işəgötürənə təqdim edir ki, əmək qabiliyyətimi müvəqqəti olaraq filan tarixdən filan tarixədək itirmişəm və mənimlə (işçi ilə) bağlanılmış əmək müqaviləsini ləğv edə bilməzsən. Əmək qabiliyyətini müvəqqəti itirmək anlayışına aydınlıq gətirmək lazımdır. Yuxarıda da qeyd etdik ki, işçinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Yaşar Nağıyev xəstəlik vərəqəsini işəgötürənə ("xxxx" MMC) təqdim etmirsə, göndərmirsə o əmək qabiliyyətini müvəqqəti itirən işçi hesab olunmalıdır? Təbii ki, xeyr. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsində olarkən İdarənin əməkdaşı bildirdi ki, X18 şikayət edərkən xəstəlik vərəqəsini də əlavə edib. Həmin xəstəlik vərəqəsinə baxış keçirdik, müəyyən olundu ki, “0855237 nömrəli tam doldurulmamış və rəsmləşməmiş əmək qabiliyyətinin olmaması vərəqəsi”nin doldurulmuş və rəsmləşmiş versiyasıdır. X20 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi “0855237 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətində qeyd olunur ki, işdən azad edilir xx.xx.2022-ci il, işə başlamalı 12 oktyabr 2022- ci il. Tutaq ki, Yaşar Nağıyev xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini itirib. O zaman ortaya belə bir sual çıxır. Yaşar Nağıyev 01 iyul 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində harada idi, niyə işə gəlmirdi, işə gəlməməsinin üzrlü hesab olunması barədə niyə təsdiqedici sənəd (xəstəlik vərəqəsi) göndərməyib, təqdim etməyib? 01 iyul 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Yaşar Nağıyev xəstə idisə niyə həmin dövrə aid xəsətəlik vərəqəsini təqdim etməyib? İşəgötürən haradan bilsin ki, Yaşar Nağıyev əmək qabiliyyətini müvəqqəti itirib və yaxud itirməyib? Təkrar qeyd edirik ki, Yaşar Nağıyevin ünvanına rəsmi bildiriş də göndərdik, yenə cavabsız qaldı. İşəgötürən nə etməlidir, Yaşar Nağıyevi axtarışa verməli idi və ya Yaşar Nağıyevin yaşadığı ünvana xüsusi elçi, nümayəndə göndərməli idi? İşçini aylarla, günlərlə gözləməlidir? İşəgötürən o halda gözləyir ki, işçi əmək qabiliyyətinin müvəqqəti itirməsi barədə təsdiqedici sənədixəstəlik vərəqəsini və yaxud xəstəlik vərəqələrini (xəstəliyi fasiləsiz və ya fasilərlə davam edir və s.) işəgötürənə təqdim edir, gətirir, poçtla göndərir, kuryerlə göndərir, qohumu, dostu-tanışı və s. kimləsə göndərir. İşçi özünü yalandan xəstə kimi qələmə verə bilər, işdən boyun qaçırmaq məqsədilə qəsdən öz sağlamlığına zərər vura bilər və s. İşçinin işəgötürənə xəstə olmasını şifahi olaraq bildirməsi işçinin işə gəlməməsinin üzrlü səbəb olmasını təsdiq etmir. İşçinin işəgötürənə xəstə olmasını şifahi olaraq bildirməsi işçinin işə gəlməməsinin üzrlü səbəb olması halı əmək qanunvericiliyinin hansı maddəsində, şərtində, bəndində, bölməsində, hissəsində və s. qeyd edilib? Harada göstərilib ki, işçi işə aylarla, günlərlə gəlmir və işəgötürənə şifahi bildirir ki, mən xəstəyəm, mən əmək qabiliyyətimi müvəqqəti itirmişəm və s.sən-işəgötürən məni gözləməlisən, mənim (işçinin) kefi nə vaxt istədi işə çıxacaq və “sehrli xəstəlik vərəqəsi” gətirəcək. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsində olarkən İdarənin səlahiyyətli şəxsi bildirir ki, işəgötürən işçinin xəstə oilduğu barədə şifahi məlumatlandılıbsa işəgötürən işçini işdən çıxara bilməz. Bu nə absurd yanaşmadır. Hansı hüquqi məntiqə sığır? İşçi xəstə olduğunu deyir, lakin işçi əmək qabiliyyətini müvəqqəti itirməsi barədə sənəd (yalnız xəstəlik vərəqəsi) təqdim etmirsə işəgötürən günlərlə, aylarla, illərlə işçini gözləməlidir, işçiyə yalvarıb- yaxarmalıdır ki, gəl işə???? Məsələn, Şirkətdə işləyən işçilər kütləvi şəkildə işə çıxmırlar və işəgötürənə şifahi olaraq bildirirlər ki, xəstəyik, xahiş edirik üzrlü hal kimi təsdiq edin.İşəgötürən də deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi bildirdi ki, işçi xəstə olması barədə şifahi məlumat veribsə və xəstəlik vərəqəsini təqdim etmirsə işçiləri işdən azad etmək olmaz yanaşmasını tətbiq edərək üzrlü səbəb kimi qəbul edir. Şifahi olaraq xəsətəyəm deyən işçilərin bir qismi əslində Maldiv adalarında istirahət edir, digər qismi evdə oturub serial izləyir və s. İşin normal ahəngi pozulur və işdə xaos hökm sürür. Kim necə istəyir, kimin kefi necə çəkir elə də etməlidir? Deməli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli şəxsin mövqeyi bunu ehtiva edir. Gülünc deyilmi? İşçinin bir gün işə üzrsüz səbəbdən gəlməməsi işəgötürənə haqq və hüquq verir ki, onu işdən azad etsin. Amma "xxxx" MMC işə aylarla gəlməyən Yaşar Nağıyevi aylarla gözləyib, aşrı humanistlik göstərib, necə deyərlər onun kaprizləri ilə oynayıb, lakin işçi xəsətəlik vərəqəsini göndərməyib və ya işə gəlməyib. Əmək qabiliyyətini müvəqqəti itirməyə görə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü işəgötürən tərəfindən verilən vəsait istisna olmaqla) müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət nəyin əsasında verilir? İşçinin xəstə olması barədə şifahi məlumatın əsasında müavinət verilir?? Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli şəxsi bunu cavablandırsın.Təbii ki, xeyr. Azərbaycan Respublikası Nazilər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 7-ci maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. Bu Əsasnamənin 7-ci maddəsi bizə nəyi çatdırır? Yəni müavinət xəstəlik vərəqəsi əsasında təyin edilir, işçinin xəstə olması barədə şifahi məlumatı əsasında deyil. Eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı və işçinin özünün xəstəliyi ilə bağlı işə gəlməməsinin üzrlü sayılması halı xəstəlik vərəqəsi ilə təsdiq olunur. Xəstəlik vərəqəsi ciddi sənəddir və onun saxtalaşdırılması qanunla məsuliyyət yaradır. Nazirlər Kabinetinin 08 yanvar 1993-cü il tarixli, 9 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Təlimatın 29-cu bəndinə əsasən tibb müəssisələri xəstəlik vərəqələrinin blanklarının sayının, mədaxil və məxaricinin dəqiq hesabını aparmalıdırlar. Tibb müəssisələrində xəstəlik vərəqələrinin blanklarının saxlanılması xüsusi yerlərdə, odadavamlı şkaflarda təşkil olunmalıdır. Xəstəlik vərəqələri blanklarının alınması, saxlanması, bölünməsi və hesabatı üçün tibb müəssisələrinin müdiriyyəti və baş (böyük) mühasibləri məsuliyyət daşıyır. Təlimatın 30-cü bəndinə əsasən 30. Xəstəlik vərəqələri müəssisələrin nəzdində olan, yaxud müəssisələrin təhkim olduğu tibb müəssisələri, həmçinin işçinin yaşayış yerindəki tibb müəssisələri tərəfindən verilir. İşdən azad olanlara xəstəlik vərəqələri verilmir. Təlimatın 31-ci bəndinə əsasən sığorta haqqı ödəyən şəxslərin əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi daimi yaşayış və iş yerindən kənarda (məs. ezamiyyət zamanı, istirahət evində və i.a.) müvəqqəti olduqları yerdə tibb müəssisəsinin baş həkiminin təsdiqi ilə verilir. Təlimatın 32ci bəndinə əsasən yaşayış və ya iş yerindən kənarda ilk xəstəlik vərəqəsi alan xəstələrin xəstəlik vərəqələrinin müddətləri onların digər yerlərə getməyinin mümkünlüyünü nəzərə alaraq başqa yerdə tibb müəssisəsinin rəyi əsasında uzadılır. Təlimatın 33-cü bəndinə əsasən xəstəlik vərəqələri stasionar müalicəsindən başqa əmək qabiliyyətinin itirilməsi təyin olunduğu gündən verilir. Təlimatın 34-cü bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin «davamını» verir. Birinci xəstəlik vərəqəsində isə «işə başlamalı» qrafasında xəstəlik vərəqəsinin «davamını» verməsi haqqında qeyd edir. Təlimatın 37-ci bəndinə əsasən xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Yaşar Nağıyevin işəgötürənə və işinə qarşı etdiyi saymazyana hərəkətlərinə haqq qazandırmaq olmaz. Yaşar Nağıyev işəgötürənə heç bir seçənək buraxmadı. Ona görə də onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, AR ƏƏSMN yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2na lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçılsını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X10 İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinmiş və törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməklə 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru X10 tərəfindən işçi X11 əmək müqaviləsinə AR ƏM-nin 79-cu maddəsinin tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar