Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6460/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X8 İdarəsi (BDYPİ) 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə haqqında qərar və həmin qərar əsasında barəsində tətbiq olunmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 istifadəsində olan “Ford Escape MİNİK” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu, Baku moll ərazisində Baş X8 İdarəsinin əməkdaşı tərəfindən barəsində 11 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Baş X8 İdarəsinin 11 oktyabr 2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmədən 11 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə haqqında qərarın və həmin qərar əsasında barəsində tətbiq olunmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin ləğv olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, BDYPİ tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərar əsasında barəsində tətbiq olunmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin ləğv olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə qərardan görünür ki, X3 11 oktyabr 2024-cü il tarixdə saat 17:21-də “Ford Escape MİNİK” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, Baku moll ərazisində nizamlama vasitələrinin tələblərinə riayət edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin: İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə qeyd edir ki, inzibati orqan X2 idarə etdiyi nəqliyyat vasitəsinin səkidə dayanması qənaətinə gəlmiş və bununla da sonuncu barəsində İXM-in 346.9-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin, qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş hadisə yerinin fotoşəkillərinə məhkəmə iclasında baxılan zaman bu hal istisna olunur. Belə ki, həmin materiallardan aydın olduğu kimi X2 idarə etdiyi nəqliyyat vasitəsi dayandığı yer (sahə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səki anlayışını özündə ehtiva etmir. Yəni, sözügedən ərazidə bu məqsədilə yol nişanları və göstəriciləri quraşdırılmamışdır. Belə olduğu təqdirdə piyadaların təhlükəsiz hərəkət etməsi qeyri-mümkündür və bu hal özlüyündə şəxsin İXM-in 346.9-cu maddəsi ilə məsuliyyətini istisna edir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən olunmuşdur. Həmin maddədən göründüyü kimi yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi icraat zamanı İXM-in 6-cı maddəsinin (Qanunçuluq prinsipi) də tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Beləliklə, məhkəmə, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində İXM-in 346.9-cu maddəsinin əsaslarının mövcud olmaması qənaətinə gəlir. İXM-in: 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24108862 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6460/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6460/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver