Məhkəmə qərarları › İş №3(004)-6461/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6461/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6461/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24451315, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24451315, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Subaydır. Valideynlərindən biri vəfat etmişdir. Himayəsində əlil Anası və azyaşlı qardaşı var. Anası xəstə olduğuna görə və əlil olduğuna görə onun himayəsindədir. Onun bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Hər zaman qanunlara tabe olan bir vətəndaş olmuşdur. Heç bir zaman hər hansı qanun pozuntusuna yol verməmişdir. Diqqətə çatdırır ki, xx.xx.2024-cü ildə saat 15:32:10-da, **-DN-*** dövlət nömrə nişanlı Ford Escape minik markalı istifadəsində olan avtomobili idarə edərkən Bakı şəhəri DYPİ Polisi tərəfindən İnzibati tənbeh vermə haqqında EQ №24451315 saylı Qərara əsasən, xx.xx.2024-cü ildə saat 15:32:10-da, EQ №24451315 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin qərara və protokola əsasən də ona 60 (altmış) manat cərimə tədbiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməyi ilə bağlı qərar və Protokol tərtib edilmişdir. Nə qərardan nə də ki, ona tədbiq edilmiş protokolla razı deyil. xx.xx.2024cü ildə saat 15:32:10-da, Bakı şəhəri DYPİ Polis kapitanı tərəfindən maşın dayandığı yerdə qanunsuz olaraq cərimələnmişdir. Həmin vaxt eyni yerdə ondan başqa da vətəndaş maşınını saxlasa da həmin polis əməkdaşı yalnız və yalnız onu cərimələmişdir. O da öz pozulmuş hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nəzərə çatdırır ki, o, maşını saxlayan yerdə nə maşınların hərəkət istiqamətin pozmuşdur, nədə ki, piyadalara maneə olan yerdə saxlamamışdır. Lakin yalnız onun idarə etydiyi maşın qanunsuz və haqsız olaraq qərəzli formada cərimələnmişdir. Artıq bu özü qərəzli formanı təsdiq edir. Ona görə də ona tətbiq olunmuş qanunsuz və haqsız yazılan cərimə ləğv olunmalıdır. Qeyd edir ki, şikayəti ilə bağlı heç bir tədbir görülmədiyi üçün hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Polis əməkdaşı tərəfindən qanunsuz olaraq onun adına qərar və protokol tərtib etmişdir. Ona görə də bütün yuxarıda yazılanları nəzərə alaraq ona tətbiq edilmiş, xx.xx.2024-cü ildə tarixli, Bakı şəhər DYPİ Polis əməkdaşı tərəfindən İnzibati tənbeh vermə haqqında EQ №24451315 saylı qərarın və xx.xx.2024-cü ildə saat 15:32:10-da №-li EQ № 24451315 nömrəli İnzibati Xəta haqqında qərara və protokola əsasən, qanunsuz və haqsız yazılmış 60 (altmış) manat cərimənin məhkəmə tərəfindən ləğv olunmağı ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24451315, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, H.B.Zərdabi küçəsi, məhəllə 593-də Azərbaycan Respublikası İXM-nin 346.9 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasutələrinin səkilərdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2024-cü il tarixdə həqiqətən də “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması” ilə müşaiyyət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə X3 istifadəsində olan nəqliyyat vasitəsi H.Zərdabi küçəsində yolun kənarında dayandırılmışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.9 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin təqdim edilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin saxlanıldığı yer səki yox, yolun kənarında olan olan geniş sahədir. Şəkildən aydın görünür ki, həmin hissə səki deyil. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X4 tərəfindən törədilməsində şübhələr yaranır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(004)-6461/2024 saylı məktubu ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-in 346.9-cu maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24451315, xx.xx.2024 il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar