Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-649/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X12 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) - “DAYAQ” X7 Təşkilatının (QHHYT) direktoru X5, qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında X23 Xidmətinin (DƏMX) Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixindən "DAYAQ” QHHYT-nın direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi təşkilat 2000-ci ilin mart ayından ANAMA-nın podratçı təşkilatıdır və həmin təşkilat tərəfindən maliyyələşdirilir. ANAMA-nın direktorunun 21 iyul 2006-cı il tarixli 1/289 saylı məktubuna əsasən təşkilatda çalışan Füzuli rayonundan olan 13 nəfər minaaxtaran köçürülmə yolu ilə ANAMA-ya keçirilmişdir. Köçürülən şəxslər arasında, o cümlədən onun barəsində şikayət etmiş X20 da olmuşdur. ANAMA-ya köçürmə yolu ilə keçirilən işçilərin onun rəhbərlik etdiyi təşkilatda istifadə etmədikləri məzuniyyət günlərinə görə pul əvəzi hesablanaraq ödənilməmiş və ANAMA tərəfindən təşkilata bununla bağlı pul vəsaiti daxil olmamışdır. Buna səbəb isə işçilərin ANAMA-ya köçürülmə yolu ilə keçirilməsi olmuşdur. Bu barədə həmin işçilərdən olan X20 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Şikayət ərizəsinə baxılaraq cavablandırılması üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nın Bakı şəhər idarəsinə göndərilmişdir. Bundan sonra onun məlumatı olmadan 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, təşkilatın rəhbər vəzifəli şəxsi olaraq Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 05 yanvar 2021-ci tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilməklə 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərar barədə o, DƏMX-nin Bakı şəhər idarəsinin ona ünvanlanmış 18 yanvar 2021-ci il tarixli **********5 nömrəli məktubu ilə məlumatlandırılmış, həmin məktub isə ona 08 fevral 2021-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Lakin məktuba qərar əlavə edilmədiyindən o, DƏMX-nin Bakı şəhər idarəsinə 08 fevral 2021-ci il tarixdə rəsmi qaydada müraciət edərək qərarın ona təqdim edilməsini xahiş etmiş, yalnız onun müraciətindən sonra barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona 17 fevral 2021-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Beləliklə o, barəsində tərtib edilmiş protokol və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xəbərdar edilməmiş, həmin protokola baxılmasında iştirakı təmin edilməmiş və bu barədə məlumatlandırma məktubu almamışdır. X3 həmçinin ərizəsində qeyd etmişdir ki, barəsində tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokolda işə götürən vəzifəli şəxs kimi onun əvəzinə onun özü barəsində Xidmətə şikayət etmiş təşkilatın sabiq işçisi X11 adı qeyd edilmişdir. Yəni, protokolda onun deyil təşkilatın sabiq işçisi X20 tərəfindən inzibati xətanın törətdildiyi qeyd edilməsinə baxmayaraq, Azərbaycan Respublikası İXM-nin 192.4cü maddəsi təqsirli bilinməsinə dair qərar onun barəsində qəbul edilmişdir. Bundan başqa X3 müvafiq qanunvericilik normalarını ərizəsində sadalayaraq qeyd etmişdir ki, təşkilatın sabiq işçisi X11 şikayət ərizəsi 07 iyul 2020-ci il tarixində 3905 qeydiyyat nömrəsi ilə DƏMX-nə daxil olmasına, yəni xətanın həmin tarixdən aşkar edilməsinə baxmayaraq onun barəsində, üç aylıq məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra, yəni 05 yanvar 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən X8 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun və həmin protokol əsasında onun barəsində qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin olaraq işə baxılıb Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 3(004)-649/2021 nömrəli qərarı ilə şikayət ərizəsi təmin edilərək Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X8 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, "DAYAQ” QHHYT-nın sabiq işçisi X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasına dair şikayət ərizəsi səlahiyyətli orqana, yəni DƏMX-nə 02.07.2020-ci il tarixdə daxil olmuş, xətanın aşkar edildiyi vaxtdan isə üç aylıq məsuliyyətə cəlb etmə müddəti keçməsinə baxmayaraq Xidmətin Bakı şəhər idarəsi tərəfindən 05.01.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən məhkəmənin qərarından verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və həmin məhkəmənin 16 may 2021-ci il tarixli, 3(103)- 1104/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilib birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati iş 22.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsası kimi inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı düzgün nəticəyə gəlinməməsi, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adının düzgün qeyd edilməməsi, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin məhkəmə baxışı zamanı iştirakının təmin edilməməsi və səlahiyyətli orqanın iddiasına əsasən müvafiq toplanmış sənədlərin Azərbaycan Respublikası Baş Prokurorluğundan 05.10.2020-ci il tarixdə səlahiyyətli orqana daxil olmasına dair xüsusatın birinci instansiyası məhkəməsində araşdırılmaması göstərilmişdir. Hazırki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış “DAYAQ” QHHYT direktoru X8 ərizəsində göstərilən dəlilləri müdafiə edərək barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun və həmin protokol əsasında onun barəsində qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirmişdir ki, 15 may 2006-cı il tarixdən 23 iyun 2006-cı il tarixədək olan dövr ərzində təşkilatın 13 işçisi ANAMA-da (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) təlimə cəlb edilmişdir. Həmin Agentliyin 29 iyun 2006-cı il tarixli 1/289 nömrəli məktubundan müəyyən edilmişdir ki, təlimə cəlb edilmiş təşkilatın qeyd olunan 13 işçisi Agentlikdə işlə təmin edilmişdir. Belə ki, rəhbərlik etdiyi təşkilat ANAMA-nın podrat təşkilatı olaraq fəaliyyət göstərdiyindən sözügedən məktub əsas götürülərək 13 işçi, o cümlədən sapyor vəzifəsində işləmiş X20 ilə bağlanmış əmək müqaviləsinin müddətinin 01.07.2006-cı il tarixdən dayandırılmasına dair 29.06.2006-cı il tarixli 073 nömrəli əmr imzalanmışdır. Müvafiq əmr işəgötürən vəzifəli şəxs olaraq onun özü tərəfindən imzalanmışdır. Əmək müqavilələrinə xitam verilmiş işçilərin son haqq-hesab ödənişləri ilə bağlı yaranmış borclar isə ANAMA-ya ötürülmüşdür. Belə ki, təşkilat Agentlik tərəfindən maliyyələşdirildiyindən, həmin işçilər köçürülmə yolu ilə Agentlikdə işlə təmin edildiyindən, eləcə də Agentlik tərəfindən son haqq-hesab ödənişlərinin aparılması ilə bağlı əlavə vəsait təşkilatın hesabına köçürülmədiyindən həmin işçilərin hesabına ödəniş hazırkı vaxtadək həyata keçirilməmişdir. Onun tərəfindən verilmiş 29.06.2006-cı il tarixli 073 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilən 13 işçinin siyahısına daxil olan və müvafiq şikayəti aidiyyəti orqana vermiş təşkilatın sabiq işçisi X13 isə 91 gün əvəzi ödənilməmiş ödənişli əmək məzuniyyəti günləri hesablanmasına baxmayaraq, həmin ödəniş hazırkı vaxtadək həyata keçirilməmişdir. X8 işçiyə son haqq-hesab ödənişinin verilməməsinin səbəbinin Agentlik tərəfindən təşkilata müvafiq pul vəsaitinin ayrılmaması ilə bağlı olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin nümayəndəsi X21 şikayətlin dəlilləri ilə razılaşmayaraq öz izahatında göstərmişdir ki, təşkilatın sabiq işçisi X11 Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurora və Xidmətə ünvanlanmış müraciətləri aidiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi üçün Xidmətin Bakı şəhər idarəsinə daxil olmuşdur. İşçi müraciətində “DAYAQ” QHHYT-də 2000-2005-ci illər ərzində minaaxtaran vəzifəsində işlədiyini, 5 il ərzində əmək məzuniyyətindən istifadə etmədiyini, təşkilat tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 29.06.2006-ci il tarixdə 073 nömrəli əmrlə xitam verilməsinə baxmayaraq, hazıradək istifadə edilməmiş ödənişli əmək məzuniyyəti günlərinin əvəzinin ona ödənilməməsi barədə məlumat verib araşdırılmasını xahiş etmişdir. R.V.Dadaşovun müraciəti Azərbaycan Respublikası Baş Prokurorluğundan 03.09.2020-ci il tarixli 20-0090-01-055967 nömrəli müşayiət məktubu ilə Xidmətə 05.10.2020-ci il tarixdə daxil olmuş və ərizə aidiyyəti üzrə baxılıb araşdırma aparılması üçün Xidmət vasitəsilə idarəyə göndərilmişdir. İdarə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də R.V.Dadaşov 2000-2006-cı illər ərzində “DAYAQ” QHHYT-də minaaxtaran vəzifəsində işləmiş, onun ANAMA-da işlə təmin edilməsinə dair 29.06.2006-cı il tarixli məktub əsas götürülərək 01.07.2006-cı il tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair təşkilatın direktoru X8 tərəfindən imzalanmış eyni tarixli 073 nömrəli əmr verilmişdir. “DAYAQ” QHHYT-nın vətəndaşa ünvanlanmış 22.05.2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, işçiyə 93 təqvim günü əvəzi ödənilməmiş ödənişli əmək məzuniyyəti günləri hesablanmasına baxmayaraq son haqqhesab hazırkı vaxtadək ödənilməmişdir. Təşkilat ödənişin edilməməsi səbəbini isə işçinin məzuniyyət borcunun ANAMA-ya otürülməsi və yalnız sonuncu iş yerindən azad edildikdə həmin son haqq-hesabın ödəniləcəyini göstərmişdir. Agentlik isə vətəndaşa ünvanlanmış cavabında əmək qanunvericiliyinin tələblərinə uyğun haqlı olaraq bildirmişdir ki, işçi R.V.Dadaşov 20.07.2006-cı il tarixdən Agentlikdə minaaxtaran vəzifəsində çalışdığından, o, gələcəkdə işdən azad olunacağı təqdirdə ona Agentlikdə işə başladığı vaxtdan, yəni, 20.07.2006-cı il tarixdən hesablanaraq istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi ödəniləcəkdir. Araşdırma zərurəti ilə bağlı idarənin ANAMA-ya və “DAYAQ” QHHYT-yə ünvanlanmış sorğuları əsasında da müəyyən edilmişdir ki, R.V.Dadaşov 17 iyul 2000-ci il tarixdən 01 iyul 2006-cı il tarixədək “DAYAQ” QHHYT-də minaaxtaran vəzifəsində işləmiş, işlədiyi müddət ərzində 93 gün istifadə etmədiyi ödənişli məzuniyyət günü hesablanmasına baxmayaraq son iş günü hesab edilən 01.07.2006-cı il tarixdən hazıradək ona son haqq-hesab məbləği ödənilməmişdir. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinin pozulması, yəni işçiyə sonuncu iş günü son haqq-hesabın verilmədiyi və İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edilmişdir. Eyni zamanda, “DAYAQ” QHHYT-yə həm rəsmi, həm də şifahi qaydada başlanılmış inzibati xəta haqqında icraat barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsi təmin edilmişdir. Məlumatlandırmanın nəticəsində də təşkilat tərəfindən idarəyə zəruri sənədlər təqdim edilmişdir. Araşdırma nəticəsində inzibati xəta əlamətləri aşkar edildiyindən protokol tərtib edilmiş və təşkilatın rəhbəri X8 tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi öz təsdiqini tapdığından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ona 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, rəsmi sənədlər tədqiq edildikdə müəyyən edilmişdir ki, “DAYAQ” QHHYT-nin direktoru kimi sərəncamverici vəzifələri icra edən vəzifəli şəxsi X8 işçinin işdən azad edilməsinə dair əmri imzalamış, lakin öz üzərinə düşən öhdəliyini, yəni işçiyə qanunla müəyyən edilmiş vaxtda son haqq-hesabın ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X21 X2 ərizəsində göstərdiyi dəlillərin əsassız hesab edilərək təmin edilməməsini və qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən T.F.Kərimov bildirmişdir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraat 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanılmış, həmin protokolda texniki yalnışlığa yol verilərək səhvən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı qrafasında zərərçəkmiş şəxs X11 adı qeyd edilmiş, həmin protokol əsasında isə vəzifəli şəxs X8 barəsində qərar qəbul edilmişdir. T.F.Kərimov qeyd olunan yalnışlığın texniki səhv olaraq qiymətləndirilməsini və nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, 05 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və şikayət ərizəsi qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə hazırki iş üzrə X5 əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi, eyni zamanda icraat zamanı İXM-nin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulub-pozulmaması ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: 1) İş materiallarında olan X11 ərizəsindən müəyyən edilir ki, o, eyni müraciəti Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurora və ƏƏSMN yanında DƏMX-nə ünvanlamışdır. Müvafiq ərizələri isə aidiyyəti üzrə baxılması üçün DƏMX-nin Bakı şəhər idarəsinə göndərilmişdir. İdarəyə daxil olmuş ərizələrin üzərində olan adiyyəti qurumların daxil olmaya dair ştamplarından müəyyən edilir ki, X11 ilkin olaraq ərizəsi 02 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olmuş, 03 iyul 2020-ci il tarixli 22/D-453-060 nömrəli məktubla ərizə aidiyyəti üzrə DƏMX-nə göndərilmiş və 07.07.2020-ci il tarixdə Xidmətə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 03.09.2020ci il tarixli məktubundan və ona əlavə edilmiş ərizədən müəyyən edilir ki, X11 ərizəsi aidiyyəti üzrə baxılması üçün DƏMX-nə göndərilmişdir. Məktubun üzərində olan ştampdan müəyyən edilir ki, ərizə 05.10.2020-ci il tarixdə Xidmətə daxil olmuşdur. Lakin ərizənin üzərindəki Baş Prokurorluğun ştamplarından müəyyən edilir ki, X11 təkrar müraciəti olmaqla əvvəlki müraciət 15.07.2020-ci il tarixdə, sonuncu müraciət isə 03.09.2020-ci il tarixdə prokurorluğa daxil olmuşdur. X11 ƏƏSMN yanında DƏMX-nə təqdim etdiyi ərizənin üzərindəki ştampdan isə müəyyən edilir ki, ərizə Xidmətə 1135 qeydiyyat nömrəsi ilə 13.07.2020-ci il tarixdə daxil olmuşdur. Qeyd olunan sənədlər müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edilir ki, ehtimal edilən inzibati xəta hadisəsi səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-i tərəfindən 07.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş, 03 iyul 2020-ci il tarixli 22/D-453-060 nömrəli məktubla aşkar edilmişdir. 2) “DAYAQ” QHHYT-nin direktoru X5 əməlində inzibati xəta tərkibinin olubolmaması ilə bağlı məhkəmə qeyd edir ki: İş materiallarında olan, ANAMA-nın “DAYAQ” QHHYT-yə ünvanlanmış 29 iyun 2006-cı il tarixli 1/289 nömrəli məktubundan müəyyən edilir ki, 15 may 2006-cı il tarixdən 23 iyun 2006-cı il tarixədək olan dövr ərzində təşkilatın təlimə cəlb edilmiş 13 işçisi ANAMA-da daimi işlə təmin edilmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş siyahıdan isə müəyyən edilir ki, işlə təmin edilən işçilərin siyahısına X20 da daxil edilmişdir. İş materiallarında olan “DAYAQ” QHHYT-nin direktoru X8 tərəfindən imzalanmış 29.06.2006-cı il tarixli 073 nömrəli əmrdən müəyyən edilir ki, köçütülmə yolu ilə ANAMAnın “X14” işə keçməsi ilə əlaqədar 13 işçi, o cümlədən X20 01.07.2006-cı il tarixdən tutduqları vəzifədən azad edilmişlər. Müvafiq əmrin verilməsinin əsası kimi ANAMA-nin direktorunun yuxarıda qeyd edilən 29 iyun 2006-cı il tarixli 1/289 nömrəli məktubu göstərilmişdir. İş materiallarında olan “DAYAQ” QHHYT-nın X13 onun müraciətinə cavab olaraq ünvanlanmış 22.05.2020-ci il tarixli M/027 nömrəli məktubundan müəyyən edilmişdir ki, işçiyə 91 təqvim günü əvəzi ödənilməmiş ödənişli əmək məzuniyyəti günləri hesablanmasına baxmayaraq son haqq-hesab hazırkı vaxtadək ödənilməmişdir. Təşkilat ödənişin edilməməsi səbəbini isə işçinin məzuniyyət borcunun ANAMA-ya otürülməsi və yalnız sonuncu iş yerindən azad edildikdə həmin son haqq-hesabın ödəniləcəyi kimi göstərmişdir. İş materiallarında olan ANAMA-nın X13 onun müraciətinə cavab olaraq ünvanlanmış 05 iyun 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, işçi R.V.Dadaşov 20.07.2006-cı il tarixdən Agentlikdə minaaxtaran vəzifəsində çalışdığından, o, gələcəkdə işdən azad olunacağı təqdirdə ona Agentlikdə işə başladığı vaxtdan, yəni, 20.07.2006-cı il tarixdən hesablanaraq istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinin ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan hazırkı iş üzrə aparılan araşdırma zamanı DƏMX-nin Bakı şəhər idarəsinin müvafiq sorğusuna əsasən ANAMA tərəfindən verilmiş 18 avqust 2020-ci il tarixli 1/119 nömrəli cavab məktubundan müəyyən edilir ki, işçi R.V.Dadaşov 20.07.2006cı il tarixdən Agentlikdə işə başladığından qanunvericiliyə əsasən əmək məzuniyyəti hüququ həmin vaxtdan hesablanır və buna görə də müvafiq sənədlərin tələb edilməsinə dair idarənin sorğusu icra edilməsi üçün Agentliyin podrat təşkilatı “DAYAQ” QHHYT-yə yönləndirilmişdir. Həmin sorğu əsasında “DAYAQ” QHHYT-dən idarəyə ünvanlanmış 09.09.2020-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, həmin təşkilat 2000-ci ildən hazıradək ANAMA-nin podratçı təşkilatı kimi “Azərbaycan Ərazilərini Minalardan və PHS-dən təmizlənməsi” dövlət proqramı çərçivəsində fəaliyyət göstərir və hər ay üçün ANAMA tərəfindən təsdiq edilmiş büdcə və ayrılmış maliyyə vəsaiti hesabına işləyir. Əməliyyat işçiləri, o cümlədən minaaxtaranlar ANAMA tərəfindən xüsusi təlim proqramları əsasında hazırlanır və onlara sertifikat verilir. Bütün əməliyyat işçiləri ANAMA-nin nomenklaturasına daxildir. Məktubda həmçinin bildirilmişdir ki, R.V.Dadaşov 17 iyul 2000-ci il tarixdən 01 iyul 2006-cı il tarixədək “DAYAQ” QHHYT-də minaaxtaran vəzifəsində işləmişdir. ANAMA-nın direktorunun 29 iyun 2006-cı il tarixli 1/289 nömrəli məktubu əsas götürülərək işçi köçürülmə yolu ilə ANAMA-ya keçirilmiş və ona təşkilatda işlədiyi müddət ərzində istifadə etmədiyi 93 məzuniyyət günü hesablanmışdır. “DAYAQ” QHHYT həmin məktubunda vurğulamışdır ki, R.V.Dadaşov hazırda ANAMA-da işlədiyindən ona istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi işdən azad olunarkən ANAMA tərəfindən ödəniləcəkdir. Məktub təşkilatın direktoru X8 tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, R.V.Dadaşov 17 iyul 2000-ci il tarixdən “DAYAQ” QHHYT-də minaaxtaran vəzifəsində işləmiş, daha sonra o, təşkilatın direktoru X8 tərəfindən imzalanmış 29.06.2006-cı il tarixli 073 nömrəli əmrlə 01.07.2006-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Müvafiq əmrin verilməsinin əsası kimi ANAMA-nin direktorunun yuxarıda qeyd olunan 29 iyun 2006-cı il tarixli 1/289 nömrəli məktubu göstərilmişdir. Beləliklə, R.V.Dadaşovun təşkilatdakı sonuncu iş günü 01.07.2006-cı il tarix olmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, işçi R.V.Dadaşova 17 iyul 2000-ci il tarixdən 01 iyul 2006-cı il tarixədək “DAYAQ” QHHYT-də işlədiyi müddət ərzində 90 gündən artıq istifadə etmədiyi ödənişli məzuniyyət günü hesablanmasına baxmayaraq son iş günü hesab edilən 01.07.2006-cı il tarixdən hazıradək ona son haqq-hesab məbləği ödənilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi R.V.Dadaşov işdən azad edilərkən işəgötürən qismində müvafiq əmr X3 tərəfindən imzalanmışdır. Göründüyü kimi, X8 “DAYAQ” QHHYT-də təşkilat-sərəncamverici funksiyaları icra edən vəzifəli şəxs statusunda olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması ilə, “DAYAQ” QHHYT-nin vəzifəli şəxsi X8 tərəfindən işçi X13 hesablanmış son haqq-hesab məbləğinin hazıradək ödənilmədiyi və bununla da, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. 3) Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsindəki inzibati xəta davam edən inzibati xəta deyildir. Həmin inzibati xəta “uzanan inzibati xəta” hesab edilə bilər. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi və başa çatması göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı işin faktiki halları ilə müəyyən edilmişdir ki, işçi R.V.Dadaşova son iş günü hesab edilən 01.07.2006-cı il tarixdən hazıradək ona son haqq-hesab məbləği ödənilməmişdir. Yəni dolayısı ilə İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş xəta 01.07.2006-cı il tarixdə başlasa da, hazıradək son haqq-hesab ödənilmədiyindən fasiləsiz olaraq davam edir və bu günədək başa çatmamışdır. Odur məhkəmə qeyd edir ki, hazırkı xətanın törədilməsi səlahiyyətli qurum olan DƏMX-i tərəfindən 07.07.2020-ci il tarixdən aşkar edilməsinə baxmayaraq, xəta hadisəsi hazıradək davam etdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti olan üç aylıq müddət xətanın başa çatacağı vaxtdan hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı xətaya münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. 4) Şikayətçi “DAYAQ” QHHYT-nin vəzifəli şəxsi X8 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-nin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulub-pozulmaması xüsusatı bağlı məhkəmə qeyd edir ki: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçi X13 əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntuları aşkarlandığı üçün “DAYAQ” QHHYT-nin direktoru X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan həmçinin müəyyən edilir ki, onun qəbul edilməsinə əsas 23 dekabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol olmuşdur. İş materiallarında olan DƏMX-nin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adı qrafasında zərərçəkmiş şəxs X11 adı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.4-cü maddəsinə görə inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən isə inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla imperativ qaydada qanunvericiliyin tələblərinə uyğun olmaqla tərtib edilməlidir. Bu isə inzibati xəta haqqında qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Belə ki, protokol əsasında şəxsin “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” statusu yaranmış olur və o, müvafiq statusa uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə etməklə öz müdafiəsini qurur. Hazırkı halda səlahiyyətli orqanın nümayəndəsi protokoldakı yalnışlığı texniki səhv olaraq qeyd etməsinə və protokolun həqiqətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “DAYAQ” QHHYT-nin vəzifəli şəxsi X6 rəsmi qaydada təqdim edilməsini iddia etməsinə baxmayaraq, məhkəmə hesab edir ki, protokol X6 rəsmi qaydada təqdim edilmiş olsa da belə, o, onun barəsində deyil, digər şəxs barəsində icraat başlanılmasını ehtimal etmiş və öz müdafiəsini qanunvericiliklə müəyyən edilmiş qaydada qurmaq imkanı olmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarın əsasını təşkil edən 23 dekabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin adının düzgün qeyd olunmamasını Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən hazırkı işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirir. X3 ərizəsində inzibati tənbeh vermə haqqında qərarla yanaşı 23 dekabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun da qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etməsinə baxmayaraq məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən məhkəmələr tərəfindən inzibati xəta haqqında protokoldan deyil, qərardan verilmiş şikayətə baxılması nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə protokolun qanuniliyi ilə bağlı xüsusata hüquqi qiymət vermir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, şikayət ərizəsi qismən təmin edilməli, X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsasını təşkil edən 23 dekabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun tərtibatında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə İXM-nin tələblərinin pozulması səbəbiylə qərar ləğv edilməli və iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Mərkəzi İnformasiya X1 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinməlidir. Şikayət ərizəsi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti qismən təmin olunsun. X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Xidmətə göndərilsin. Qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Mərkəzi İnformasiya X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-649/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-649/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver