Məhkəmə qərarları › İş №3(004)-6498/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6498/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6498/2023 29.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndənın iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsininin 464-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditinin aparılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında MN 17332541 saylı protokola əsasən Şəxs MMC İXM-nin 462.1-ci maddəsinə əsasən 2021-ci il üzrə maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc olunmamasına görə təşkilat 1500 manat cərimə olunmuş və həmin vəsait 24 fevral 2023-cü il tarixində 849649/07341 nömrəli ödəniş tapşırığı ilə dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə heabatlarının birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”-nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonraki ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidilər. Həmin Qaydaların 5.1.1-ci bəndinə əsasən qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərti ilə, illik maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Beləliklə illik maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə iyun ayının 30-dək hazır olması deməkdir və inzibati xəta xx.xx.2022-ci ildə baş verib. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X2 protokolu müdafiə edərək, bildirmişdir ki, əgər Şəxs MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditi aparılsaydı bunun haqqında sənəd elektron sistemdə dərhal görünməli idi və sistemdə belə bir məlumat mövcud olmadığı auditin aparılmadığını sübut edir. Buna görə də Şəxs MMC barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmunundan göründüyü kimi audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması özüözlüyündə 2 yolla aparıla bilər: məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə). Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Qanunun 12.1-ci maddəsinə görə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qanunun 12-ci maddəsinin 4 və 5-ci bəndlərinə görə kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir və mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına görə cavabdehdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3-cü bəndinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hüquqi şəxslər” adı altında təsnifatlaşdırılmış 4-cü fəslində öz əksini tapmış müddəalara görə hüquqi şəxslər təşkilati hüquqi formasına görə kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər növlərinə ayrılır. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Həmin Məcəllənin 91-ci maddəsininin 4 və 5-ci bəndlərinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İXMnin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə mülki qanunvercilikdə illik maliyyə hesabatının dərc edilməsi vəzifəsi müəyyən edilməsə də, MM-nin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin onun illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq məqsədilə hər il müstəqil auditorun cəlb edilməsi vəzifəsi birbaşa olaraq müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol 2021-ci ilin maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün MMC-nin məcburi auditor cəlb etməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən auditorun cəlb edilməsi ən gec halda 31 dekabr 2022-ci il tarixədək həyata keçirilməli idi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəməyə göndərmiş olduğu sənədlərlə MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə məcburi auditinin aparılmamasını göstərmiş, MMC-nin nümayəndəsi isə məhkəmə iclasında iştirak etsə də audit aparılmasına dair sübütlar məhkəməyə təqdim olunmamışdır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsinin tərkibi olduğuna görə Şəxs MMC cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkibi olduğuna görə Şəxs MMC 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar