Məhkəmə qərarları › İş №3(004)-6529/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6529/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6529/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin polis sahə rəisi X1 və Yasamal DYPŞ-nin YNH üzrə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bərdə rayonunun Şorəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuş və 3(004)-6530/2024 nömrə ilə qeydiyyata alınmışdır.. Eyni zamanda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuş və 3(004)-6529/2024 nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-6529/2024 və 3(004)-6530/2024 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilməsi, həmin işlərə 3(004)-6529/2024 nömrəli inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş materiallara əsasən, Şəxs idarə etdiyi “Porsche” minik markalı, AZ **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Eyni zamanda YPX-nın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal DYPŞ-nin YNH üzrə inspektoru, polis mayoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, hadisənin videogörüntülərini özündə əks etdirən disk iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, avtoxuliqanlıq etməmişdir, sadəcə olaraq getdiyi yol torpaq yol olduğuna görə və qarşısında maneə olduğu üçün həmin maneədən yayınarkən təkərlərin sürtünməsindən ətrafa toz yayılmışdır. Bundan başqa polis əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirməmişdir, əksinə onlara izah etməyə çalışmışdır ki, o avtoxuliqanlıq etməmişdir, buna görə də aralarında anlaşılmazlıq yaranmışdır. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan video diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tələblərinin pozulması aşkar edilməmişdir. Eləcə də Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozması ilə bağlı iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, belə olan halda Şəxs təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq hesab olunur və həmin hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Qanunun mənasına görə şəxsin əməlində yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əlaməti mövcud deyildirsə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər özü-özlüyündə avtoxuliqanlıq növündə inzibati xətanın tərkibini yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar