Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6532/2024 11.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X3, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 24202806 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 24202806 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mətbuat prospekti ilə A.Sultanova küçələrinin kəsişməsində sol hərəkət zolağında düzünə hərəkət etdiyi üçün elektron qaydada cərimə edilmişdir. Elektron qərardan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə, xx.xx.2024-cü il tarixdə isə Bakı şəhər Yasamal RPİ-nə şikayət etmişdir. Şikayətinə cavab ona çatdırılmadığı üçün həmin cavabı xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-dən götürmüşdür. Həmin yolda sol hərəkət zolağında əvvəlcə ancaq düzünə, yol-ayrıcına yaxınlaşdıqca isə iki dəfə təkrarlanan ancaq sola dönmə işarələri var. İntensiv hərəkət zamanı yolun üzərinə çəkilən iki dəfə təkrarlanan sola dönmə nişanları arasında məsafə standart tələblərə uyğun olmadığından, eləcə də həmin yolda 5.8.1 məlumatverici nişanı olmadığı üçün qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi N.Qiyaslı şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin etibarnamə üzrə nümayəndəsi X5 şikayətə etiraz edərək, şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 24202806 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Mətbuat prospekti ilə A.Sultanova küçələrinin kəsişməsində “KİA Optima” minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Bu səbəbdən də, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ-cü hissəsinin 1.18-ci bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Həmin Qanunun 83-cü maddəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar elektron qərarda göstərilir (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edilən qanunvericilik aktlarından göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən üfüqi nişanlanma xətti olaraq mübahisə edilən ərazidə çəkilmiş 1.18-ci nişan yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, həmçinin müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilə bilər. Başqa sözlə desək sözgedən nişanlanma xəttinin 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilməməsi halı nişanlanmanın qanunsuz olması anlamına gəlmir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin EQ 24202806 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın qanunsuz olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin EQ 24202806 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6532/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6532/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver