Məhkəmə qərarları › İş №3(004)-6534/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6534/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6534/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ seriyalı 24640080 saylı, 16 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 noyabr 2024-cü il tarixli EQ seriyalı 24640080 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 07:10 radələrində idarə etdiyi “Mercedes-Benz 1840 YÜK” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yanacaqla dolu nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quba istiqamətində hərəkət edərkən barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 16 noyabr 2024-cü il tarixli EQ seriyalı 24640080 inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 16 noyabr 2024-cü il tarixli EQ seriyalı 24640080 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:10 radələrində idarə etdiyi “Mercedes-Benz 1840 YÜK” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normadan artıq miqdarda yük yerləşdirmişdir. Hazırda ona tədbiq edilən inzibati cəriməni ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 16 noyabr 2024-cü il tarixli EQ seriyalı 24640080 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayət vermiş şəxsin izahatını və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin 16 noyabr 2024-cü il tarixli EQ seriyalı 24640080 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 10 noyabr 2024-cü il tarixdə saat 07:10-da Sumqayıt şəhəri, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quba istiqamətində Mercedes-Benz 1840 YÜK” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 noyabr 2024-cü il tarixli EQ seriyalı 24640080 nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar