Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-655/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 24 yanvar 2024-cü il tarixdə saat 10:30-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (onkoloji) aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 24 yanvar 2024-cü il tarixli, 33 nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X6 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs-da heç bir onkoloji əməlliyat keçirilməmiş, sadəcə kəskin qanaxma ilə daxil olan xəstələrin müayinəsi zamanı törəmə aşkar edildiyi halda götürülmüşdür. Bu isə X1 tələbidir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2si X4r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 3-28- 1/3-2-63/2024 nömrəli 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Planlı (Növbəti) Yoxlama haqqında 24 yanvar 2024-cü il tarixli 33 nömrəli aktdan görünür ki, lisenziyadan kənar iş və fəaliyyət (onkoloji) aşkar edilmişdir. İş materiallarında olan sənədlərin surətindən görünür ki, Şəxs MMC-də lisenziyadan kənar onkoloji iş və fəaliyyət göstərilmişdir. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000.00 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakım Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-655/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-655/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver