Məhkəmə qərarları › İş №3(004)-6570/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6570/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6570/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X9 şöbəsinin yol-partul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 511.1.3-cü maddələri ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon X9 Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 511.1.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə avtomobili anidən sürətləndirərək Azərbaycan prospektində asvalt üzərində çoxsaylı izlər buraxaraq avtoxuliqanlıq etmişdir. Həmçinin işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X9 şöbəsinin yol-partul xidməti inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs avtoxuliqanlıq etmişdir. Həmçinin manevr etmə qaydalarını kobud şəkildə pozmuş və İXM-in 327.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Hadisə günorta vaxtı Salamzadə küçəsindən Qələbə dairəsinə təqsirləndirilən şəxsin nəqliyyat vasitəsi hərəkətdə olarkən baş vermişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən maddələr üzrə özünü təqsirli bilmədiyini və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, günorta vaxtı Yasamal rayonu Salamzadə küçəsindən Qələbə nəqliyyat vasitəsi hərəkətdə olarkən onunla birlikdə nəqliyyatda vasitəsində körpə övladı və ailə üzvləri olmuşdur. Txac vaxtı yüksək sürətlə ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək mümkün deyil. Avtoxuliqanlıq ümumiyyətlə etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, inzibati xəta haqqında protokolda qeyd edilən 511.3-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasını və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını nəzərdə tutur. Şəxs isə ümumiyyətlə belə hərəkətlər etməmiş, txac vaxtı sadəcə nəqliyyat vasitəsini idarə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata 511.1.3 və 327.1-ci maddələrə dair hissədə xitam verilməsi üçün əsaslar vardır. 23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ifadələrindən, eləcə də iş materiallarından görünür ki, Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətlərini törətməmiş, şəxsin həmin inzibati xətaları törətməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş videogörüntüdə öz əksini tapmışdır. İnzibati xəta haqqında protokolu təqdim edən orqanın nümayəndəsi isə məhkəməyə bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, hazırki iş üzrə Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən həmin Məcəllənin 327.1-ci maddəsi üzrə inzibati xətalar haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətində olmadığından, həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.1-ci və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar