Məhkəmə qərarları › İş №3(004)-6578/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6578/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6578/2022 09.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X6 hərəkətini davam etdirib N.Hikmət küçəsinə daxil olmuşdur. N.Hikmət küçəsi ilə hərəkətini davam etdirib “Royal Park” yaşayış kompleksinin qarşısına çatmışdır, həmin vaxt yol sıxlıq olduğundan və “Şəhidlər Xiyabanında” tədbirə gecikdiyi üçün N.Hikmət küçəsini yolun əks istiqamətinə daxil olaraq üzü 3 saylı Asan Xidmət mərkəzi istiqamətində getmişdir. N.Hikmət küçəsində yerləşən piyada zolağına çatan zaman bir nəfər qadının yola daxil olduğunu görüb avtomobilini tormozlamışdır. Həmin vaxt avtomobilinin arxa təkəri yüngülcə həmin piyadanın ayaqqabısına dəymişdir. O, dərhal avtomobilini saxlayıb avtomobilindən yerə düşüb həmin xanıma yaxınlaşıb səhhəti ilə maraqlanmışdır. Həmin xanımı xəstəxanaya aparmağı təklif etmiş, lakin xanım ona aqressiv cavab verərək avtomobilinin şəkilini çəkib hadisə yerindən uzaqlaşıb getmişdir. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası CMnin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində “Mercedes Benz C230” (minik) markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 990 nömrəli rəyinə əsasən X1 almış olduğu xəsarət - sol baldırın hematoması (yumşaq toxumaların arasına qan yığılması) və sıyrığı, sol aşıq-baldır oyanığının qançırın və sıyrıqları, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə poluzlmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X3 izahatına əsasən xx.xx.2022-ci il tarixdə saat 13 radələrində İnşaatçılar metrostansiyası istiqamətindən hərəkətini piyada olaraq davam etdirib yaşadığı ev istiqamətində tək olaraq getmişdir. Hərəkətini davam etdirib N.Hikmət küçəsinə daxil olub üzü X7 istiqamətində yolun sağ tərəfi ilə səkinin üzərində getmişdir. Hərəkətini davam etdirib N.Hikmət küçəsində yerləşən piyada zolağının qarşısına çatıb yolu qarşı tərəfə keçmək üçün avtomobillərin keçməsini gözləyib piyada zolağına daxil olmuşdur. Piyada zolağına daxil olan zaman sağ tərəfindən yolun əks istiqaməti ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa təkəri onun sol ayağının üzərindən keçmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qununun 54-cü maddəsinin 1-ci bəndinin tələbini pozaraq idarə etdiyi “Mercedes Benz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə piyada X2 vuraraq ona, sol baldırın hematoması (yumşaq toxumaların arasına qan yığılması) və sıyrığı, sol aşıq-baldır oyanığının qançırın və sıyrıqları, sağ saidin sıyrığı kimi sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar