Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6581/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin vəkili və eyni zamanda etibarnamə üzrə nümayənədəsi “Leqal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə1, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin vəkili və eyni zamanda etibarnamə üzrə nümayənədəsi “Leqal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin vəkili və eyni zamanda etibarnamə üzrə nümayənədəsi “Leqal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 10 sentyabr 2025-ci il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar (Bundan sonra “Qərar adlandırılacaq; Qərarı qəbul edən şəxs - İdarə rəisinin müavini v.m.i.e X3) qəbul edilərək əcnəbi vətəndaş Trishin Aleksei Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinmiş və A.Trishinə 400 (dörd) yüz manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən bildiririk ki, Qərar əsassız və qanunsuz olmaqla, İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: İlk növbədə diqqətinizə çatdırırıq ki, A.Trishin 10 avqust 2025-ci il tarixdə ölkəyə gəldiyi gündən etibarən hər hansı əmək fəaliyyətində iştirak etməmişdir və qərarda və qərarın əsasını təşkil edən 10 sentyabr 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında Protokolda qeyd edilənlər həqiqəti təşkil etmir. A.X5 Xidmətinə çağrılmış, ondan izahat tələb edilmiş, o da izahatında hər hansı əmək fəaliyyətinə cəlb edilmədiyini bildirmişdir. DMX əməkdaşları isə ona müxtəlif sənədlər təqdim edərək izahatına aid olduğu bildirilmiş və bu sənədlərə imza etməsini tələb etmişlər, A.Trishin isə təqdim edilən sənədlərin məhz izahatı ilə bağlı olduğunu zənn edərək protokolu və qərarı imzalamışdır. Halbuki, A.Trishin, ümumiyyətlə, Azərbaycan dilini bilmir və hər hansı tərcüməçi izahatın alınmasında və digər sənədlərin tərtib edilməsində iştirak etməmişdir. İnzibati xətalar qanunveriliciyinin tələbləri kobud surətdə pozulmuşdur. A.Trishin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olmasına baxmayaraq, tərcüməçi ilə təmin edilməmiş, barəsində tərtib edilən protokolun və Qərarın mahiyyəti ona aydın olmamışdır. Bununla, İnzibati Xətalar Məcəlləsinin 61.1.7ci maddəsi ilə təsbit edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fundamental hüquqlarından biri olan tərcüməçi xidmətindən istifadə hüququndan məhrum edilmişdir. A.Trishin bildirir ki, əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı hər hansı bir izahat və ifadə verməmiş, ona hüquqları izah edilməmiş, əksinə DMX tərəfindən müxtəlif hədəqorxular gəlinmişdir, onun qeyri-leqal miqrantlarla kamerada saxlanacağı bildirilmişdir. Qərarın əsasını təşkil edən 10 sentyabr 2025-ci il tarixli ******* inzibati xəta haqqında Protokolda qeyd edilir ki, inzibati xətanının törədildiyini təsdiq edən faktlar VMMS-dəki məlumatlar və şəxsin şifahi izahatı təşkil edir. Şəxsin şifahi izahatı ilə bağlı, yuxarıda da qeyd etdiyimiz kimi, A.Trishin heç bir halda izahatında hardasa əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı məlumat verməmişdir. Ümumiyyətlər, şəxsin şifahi izahatı hansı qaydada alınmış, hansı sübutlarla DMX orqanının əməkdaşları tərəfindən təsdiq edilir bizim üçün qeyri müəyyəndir. VMMS-dəki məlumatlarla bağlı diqqətinizə çatdırırıq ki, A.Trishinin 15 iyul 2025-ci il tarixinə kimi qüvvədə olan iş icazəsi mövcud olmuş, şəxs isə 28 iyun 2025-ci ildən 10 avqust 2025-ci il tarixinə kimi ölkə ərazisində olmamışdır. 10 avqust 2025-ci il tarixdə ölkəyə gəlmiş və hər hansı əmək fəaliyyətinə cəlb olunmamışdır. Bu səbəbdən də VMMS-də hansı məlumatların inzibati xətanın törədilməsini təsdiq edən fakt hesab edildiyi bizə aydın olmamışdır. Göründüyü kimi, qərar tamamilə əsassızdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin vəkili və eyni zamanda etibarnamə üzrə nümayənədəsi “Leqal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, X7 Federasiyasının vətəndaşıdır. Onun Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə xaricə getmiş və xx.xx.2025-ci il tarixdə ölkəyə qayıtmışdır. Həmin tarixdən sonra da hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə şəxsin əmək müqaviləsinə xitam verilmişdir. İzahatında da bildirmişdir ki, Azərbaycana qayıtdıqdan sonra müvəqqəti yaşamaq üçün icazəsi olsa da, o heç bir işdə işləməmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman şəxs tərcüməçi ilə təmin edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında iş üzrə icraat şəxsin prosessual hüquqları pozulmaqla aparılmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxsi tərəfindən barəsində tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, X7 Federasiyasının vətəndaşıdır. Belə ki, onun Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddəti xx.xx.2025-ci il tarixdə bitsə də həmin icazənin müddəti uzadılmadan əmək fəaliyyəti ilə məşğul olmuşdur. Şəxsin əmək müqaviləsi bildirişinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bu da onu göstərir ki, o, iş icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, şəxsin aktiv əmək müqaviləsi vardırsa onun Azərbaycan Respublikasında olubolmamasından asılı olmayaraq inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanın tərkibi yaranır. Bundan başqa bildirmişdir ki, şəxsin barəsində digər bir inzibati xəta haqqında iş də vardır və həmin iş üzrə yazılı izahat vermişdir. Lakin hazırki iş üzrə inzibati xəta haqqında protokol VMMS-dəki məlumatlar və şəxsin şifahi izahatı əsas götürülməklə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru X6 tərəfindən tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishin iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törtəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini vəzifəsini müvəqqəti icra edən X1 10 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşin materiallarında olan Rusiya Federasiya tərəfindən verilmiş RUS 75 ******* seriya nömrəli pasportun surətindən görünür ki, X7 Federasiyasının vətəndaşıdır. İşin materiallarında olan Dövlət Miqrasiya Xidmətinin 10 sentyabr 2025-ci il tarixli, 1875847/M saylı "Əcəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında” qərarın surətindən görünür ki, Aleksei Trishinin Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin 10 sentyabr 2025-ci il tarixli və ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilməsi, Aleksei Trishin tərəfindən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənildikdə onun ölkəyə gəlişinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini, qərardan şikayət vermiş şəxs Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin vəkili və eyni zamanda etibarnamə üzrə nümayənədəsi “Leqal Servis” Vəkil Bürosunun vəkili Nümayəndə1, qərarı barəsində şikayət verilmiş inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunusuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə gəldiyi qənaətini onunla əsaslandırır ki, ilk növbədə inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xəta hadisəsini ehtiva edən maddənin dispozisiyasından görünür ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə inzibati məsuliyyətə cəlb edilirlər. Göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması faktı mövcud olmalıdır. Halbuki məhkəmə iclasında təqdim edilmiş sübutlardan, eləcə də tərəflərin izahatlarından müəyyən edilmişdir ki, şəxsin Azərbaycan Respublikası ərazisində aktiv əmək müqaviləsi mövcud olsa da, iş icazəsinin müddətinin bitdiyi vaxt aralığında o, ölkə ərazində olmamışdır. Şəxs Azərbaycan Respublikası ərazisinə növbəti dəfə qayıtdığı zaman isə artıq onun əmək müqaviləsinə xitam verilmişdir. Onun həmin vaxt Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol VMMS-dəki məlumatlar və şəxsin şifahi izahatı rəhbər götürülməklə formal əsaslar üzrə tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokolda qeyd edilən inzibati xətanı törətməsinə dair hər hansı tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bundan başqa məhkəmə iclasında müəyyə olundu ki, Aleksei Trishin inzibati xəta haqqında işin baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə dəvət olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xarici vətəndaş olması və Azərbaycan dilində nə danışa, nə də yazıb-oxuya bilməsi nəzərə alınmayaraq tərcüməçinin və ya müdafiəçinin xidmətlərindən istifadə etmək hüququ təmin edilməmişdir. Bu da o, nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılarkən barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi iştirak edə bilər. Məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1 -ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 128-130, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Rusiya Federasiyasının vətəndaşı Aleksei Trishinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli vəzifəli şəxsinin 10 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6581/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6581/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver