Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-659/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə inspektoru X3, barəsində inzibati iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 23 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X1 məxsus velosipedi həmin binanın 9-cu mərtəbəsinin ümumi dəhlizində sahibsiz olmasından istifadə edərək gizli yolla talayaraq, zərərçəkmiş şəxs X1 maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. M.M.Muradov tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X6 protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X4 25 dekabr 2023cü il tarixdə DİN-nin 102 ZM-Xidmətinə və Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı binanın 9-cu mərtəbəsində yerləşən ümumi dəhlizə qoyduğu velosipedi naməlum şəxs tərəfindən oğurlanmışdır. Araşdırma zamanı ərazidə quraşdırılmış videogörüntülər əsasında oğurluq faktının xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Bundan başqa Murad Muradovun Bakı şəhərində daimi yaşayış yerinin olmaması müəyyən edilmişdir. Faktla bağlı şöbənin təhqiqat bölməsində aparılan araşdırma zamanı oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən təhqiqatçı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra o, inzibati qaydada tutularaq barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilib baxılması üçün dərhal məhkəməyə təqdim edilmişdir. Beləliklə, X6 protokolu müdafiə edərək Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, maddi imkanı yaxşı deyil və daimi yaşayış ünvanı yoxdur. Törətdiyi əməlindən səmimi peşmandır və bu hal nəzərə alınaraq məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallar əsasında Şəxs bildirmişdir ki, anası ilə birgə yaşayır. Narkotik vasitə audəçidir. Oğurladığı velosipedi tanımadığı şəxsə 50 manata satmışdır. Hazırda maddi imkanı olmadığından vurulmuş zərərə ödəyə bilmir. Bundan əlavə o, verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı X6 tərəfindən tərtib edilmiş 04 yanvar 2024-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında ümumi dəhlizdə saxlanılan X1 məxsus 500 (beş yüz) manat dəyərində olan velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. İş materiallarında olan 04 yanvar 2024-cü il tarixli qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X4 xx.xx.2023-cü il tarixdə həm AR DİN-nin 102 ZM-Xidmətinə, həm də Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək təxminən 6 ay əvvəl oğluna velosiped aldığını, lakin yer olmadığı üçün yaşadığı ünvanın 9-cu mərtəbəsində binanın ümumi dəhlizinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə ailəsi ilə birlikdə rayona getmiş, xx.xx.2023-cü il tarixdə gönorta saatlarında geri qayıtdıqda velosipedin dəhlizdə olmadığını, naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişlər. Dəhlizdə olan qonşunun müşahidə kamerasına nəzər yetirən zaman xx.xx.2023-cü il tarixdə saat 09:35də 20-25 yaşlarında kişi cinsli şəxsin velosipedi oğurlamasını aşkar etmişdir. Faktla bağlı aparılan araşdırma nəticəsində qeyd olunan oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş, lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş CD diskdə hadisənin videogörüntüləri məhkəmə iclasında tədqiq edilərkən Şəxs Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən binanın 9-cu mərtəbəsində ümumi dəhlizdə olan velosipedi gizli olaraq götürüb oradan uzaqlaşması müşahidə edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs görüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Şəxs 21 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən binanın 9-cu mərtəbəsində ümumi dəhlizdə olan velosipedi sahibsiz olmasından istifadə edərək gizli yolla talayaraq, zərərçəkmiş şəxs X5 maddi ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında, o cümlədən özünün səmimi etirafı ilə tam sübuta yetirildiyindən, o, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri təyin edilməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminə baxış keçirilərkən müəyyən edildi ki, Şəxs barəsində 7 dəfə aidiyyəti rayon məhkəmələrinin müvafiq qərarları ilə Azərbaycan Republikası İXM-nin 206, 227, 510, 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə isə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməməsinin 3(006)-6616/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, həmin vaxtdan bir il müddət keçməmişdir. Odur ki, İXM-nin 33.1.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdırıcı hal kmi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 yanvar 2024-cü il tarixdən, saat 15:40-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 28 yanvar 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-659/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-659/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver